Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2018/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2017-ci il tarixindən hesablanmaqla hər ay sabit pul məbləğində 200 manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(006)-4369/2012 saylı qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2012-ci il tarixdə anadan olmuş övladı X1 üçün yetkinlik yaşına çatanadək cavabdehin bütün növ qazancının (gəlirinin) ¼ hissəsi miqdarında alimentin xx xxxxxx 2012-ci il tarixdən başlayaraq tutulması qət edilmişdir. Artıq 3 ildən çoxdur ki, Cavabdeh ölkə hüdudlarını tərk etmiş və bu günə kimi Azərbaycana qayıtmamışdır. Münasibətləri pozulduqdan sonra cavabdeh ona və övladına heç bir maddi köməklik göstərməmişdir. Təkbaşına övladını saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Onda olan məlumata görə cavabdehin daimi iş yeri yoxdur, qazancı və digər gəlirləri dəyişkəndir. Cavabdeh onlara maddi cəhətdən yardım etmir, uşağın tərbiyəsində iştirak etmir. Bu illər ərzində aliment ödəmir, uşağa heç bir maddi kömək və mənəvi qayğı göstərmir. Bildiyinə görə cavabdeh hazırda X6-Peterburq şəhərində yaşayır və tanışlara deyir ki, qazancı çox yüksəkdir. Həmçinin, bu illər ərzində özünə məxsus Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi, ev 71 ünvanında yerləşən mənzili kirayə verir. Özü bunun şahidi olmuşdur. Lakin oğluna nə aliment göndərir, nə də ki kirayə verdiyi mənzilin bir hissəsini ödəyir. Pandemiya dövründə isə vəziyyətləri daha çox ağırlaşmışdır. Çünki o, tək işləyir və uşaq böyüdükcə xərclər də çoxalır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 812780 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2012-ci il tarixdə 231 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 163047 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2013-cü il tarixdə 4 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Xanməmmədov, qadına Abbasova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin xx.xx.2013-cü il tarixli 076/13 nömrəli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(006)-4369/2012 nömrəli icra sənədi üzrə Cavabdeh bütün növ qazancının (gəlirinin) ¼ hissəsi xx xxxxxxx 2012-ci il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamasını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə almentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X4 ilə Cavabdeh birgə nikahından xx xxxxxx 2012-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Daha sonra tərəflər arasındakı nikah pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012ci il tarixli, 2(006)-4369/2012 nömrəli qətnaməsi ilə Cavabdeh bütün növ qazancının (gəlirinin) ¼ hissəsi xx xxxxxxx 2012-ci il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin hazırda daimi iş yeri olmadığından alimentin əvvəlki qaydada tutulması qeyri-mümkün olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün aliment qazancın müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə hər ay sabit pul məbləğində 200 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəmək imkanına malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(006)-4369/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X3 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh ödənilməli olan dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Alimentin məbləği dəyişdirilərək xx xxxxxx 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X3 verilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-2018/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2018/2021
22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver