Məhkəmə qərarları › İş №2(006)-2014/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2014/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2014/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ayrılmış «Birbank» taksit kredit kartından 11 iyul 2024-cü il tarixdən etibarən istifadə etmədiyinə görə əsassız hesablanmış faizlə birlikdə 120 manat məbləğində borcun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2024-ci ilin yanvar ayında kreditlə bağlı Cavabdeh X1 müraciət etmişdir. Cəmiyyət tərəfindən müraciətinə əsasən 3.000 manat məbləğində limitli Birbank taksit kredit kartı verməklə xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun şəkildə taksit kredit kartından istifadə etdiyi borcu vaxtı-vaxtında ödəniş etmişdir. Bir müddət sonra əlavə pul vəsaitinə ehtiyacı olmuş və yenidən kreditin verilməsi ilə əlaqədar cavabdeh olan Banka müraciət etmişdir. Müştəri xidmətləri şöbəsindən bildirilmişdir ki, «sizin mövcud kredit borcu (Yelobank daxil olmaqla) və əmək haqqının az olduğu üçün əlavə kreditin ayrılması mümkün deyil və o, halda təkrar kreditin verilməsi əvvəlki kredit borcları bağlanıldıqda bu baş tuta bilər». Təklif olunan şərtlərlə razılaşdıqdan sonra Gənclik Mall ticarət mərkəzində yerləşən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Gənclik mall filialına 08 iyul 2024-cü il tarixdə müraciət etmişdir. Müraciətə əsasən ona bankın taksit kartına və Yelobanka olan (təxminən ümumilikdə 4.400 manata yaxın) borcunun bağlanılmasına köməkilik edilmişdir. Borcların bağlanılması ödəniş qəbzi və Yelobankın verdiyi arayışla öz təsdiqini tapmışdır. Qeyd olunan borclar tam şəkildə ödənilməsi cavabdeh bankın Gənclik Mall filialında tərəflər arasında bağlanmış 11 iyul 2024-cü il tarixli yeni kredit müqaviləsi əsasında olmuşdur. Həmin müqaviləyə əsasən bank tərəfindən ayrılmış 7.700 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinə və ödəniş qrafıkinə əsasən 35 ay müddətinə hər ay 286,98 manat məbləğin ödənilməsi müəyyən edilmişdir. Təyin edilmiş kredit vəsaitindən borclara ödənilmiş hissədən (bank komissiyası və digər xidmətlər də daxil olmaqla) 3.470 manat qalmışdır. Kredit ödənişini qrafikə uyğun vaxtı-vaxtında icra etməsinə baxmayaraq 2025-ci ilin yanvar ayının ilk günlərində Bank əməkdaşları tərəfindən zəng edilərək əvvəlki Birbank taksit kartına 69,16 manat əsas borcun, 50 manat isə faizin olduğu bildirilmişdir. Bu məsələ ilə bağlı banka yaxınlaşmış, ona taksit kredit kartında borcun tam bağlanmadığı və qalan borcun ödənilməsi izah edilmişdir. Lakin onlara etiraz edərək borcunun olmadığını, təxminən yeddi ay bundan əvvəl hər iki banka olan borcunun tam şəkildə bağlanıldığını və yeni kredit xəttinin ayrıldığını bildirsə də, bank əməkdaşları buna baxmayaraq əsassız formada əmək haqqı kartından yanvar ayı tarixdə cəmi 120 manat məbləğində mövcud borcun tutulmasını icra edəcəklərini bildirmişlər. Sonradan təkrar olaraq yenidən yanvar ayının 15-də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 196 qaynar xətti ilə əlaqə saxlayaraq əmək haqqından tutulacaq vəsait barədə kifayət qədər məlumatlarla fikirlərini ətraflı və tam dolğun şəkildə ifadə edərək müraciətinə cavab tələb etmişdir. Cavabdeh tərəfindən sorğuya cavab olaraq 17 yanvar 2025-ci il tarixdə eyni məzmunda rəsmi cavab verilərək kredit kart limitində 100 manat qalıq borc saxlanılmaqla və 100 manat limitin təyin edildiyi qeyd edilmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, 11 iyul 2024-cü il tarixdə kredit müqaviləsi əsasında ayrılmış kredit əvvəlki borclar baglanıldıqdan sonra mümkün olmuşdur, burdan belə başa düşülür ki, borc olmaya-olmaya cavabdeh tərəfindən taksit kartından istifadə etmədiyi və ayrılmış limit kreditə görə əsassız hesablanmış faizlə birlikdə borc yaranmışdır. Əgər bu borc onun tərəfindən istifadə edilmişdirsə və qalıq borc kimi yeni kredit götürüldüyü zaman silinməmişdirsə zamanında izah edilməli və əlavə faiz borcu da olmamalı idi. Odur ki, kredit verilən tarixdən bu günə kimi Birbank taksit kartının ləğv olunduğunu bilmiş və kartın mövcudluğu barədə heç bir məlumatı olmamışdır. Əgər xəbəri olsaydı həm ödənişi vaxtında edərdi və faiz borcunun da yaranmasının qarşısını vaxtında alardı, nəticədə problemin həll olunmasına nail olardı. Bank tərəfindən 7 ay keçdikdən sonra məlumat verilmişdir. Bu isə o deməkdir ki, bank faiz borclarının yaranmasına şərait yaradır və vətəndaşların cibinə girərək əsassız varlanır. Bir məsələni də nəzərə çatdırır ki, bir neçə ay keçdikdən sonra (kredit götürdüyü vaxtdan) Birbank taksit kartı əldə etmək üçün bir neçə dəfə Kapital bankın çağrı mərkəzinə və 8-ci mkr adlanan ünvanda yerləşən Şuşa filialına da müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, bank qarşısında öhdəlikləri olduğu üçün ona Birbank kartının verilməsi mümkün deyil. Burdan belə başa düşülür ki, onun Birbank kartının olduğundan xəbəri olmaya-olmaya bank da bunu inkar edir ki, faiz borcu yığılsın. Bank necə xidmət edir ki, sistemdə adına taksit kartının olduğunu görmür və ona yenidən kartın verilməsindən imtina edir. Sonra yeddi ay keçdikdən sonra borcun olduğunu bildirir və əmək haqqı kart hesabından əsassız şəkildə az məbləğlərlə süni formada yaratdıqları borcun silinməsini icra edirlər. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırr ki, iddia məbləği üzrə nəzərdə tutulan 30 manat dövlət rüsumu da ödəmişdir. Cavabdeh tərəfindən hal-hazırda iddia üzrə əsassız hesablanmış faizlə birlikdə silinməsini tələb etdiyi məbləğ 120 manat təşkil edir. Bu məbləğ Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən taksit kartından istifadə etmədiyi kreditə görə əsassız hesablanmış faizlə birlikdə borcdan qalmış və hesabından tutulacaq 120 manat məbləğ və məhkəməyə müraciət edərkən ödədiyi 30 manat dövlət rüsumu olmaqla yaranmışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Qanununa və Mülki Məcəllənin tələblərinə əsasən və müqavilələr üzrə ayrılmış kredit xəttindən istifadə edilmiş kredit borcunun tam ödənilməsini nəzərə alaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış faiz borcu ilə birlikdə əmək haqqı hesabından tutulacaq 120 manat pul vəsaiti silinməlidir. Bu o deməkdir ki, cəmiyyət tərəfindən əsası olmayan kreditə görə əlavə və ona hesablanmış faiz borcu silinməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz göndərmiş və qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında BRCB7635883B116 nömrəli Birbank cashback kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 3.800 manat müəyyən edilmişdir. Kredit xəttindən son istifadə tarixi xx.xx.2027-ci il tarixi olaraq razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli müqavilənin 7.1.4-cü bəndinə əsasən kredit xətti üzrə kreditlərin verilməsini dayandırmaq, habelə kredit xətti üzrə ayrılmış məbləği bu müqavilədə nəzərdə tutulmuş qaydada azaltmaq, artırmaq və yaxud bloklaşdırmaq, habelə birtərəfli qaydada hesab, kart və kredit xətti üzrə tarif və şərtləri dəyişdirmək bankın hüququ kimi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanan RFGT8658666B142 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı adına 48 ay müddətinə, aylıq 20,9% olmaqla 7.770 manat kredit rəsmiləşdirilmiş, ilk tranş 4.312 manat, ikinci tranş 3.458 manat məbləğdə müəyyənləşdirilmişdir. xx.xx.2025-ci il tarixli çıxarışa əsasən xx.xx.2024-cü il tarixli müqavilə üzrə İddiaçı 4,79 manat faiz olmaqla 89,67 manat borcu olmuşdur. Bundan başqa iddiaçı iddia ərizəsində və məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixli müqavilə rəsmiləşərkən onun xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin ləğv olunacağı bildirilmişdir. Lakin məhkəməyə təqdim olunan səs yazısından qeyd olunan hal müəyyən olunmamışdır. Həmçinin fərz olunsa ki, iddiaçı haqlıdır və ona xx.xx.2024-cü il tarixli kredit müqaviləsi rəsmiləşərkən xx.xx.2024-cü il tarixli müqaviləsinə xitam veriləcəkdi. Bu zaman o, kassadan pulu təhvil alan zaman da ona «artıq» məbləğin verildiyini bildirməli idi. Lakin iddiaçının bu halı bildirməməsi də, bir daha sübut edir ki, tərəflər arasında bağlanan bütün müqavilələr onların iradə ifadəsinə uyğun olaraq icra olunmuş, İddiaçı da 03 may 2024-cü il tarixli müqavilə üzrə borc limitinin qalmasından məlumatlı idi. Hazırda onun mübahisələndirdiyi borc kredit xətti üzrə qalmış borcudur, yəni iddiaçı həm xx.xx.2024-cü il tarixdə (7.770 manat kreditin verilməsinə dair müqavilə bağlanan zaman), həm də günü bu gün də qalıq məbləği ödəyərsə onun müqaviləsinə xitam verilə bilər. Qeyd olunan bu hallar Birbank mobil tətbiqində də öz əksini tapmışdır. Nəzərə alınsa ki, iddiaçı birbank mobil tətbiqindən istifadə edir, 2024-cü ilin iyul ayından (özü mübahisələndirdiyi tarixdən) aktiv borcunun olmasından tətbiq vasitəsilə məlumatlı idi. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclası zamanı məhkəməyə «Elektron məhkəmə» sistemi vasitəsi ilə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.3-ci maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin məcəllənin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (cavabdehin təqsirli hərəkət, yaxud hərəkətsizliyi səbəbindən ona əsassız borc yazılması) dair mötəbər sübutlar təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş sübutların məcmusundan göründüyü kimi, yuxarıda qeyd edilən borc bankla iddiaçı arasında olan müqavilə münasibətləri üzrə yaranmış, bank müqavilə şərtlərinə uyğun olaraq borc məbləğini iddiaçıdan tutmuşdur. İddiaçı bununla bağlı cavabdehə rəsmi şəkildə müraciət etmiş, Cavabdeh ASC tərəfindən iddiaçının müraciətinə ətraflı cavab verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar