Məhkəmə qərarları › İş №2(006)-2015/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2015/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2015/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, X7 Səbuhi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın yenidən hesablanması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın yenidən hesablanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun Quba rayonu Tüləkəran kəndində yerləşən, torpaq sürüşməsi nəticəsində yararsız hala düşmüş evinə dəymiş faktiki ziyanın (müstəqil ekspertiza təyin edib) müəyyən edilərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu Yuxarı Tüləkəran kəndi ərazisində 97 m2 ümümi sahəsi olan fərdi yaşayış evi onun və ailəsinin yaşadığı ünvan və yaşayış yeridir. Həmin ev "xxxx" ASC-də sığortalanmışdır. Evin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş vermiş və sürüşmə nəticəsində yaşadıqları ev tam yararsız hala düşmüşdür. Həmin evdə yaşamaq təhlükəli olmaqla ev hər an sürüşmənin təsiri nəticəsində qəzaya uğraya bilər. Evdə yaşamaq olduqca təhlükəlidir. Onlar sürüşmə baş verən kimi dərhal evlərini sığortalayan şirkət olan "xxxx" ASC-yə müraciət edib, evlərinə külli miqdarda ziyan dəydiyini bildirmişdir. Onun müraciətindən sonra cavabdeh təşkilat öz nümayəndəsini hadisə yerinə göndərmişdir. Nümayəndə hadisə yerinə baxış keçirib hadisəyə dair ilkin akt tərtib etmiş və uzun müddət keçdikdən sonra 28 oktyabr 2024-cü il tarixdə cavabdeh təşkilat ona məktubla ərazidə sürüşmə deyil, çökmə prosesinin baş verdiyini, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində daşınmaz əmlakın icbari sığortası sığorta hadisəsinə səbəb ola biləcək halların sadalandığını, lakin çökmə prosesinin həmin hallara aid edilmədiyini, bu səbəbdən çökmə nəticəsində əmlaka dəyən zərərlərin sığorta təminatı ilə əhatə olunmadığını və sığorta hadisəsi hesab edilmədiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisəni sığorta hadisəsi hesab edilməsi halında sığorta ödənişinin verilməsinə imtina edildiyini bildirib ona sığorta nəticəsində dəymiş real ziyanın ödənilməsindən imtina edilmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilmasi üçün məhkəməyə müraciət etməli olmuşdur. O, "xxxx" ASC-nin imtinası ilə razı deyil. Belə ki, iddia ərizəsinə əlavə etdiyi hadisə yerindən çəkilmiş fotoşəkillərdən aşkar olur ki, hadisə nəticəsində çökmə deyil, məhz sürüşmə baş vermişdir. Lakin cavabdeh təşkilat əsassız onun iştirakı olmadan hadisə yerinə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 rəyinə əsaslanıb ona sığorta ödənişi etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilat iddia ərizəsində istinad etdiyi qanunun tələblərini pozaraq əsassız olaraq ona sığorta ödənişi ödəməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəməyə xx.xx.2025-ci il tarixdə iki mülahizə təqdim etmişdir. Həmin mülahizələrdə qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti- texniki ekspertizası təyin edilmişdir. "xxxx" ASC olaraq bu ekspertizanın təyin olunmasına etiraz etmişlər. Bu qərardada cavab olaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən 05 avqust 2025-ci il tarixli 10/3825 nömrəli ekspert rəyi daxil olmuşdur. Ekspert rəyi ilə tanış olmuşlar. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Quba rayonu, Yuxarı Tüləkəran kəndində yerləşən mənzilə ziyan dəymişdirmi? Həmin mənzilə zərər dəymişdirsə, bu zərərin aradan qaldırılması üçün hansı məbləğdə təmir-tikinti işləri aparılmalıdır? Bu suallar üzrə ekspert rəydə qeyd olunan nəticəyə gəlmişdir. Bildirmək istəyir ki, ekspert qarşısında «Quba rayonu, Yuxarı Tüləkəran kəndində yerləşən mənzilə ziyan dəymişdirmi?» məzmununda sualın qoyulmasının məqsədi cavabdeh tərəfə aydın deyildir. Çünki mübahisənin predmetini yaşayış evində ziyanın mövcud olub-olmaması deyil, ziyanın səbəbi təşkil edir. İddiaçı yaşayış evinə xx.xx.2024-cü il tarixli sürüşmə nəticəsində zərər dəydiyini iddia edir, cavabdeh isə bu sahədə ixtisaslaşmış səlahiyyətli dövlət orqanının arayışına istinad edərək bunu inkar edir. Ümumiyyətlə, ziyanın səbəbi ilə bağlı da hər hansı əlavə araşdırma aparılmasına zərurət görmürlər. Çünki, qeyd etdiyi kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 ərazidə tədricən çökmə prosesinin baş verdiyi və bunun davamı olaraq çatların yarandığı qənaətinə gəlmişdir. Yəni səlahiyyətli dövlət orqanının ziyanın səbəbi barədə rəsmi mövqeyi mövcuddur. Nəticə etibarı ilə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində sığorta hadisəsinə səbəb ola biləcək halların sadalandığını və çökmə prosesinin həmin hallara daxil olmadığını nəzərə alaraq, mövcud sənədlərlə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddiası rədd olunmalıdır. İddia ərizəsinə münasibətdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış RPA********** nömrəli sığorta şəhadətnaməsinə əsasən Quba rayonu, Aşağı Tüləkəran kəndində yerləşən yaşayış evi «Daşınmaz əmlakın İcbari Sığortası» üzrə sığortalanmışdır. xx.xx.2024-cü il tarixində Nümayəndə Cəmiyyətə müraciət edərək yaşayış evinə zərər dəydiyini bildirmişdir. Müraciət dərhal qeydiyyata alınmış və sığorta araşdırmasına başlanılmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən hadisənin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Vətəndaşın iddia etdiyi hadisə barədə zamanlı məlumat verməməsinə baxmayaraq (3 ay sonra məlumat vermişdir), sığortaçı olaraq vətəndaşa bütün zəruri dəstək göstərilmişdir. Sığorta araşdırması çərçivəsində yaşayış evində yaşayan Nümayəndə ərizə və yazılı izahat alınmışdır. Vətəndaşın verdiyi məlumata əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş sürüşmə nəticəsində yaşayış evinə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 924.2-ci maddəsinin tələbini və vətəndaşın verdiyi bu məlumatı nəzərə alaraq, aidiyyəti üzrə səlahiyyətli dövlət orqanına – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 xx.xx.2024-cü il tarixli 5843/C-********** nömrəli sorğu məktubu ünvanlanmışdır. Sorğuya cavab olaraq X2 təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-14-18/2-203/2024 nömrəli məktuba əlavə olunan arayışa əsasən məlum olmuşdur ki, Agentliyin mütəxəssisi tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirilmişdir: «Vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, 2024-cü ilin may-iyun aylarında atmosfer çöküntülərinin təsiri nəticəsində fərdi tikilinin yerləşdiyi ərazidə yamac istiqamətində torpaq qatında müxtəlif ölçülü çatlar və çökmə prosesinin baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatlar, künc hissələrdə aralanmalar və deformasiya qeydə alınmışdır.» Nəticə etibarı ilə vətəndaşın xx.xx.2024-cü il tarixli sürüşmə hadisəsi iddiası öz təsdiqini tapmamışdır. Əksinə, səlahiyyətli dövlət orqanı tədricən çökmə prosesinin baş verdiyi və bunun davamı olaraq çatların yarandığı qənaətinə gəlmişdir. Məlumdur ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində sığorta hadisəsinə səbəb ola biləcək hallar sadalanmışdır, çökmə prosesi isə həmin siyahıda mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Vətəndaşın iddia etdiyi hadisənin (xx.xx.2024-cü il tarixli sürüşmənin) baş verməsi öz təsdiqini tapmadığına görə və ümumiyyətlə, səlahiyyətli dövlət orqanı (X5) tərəfindən çatların yaranma səbəbi kimi çökmə prosesi (sığorta təminatına daxil deyil) müəyyən edildiyinə görə İddiaçı xx.xx.2024-cü il tarixli 8325/C nömrəli sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş göndərilmişdir. Göründüyü kimi, "xxxx" ASC qanunvericilik və müqavilə üzrə bütün vəzifə və öhdəliklərini düzgün və tam icra etmiş, sığorta ödənişinin verilməsindən imtina etməyə isə haqlı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı bu əsassız iddiasının tamamilə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəməyə 16 dekabr 2025-ci il tarixdə ərizə göndərərək, mülki işə baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Quba rayonu Tüləkəran kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 372 saylı arayışından görünür ki, İddiaçı Yuxarı Tüləkəran kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır. - 16.09.2023-cü il tarixli RPA********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı Quba rayonu Aşağı Tüləkəran kəndində yerləşən evi "xxxx" ASC-də sığorta edilmişdir. Cavabdehə 30 manat sığorta haqqı ödənilmiş, sığorta məbləği 15.000 manat, azadolma məbləği (franşiza) 150 manat müəyyən edilmişdir. - Nümayəndə "xxxx" ASC-yə yazdığı xx.xx.2024-cü il tarixli ərizədən və izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə baş verən sürüşmə nəticəsində Quba rayonu Aşağı Tüləkəran kəndində yerləşən yaşayış evinə ziyan dəydiyini bildirmiş, bununla bağlı ətraflı izahat vermişdir. - Fotoşəkillərdən görünür ki, sığorta edilmiş ev yararsız hala düşmüşdür. Divarlarda təhlükəli çatlar müşahidə olunur. - Daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair aktdan (xx.xx.2024-cü il tarixli) görünür ki, məsul şəxs tərəfindən Quba rayonu Aşağı Tüləkəran kəndində yerləşən yaşayış evinə baxış keçirilmiş, baxışın nəticələrinə dair akt tərtib olunmuşdur. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 xx.xx.2024cü il tarixli 3-14-18/2-203/2024 saylı məktubu ilə təqdim olunmuş, Quba rayonu Aşağı Tüləkəran kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında arayışda qeyd olunmuşdur ki, X3 "xxxx" ASC tərəfindən daxil olmuş 05 avqust 2024-cü il tarixli, 5843/C-********** nömrəli məktuba əsasən Agentliyin mütəxəssisi Xətai Mirzəyev 18 sentyabr 2024-cü il tarixdə Quba rayonu, Aşağı Tüləkəran kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Tektonik cəhətcə Təngi-Beşbarmaq antiklinoriumu ilə Şahdağ-Xızı sinklinoriumunun hüdudlarında yerləşən ərazinin geoloji quruluşunda Alt Təbaşirin Alp mərtəbəsinin (K1al) mergelləri, argillitləri, gilləri, bəzi yerlərde qumdaşları, qravelitləri, tufqumdaşları və tufkonqlomeratları iştirak edirlər. Bu süxur kompleksi kəndin əksər sahələrində Holosen yaşlı (edQ4Yhz) elüvial-delüvial mənşəli sarımtıl- boz rəngli gilcələrlə örtülmüşdür. Aşağı Tüləkəran kəndi rayon mərkəzindən 16-17 km cənub-şərqdə, mütləq yüksəkliyi 850-900 m olan ərazidə yerləşir. İddiaçı məxsus fərdi yaşayış sahəsi (41°16'30.47", 48°25'51.35" koordinatlarında) mailliyi 20-22° olan yamacda yerləşir. Baxış keçirilən ərazinin geomorfoloji, hidrogeoloji və geoloji-litoloji şəraiti burada ekzogen geoloji prosesin yaranmasına zəmin yaratmışdır. Vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, 2024cü ilin may-iyun aylarında atmosfer çöküntülərinin təsiri nəticəsində fərdi tikilinin yerləşdiyi ərazidə yamac istiqamətində torpaq qatında müxtəlif ölçülü çatlar və çökmə prosesi baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatlar, künc hissələrdə aralanmalar və deformasiya prosesi qeydə alınmışdır. 05 may 2024-cü il tarixdə sözügedən ünvanda ekzogen geoloji proseslər nəticəsində çatların yaranması ilə əlaqədar sorğuya cavab olaraq bildirilmişdir ki, X3 vətəndaşlar tərəfindən ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin eraziyə mühəndisi-geoloji baxış keçirilir. X3 Quba rayonu, Aşağı Tüləkəran kənd sakini İddiaçı məxsus ünvandan 05 may 2024-cü il tarixdə ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olmamışdır. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 8325/C saylı məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək, "xxxx" ASC-də RPA********** saylı «Daşınmaz Əmlakın İcbari Sığortası» üzra sığortalanmış Quba rayonu Yuxarı Tüləkəran kəndində yerləşən yaşayış evinə zərər dəydiyini bildirmişdir. Cəmiyyətə məlumat daxil olan kimi dərhal ASC tərəfindən sığorta araşdırmasına başlanılmış, ASCnin əmakdaşı hadisə yerinə getmiş, foto çəkilişlər etmiş və hadisəyə dair ilkin akt tərtib etmişdir. Sığorta araşdırması ilə bağlı ASC tərəfindən aidiyyəti orqana müvafiq sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 sorğuya cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-14-18/2-203/2024 saylı məktubunda ərazidə çökmə prosesinin baş verdiyi göstərilmişdir. Məlumat üçün nəzərə çatdırılmışdır ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsinə səbəb ola biləcək hallar sadalanmışdır. Lakin çökmə prosesi həmin hallara aid edilməmişdir. Bu səbəbdən də, çökma nəticəsində əmlaka dəyən zərərlər sığorta təminatı ilə əhatə olunmur və sığorta hadisəsi hesab edilmir. Mülki Məcəllənin 922.1-ci, 935.1.8-ci maddələrinə, «İcbari sığortalar haqqında» Azarbaycan Respublikası Qanununa istinad edən cavabdeh xx.xx.2024-cü il tarixli müraciət üzrə "xxxx" ASC-nin məsuliyyətinin yaranmadığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2025-ci il tarixli 10/3825 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Quba rayonu Yuxarı Tüləkəran kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evi üzrə sahələri 50,4 m2 (9,0x5,6 m), 15,1 m2 (2,7x5,6 m) və 10,0 m2 (4,0x2,5 m) olan tikililərin kostruktiv elementləri üzrə, yəni divarlarında iri həcmli çatların olduğu, divarlarla tavanın birləşmə hissələrinin bir-birindən aralandığı, döşəmə ilə divarların birləşmə hissələrinin bir-birindən aralandığı, evin xarici divarlarında iri həcmli üfüqi və şaquli çatların olduğu müəyyən edilmişdir (tədqiqat hissədə fotocədvəldə ətraflı göstərilmişdir) (1-ci sual üzrə). Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir (2-ci sual üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli ƏEM/N48-789/25 saylı ekspert rəyindən görünür ki, Quba rayonu Yuxarı Tüləkəran kəndində yerləşən evə dəyən zərərin aradan qaldırılması üçün ümumilikdə inşasına çəkilmiş xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 43.523 manat təşkil edir. 400 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. - 09.01.2025-ci il tarixli 15824 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Quba rayonu Yuxarı Tüləkəran kəndi ərazisində 97 m2 ümümi sahəsi olan fərdi yaşayış evinin icbari sığortası ilə əlaqədar olaraq sığorta müqaviləsi bağlanmış və iddiaçının adına sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində sığorta predmeti olan fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş vermiş və əmlaka maddi ziyan dəymişdir. İddiaçı tərəf bununla bağlı cavabdeh sığorta şirkətinə müraciət edərək, dəymiş zərərin sığorta müqaviləsinin şərtləri çərçivəsində ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş, imtinaya əsas kimi ərazidə torpaq sürüşməsi deyil, çökmə prosesinin baş verməsi, çökmənin isə sığorta müqaviləsinin predmeti olmadığı göstərilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmadığı üçün iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. - 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əsaslarından biridir. - 21.1-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. - 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. «İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 8.1-ci maddəyə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. - 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. - 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. - 18.1-ci maddəsinə əsasən bu qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7- ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (əmlaka sürüşmə nəticəsində zərər dəyməsi) baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur Belə ki, cavabdehin imtinaya əsas kimi istinad etdiyi X2 təqdim etdiyi xx.xx.2024cü il tarixli 3-14-18/2- 203/2024 nömrəli məktuba əlavə olunan aarayış ərazinin mühəndis- geoloji şəraiti haqqında olmaqla, prosesin baş verməsi təsvir edilsə də, hadisənin torpaq sürüşməsi olmaması kimi də qiymətləndirilə bilməz. Məhkəmə vurğulayır ki, internet resurslarında olan elmi araşdırmaların nəticələri barədə məlumatlarına əsasən torpaq sürüşməsi - ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsinə deyilir. Həmçinin torpaq qatında müxtəlif ölçülü çatlar, çökmə və s. müşayiət olunan prosesə elmi ədəbiyyatda torpaq sürüşməsi deyilir. Çökmə başqa proses olmayıb, torpaq sürüşməsi prosesinin tərkib hissəsinə aid hadisədir. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir. Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir. Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii amillərə yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen amillərə isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar. Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir. Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur. İri sürüşmələr, adətən, təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub saxlayır. Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen amillərin təsirindən yaranır. Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək vurğulayır ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində sığorta hadisəsinə səbəb ola biləcək hallar sadalansa da konkret olaraq çökmə prosesi isə həmin siyahıda mövcud olmaması, başqa sözlə sığorta təminatına daxil olmaması sığorta hadisəsinin baş verməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehin təqdim etdiyi arayışdan da aydın görünür ki, fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatlar, künc hissələrdə aralanmalar və deformasiya qeydə alınması faktı iddiaçının evinə zərərin dəyməsinin təsdiqidir və bu zərərin məhz ərazidə baş vermiş torpaq sürüşməsi nəticəsində deyil, çökmə prosesinin baş verdiyi və bunun davamı olaraq çatların yaranması kimi ifadə olunması sığorta ödənişinin imtinasına əsas ola bilməz. Məhkəmə qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olmuş) və çatışmazlığını, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Sığorta şirkətinin müxtəlif şəxslərlə sığorta münasibətlərinə daxil olması, sığorta, azadolma və digər məbləğləri müəyyənləşdirməsi, sığorta ödənişlərinin həcmini razılaşdırması, onun gecikdirilməsinə görə qanunda müvafiq gecikdirmə faizinin nəzərdə tutulması və s. sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə tənzimlənən hüquq münasibətləridir. Sığortaçı, müqavilədən irəli gələn öhdəlik münasibətlərində borclu kimi də çıxış edir. Borclunun müqavilə öhdəliyini icra etməməsindən əmələ gələn zərərə görə məsuliyyət Mülki Məcəllənin öhdəliyə dair ümumi normalarında nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür, öhdəliyini icra etməyən borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Başqa sözlə, həm Mülki Məcəllədə, həm də İcbari Sığortalar haqqında qanunda sığorta məbləği və sığorta ödənişi sığortaçının öhdəliyinin son həddi kimi göstərilmişdir. Yəni sığortaçının məsuliyyətinin son həddi qanunla imperativ qaydada müəyyən olunmuşdur. Həm Mülki Məcəllənin, həm İcbari Sığortalar haqqında qanunun mənasına görə sığortaçının öhdəliyinin son həddi konkret olaraq qabaqcadan qanunla və ya müqavilə azadlığı prinsipinə görə razılaşdırılmış, müəyyənləşdirilmişdir. Hazırki vəziyyətdə sığorta öhdəliyinin yaranma əsası delikt (mülki hüquq pozuntusu) deyil, məhz tərəflər arasında bağlanmış müqavilədir və müqavilə ilə tərəflər arasında olan qarşılıqlı öhdəliklərin həcmi və həddi müəyyənləşdirilmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçının evinə zərər məhz ərazidə baş vermiş torpaq sürüşməsi nəticəsində vurulmuşdur və bu hadisənin də mahiyyət etibarilə sığorta hadisəsi olmaması kimi qiymətləndirməyə tutarlı əsas yoxdur (qadağa edən norma da yoxdur). Ona görə də, məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya vurulmuş ziyan (sığorta ödənişi) ödənilməlidir. Cavabdehin bu ödənişi verməkdən imtina etməsi əsaslı olmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, sığorta hadisəninin baş verməsinə və iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, sığorta şirkəti sığorta ödənişini ödəməkdən yayınmış, bununla da bir növ sığorta ödənişini ödəməkdə marağının olmamasını nümayiş etdirmiş və bu da son nəticədə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, sığorta şəhadətnaməsinə əsasən sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat müəyyən edildiyi üçün sığorta ödənişi 14.850 manatdan çox ola bilmədiyinə görə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14.850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi, iddiaçı təfərindən "xxxx" MMC-yə ödənilmiş 400 manat xidmət haqqı və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh "xxxx" ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişi, iddiaçı təfərindən "xxxx" MMC-yə ödənilmiş 400 manat xidmət haqqı və ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh "xxxx" ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar