Məhkəmə qərarları › İş №2(006)-2012/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2012/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2012/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) ərasında 31.10.2017-ci il tarixli, L-BK-0042312-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Borcun Maliyyələşdirilməsi” məqsədilə borcluya 36 ay müddətinə, aylıq 1.67 %, illik 20 % olmaqla 16000 (on altı min) AZN məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh3 və Cavabdeh2 ilə müvafiq olaraq BK-00011922, BK- 00021287 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən əsas məbləğ üzrə 5.572,80 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 5.357,98 manat və müqavilənin 4.3-cü bəndinə əsasən hesablanmış cərimə borcu üzrə 499,22 manat olmaqla, cəmi 11.430,00 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda Cavabdeh1 təşkilata ödənilməmiş 10.427,20 manat əsas məbləğ üzrə, 2.024,62 manat məbləğində faiz və 699,21 manat məbləğində cərimə borcu var. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2017-ci il tarixli, L-BK-0042312-F saylı Kredit Müqaviləsinin 6.7 maddəsində bu müqavilədən irəli gələn öhdəliklərin borclu tərəfindən yerinə yetirilməməsi nəticəsində məhkəməyə müraciət olunacağı təqdirdə cavabdehdən kreditora vurulmuş zərər (əldən çıxmış fayda) tələb olunması nəzərdə tutulmuşdur. Müqavilənin həmin maddəsinə əsasən zərər (əldən çıxmış fayda) ödənilməmiş əsas məbləğə hesablanmış 6 aylıq faizin məbləğinə bərabər olur. Hal-hazırda müqaviləyə əsasən hesablanmış zərər (əldən çıxmış fayda) 755,97 manat təşkil edir. Təşkilatla borclunun zamini arasında bağlanmış 31.10.2017-ci il tarixli, BK-00011922, BK-00021287 Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2 bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5 bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. Göstərilənlərə əsasən cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış 31.10.2017-ci il tsnx L-BK-0042312-F saylı Kredit müqaviləsi və BK-00011922, BK- 00021287 Zaminlik müqavilələrinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ödənilməmiş 10.427,20 manat əsas məbləğ üzrə borc, 2.024,62 manat faiz borcu , 699,21 manat cərimə borcu, 755,97 (manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 13.907,00 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nə verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31.10.2017-ci il tarixli, L-BK-0042312/F kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20% ödəmək şərtilə 16000 AZN məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli ilə Cavabdeh3 arasında bağlanmış 31.10.2017-ci il tarixli, BK-00011922 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında 31.10.2017-ci il tarixli, L-BK-0042312-F saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli ilə Cavabdeh2 arasında bağlanmış 31.10.2017-ci il tarixli, BK-00021287 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında 31.10.2017-ci il tarixli, L-BK-0042312-F saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01.12.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 31.10.2017-ci il tarixli, L-BK- 0042312-F kredit razılaşması üzrə 10427,20 AZN əsas, 2024,62 AZN faiz, 699,21 AZN cərimə borcu, 755,97 AZN müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla, cəmi 13907 AZN məbləğində borcu var. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli tərəfindən cavabdehlərə 11.09.2019-cu il tarixində ünvanlanmış bildirişlərin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borcluları öhdəliyin icra edilməsi üçün xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2292 saylı, 26 iyul 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları və 31 oktyabr 2017-ci il tarixli, L-BK-0042312-F №-li lredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə sualda soruşulan tarixlərə olan borcu: 10 noyabr 2020-ci il tarixinə (müqavilə müddətinin sonuna) olan əsas borc üzrə - 9753,56 AZN, faiz borcu üzrə - 1869,43 AZN; 26 iyul 2021-ci il tarixinə (rəyin tərtib edildiyi tarixə) olan əsas borc üzrə - 9753,56 AZN, faiz borcu üzrə - 1869,43 AZN, faiz borcu üzrə (illik 5%-lə) 346,79 AZN müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 AZN təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 31.10.2017-ci il tarixində 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 16000 AZN məbləğində kredit verilmiş, zaminlər Cavabdeh3, Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliyin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüşlər. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ümumilikdə 13907 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqavilələr üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehlərin 31.10.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 9753,56 AZN, faiz borcu (rəyin tərtib edildiyi tarixə) 1869,43 AZN təşkil edir. İrəli sürülmüş tələb üzrə isə 31.10.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 10427,20 AZN, faiz borcu kimi 2024,62 AZN məbləğində pul tələb olunur. Belə olan halda məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, cavabdehlərdən müştərək qaydada 9753,56 AZN əsas və 1869,43 AZN məbləğində faiz borc tutulmalıdır. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək 31.10.2017-ci il tarixli kredit müqaviləsi üzrə cərimə borcu 200 AZN (iki yüz manat) məbləğində müəyyən edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən dünyada baş vermiş iqtisadi böhranı, həmçinin cavabdehlərin maliyyə vəziyyətini nəzərə alır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 755,97 AZN pulun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki hüquq baxımından ziyan şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı prinsipinin pozulması nəticəsində onların sabitliyini pozur, bütövlüklərnə xələl gətirir, öz təyinatları üzrə yararlılıqlarına maneçilik yaradır, iqtisadisosial və mənəvi dəyərlərini azaldır. Buna görə də mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Yuxarıda göstərildiyi kimi, ziyan naturada bərap edilə bilər, ya da pulla əvəz edilə bilər. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsinə əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 755,97 AZN maddi ziyan vurulması ilə bağlı hər hansı mötəbər sübut (qeyd olunan məbləğin bankın son vəsaiti olması, olduğu və ya olmadığı təqdirdə həmin vəsaitin kiməsə verilməsinin sırf həmin səbəbdən asılı olaraq verilə bilməməsi barədə) təqdim olunmadığından, həmin hissədə tələb əsassızdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Eyni zamanda Məhkəmə hesab edir ki, iddiaçı tərəf daha böyük məbləğ irəli sürə bilmədiyindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz hesabı ilə cavabdehlərdən məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən 346,79 AZN məbləğində pul tutulmalıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 31.10.2017-ci il tarixli, L-BK-0042312-F saylı kredit müqaviləsi üzrə 9753,56 AZN (doqquz min yeddi yüz əlli üç manat, əlli altı qəpik) əsas borc, 1869,43 AZN (bir min səkkiz yüz altmış doqquz manat, qırx üç qəpik) faiz borcu, 200 AZN (iki yüz manat) cərimə və 346,79 AZN (üç yüz qırx altı manat, yetmiş doqquz qəpik) kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 12169,78 AZN (on iki min bir yüz altmış doqquz manat, yetmiş səkkiz qəpik), habelə 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12199,78 AZN (on iki min bir yüz doxsan doqquz manat, yetmiş səkkiz qəpik) məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 31.10.2017ci il tarixli, L-BK-0042312-F saylı kredit müqaviləsi üzrə 9753,56 AZN (doqquz min yeddi yüz əlli üç manat, əlli altı qəpik) əsas borc, 1869,43 AZN (bir min səkkiz yüz altmış doqquz manat, qırx üç qəpik) faiz borcu, 200 AZN (iki yüz manat) cərimə və 346,79 AZN (üç yüz qırx altı manat, yetmiş doqquz qəpik) kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 12169,78 AZN (on iki min bir yüz altmış doqquz manat, yetmiş səkkiz qəpik), habelə 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12199,78 AZN (on iki min yüz doxsan doqquz manat, yetmiş səkkiz qəpik) məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN (əlli manat) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar