Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2010/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyinə görə, ona və ailə üzvlərinə dəymiş maddi zərərin əvəzi olaraq 78.678 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədov X2 Rafiq Vaqif oğlunun və onun nümayəndəsi X7 şikayətinə əsasən iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilmişdir. İlk dəfə X3 şikayətinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 42.1.2ci maddəsi ilə bəraətverici əsaslarla xitam verilmişdir. İkinci dəfə X3 nümayəndəsi X7 şikayətinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində verilmiş bəraət hökmü qüvvədə saxlanılmışdır. X3 və nümayəndəsi X7 şikayətinə əsasən iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə ona, iki azyaşlı uşaqlarına və faktiki nikahda olduğu həyat yoldaşı X1 maddi zərər dəymişdir və bu ziyanın əvəzi ödənilməlidir. Cinayət məsuliyyətinə cəlb edildiyi üçün həm o, həm də ailə üzvləri aylarla ruhi-əsəb sarsıntısı və stress keçirmişlər. Həyat yoldaşı və uşaqları iddiaçının qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyinə görə gözü yaşlı qalmışlar, onların çəkdiyi əzablar iddiaçıya da çox pis təsir etmişdir, günlərlə yuxusuz qalmışdır, hətta düşdüyü depressiyaya görə işləyə bilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən hesab edir ki, onun iki dəfə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ödənilməli olan zərərin əvəzi müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 1) İlk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir, 1 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur; 2) İkinci dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin maddələr üzrə müvafiq olaraq 3 ilədək və 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yəni üst-üstə 8 ilədək həbs edilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Bu təhlükə real olmuşdur, o, polisdə saxlanılmışdır, azadlığı qanunsuz məhdudlaşdırılmışdır, faktiki olaraq məhkəmə hökmü olmadan həbsdə yatmışdır; 3) Ölkə üzrə 2021-ci il üzrə orta aylıq əmək haqqının 728 manat 50 qəpik olmasını nəzərə alaraq, onun həbs təhlükəsi yaşadığı müddətlərin yuxarı həddi nəzərə alınmaqla ödənilməli olan kompensasiya miqdarı hesablansa, bu, ədalətli olar və onun və ailə üzvlərinin qarşılaşdığı görülməmiş qanunsuzluqlar qarşısında çəkdiyi əzab-əziyyətin bir qədər xəfifləməsinə kömək edə bilər. İddiaçı ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 8.742 manat (12 ay azadlıqdan məhrum etmə təhlükəsi olmasına görə, aylıq 728 manat 50 qəpik, 12 aya vuraraq hesablanmışdır), ikinci dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 69.936 manat (verilmiş ittihamla cəmi 8 il azadlıqdan məhrum etmə nəzərdə tutulduğuna görə), ümumilikdə 78.678 manat ziyan dəymişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 16 avqust 2017-ci il tarixli 1(103)-1258/2017 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin İddiaçı haqqındakı 08 iyun 2017-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli 1(102)-1748/2017 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə məhkum olunmuş İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2017-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(103)-249/2018 nömrəli qərarlarından görünür ki: - İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli 1(003)-189/2017 saylı hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - zərərçəkmiş şəxs X3 məhkum İddiaçı qarşı verdiyi “maddi və mənəvi ziyana görə pulun tutulması, evdən çıxarılma” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək, həmin iddia ərizəsinin zərərçəkmiş şəxsə qaytarılması qərara alınmış, zərərçəkmiş şəxs X4 Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə birinci instansiya məhkəməsinə mülki iddia vermək hüququ izah olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(003)-1739/2018 nömrəli qərardadından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9, 11 saylı fərdi yaşayış evinin darvaza və qapılarına vurulmuş qıfılın sındırılmasının İddiaçı və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2(003)-1739/2018 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı, X5, qızları X6, oğlulları X8, onlara məxsus əşyaları və ev heyvanları ilə birlikdə X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, 11 (Ç.Mustafayev küçəsi, döngə 9, ev 19) saylı fərdi yaşayış evindən çıxarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 1(102)-895/2018 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı və bununla əlaqədar Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı barəsində cinayət təqibinə CPM-in 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsasla xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(103)-446/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli, 2(003)-1739/2018 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 2(102)-3781/2019 nömrəli qərarından görünür ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-446/2018 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)-6/2021 nömrəli hökmündən görünür ki, İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilməsi və onun Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqinin, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi və s. hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-798/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1740/2022 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1740/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4353/2022 saylı qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilərək, məbləğ 3.000 manat müəyyən edilmişdir. İş üzrə kassasiya şikayəti daxil olmamış və iş məhkəmənin arxivindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı barəsində hər hansı hökm və ya məhkəmə qərarı Bakı şəhər Probasiya İdarəsinə daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-798/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qərarı qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir və həmin qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilməmişdir. Çoxsaylı məktublardan, xəbərnamələrdən, poçt qəbzlərindən və s.-dən görünür ki, İddiaçı məhkəmə iclasları barədə bildirişlər göndərilmiş, onun özü tərəfindən isə müxtəlif orqanlara müraciətlər edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə barəsində 2017-2018-ci illər ərzində aparılan cinayət təqibinə onun əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsasla xitam verilmiş, bundan sonra – 2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilmişdir. İddiaçı qanunsuz cinayət təqibinə məruz qaldığına görə ona dəymiş mənəvi zərərin əvəzi kimi 3.000 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabına onun xeyrinə ödənilməsi barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı 2 dəfə qanunsuz olaraq cinayət təqibinə məruz qalması nəticəsində birinci dəfə ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əmələ dair 1 il, ikinci dəfə ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməllərə dair isə ümumilikdə 8 il müddətində azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulduğuna, onun real olaraq həmin müddətlər həddində azadlıqdan məhrum edilmə təhlükəsi olduğuna görə, göstərilən müddətlər üçün orta aylıq əmək haqqının – cəmi 78.678 manat məbləğində maddi zərərin dövlət büdcəsinin vəsaiti hesabına cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. İddiaçı, həmçinin, bütün bu müddətlər ərzində özü ilə yanaşı, ailə üzvlərinə də ziyan dəydiyini, məhkəmə çağırışları ilə əlaqədar tam gün işləyə bilmədiyini bildirir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı 2 dəfə qanunsuz olaraq cinayət təqibinə məruz qalması nəticəsində real olaraq 9 il ərzində azadlıqdan məhrum edilmə təhlükəsi olduğuna görə, ona həmin müddət üçün orta aylıq əmək haqqı – cəmi 78.678 manat məbləğində maddi zərər dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı həmin vaxt rəsmi iş yerinin və VÖEN-nin olmadığını, fərdi qaydada usta kimi fəaliyyət göstərdiyini bildirmiş, məhkəmələrə gediş-gəlişlə, həmçinin, ərizələr, şikayətlər və müxtəlif qurumlara müraciətlər yazdırmaqla əlaqədar da xərclər çəkdiyini, özünün və ailəsinin maddi zərər gördüyünü iddia etmiş, lakin onun tələb etdiyi kimi həmin vaxt orta aylıq əmək haqqı həddində qazanc əldə etməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı ona elan edilən ittihamlar üzrə ən ağır sanksiyaları toplayıb həmin müddət üçün maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, məhkəmə hesab edir ki, bu tələb ağlabatan olmamaqla yanaşı, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Əldən çıxmış fayda qismində zərər tələbində də şəxsin onu əldə etmək üçün əvvəlcədən gördüyü tədbirlər, bu məqsədlə hazırlıq işlərinin mövcud olub-olmaması, işlədiyi dövrdə real gəlirləri və s. nəzərə alınmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçının ailə üzvlərinə dəymiş maddi ziyanla bağlı tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, onun həmin tələbə həm də subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 3-cü maddəsində göstərilir ki, hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə görə, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsini əhatə edir. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2010/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2010/2024
03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver