Məhkəmə qərarları › İş №2(006)-2019/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2019/2023

02.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2019/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarındakı nikah Nəsimi rayon Məhkəməsinin 2015-ci ildə verilmiş qətnaməyə uyğun olaraq pozulmuş, cavabdehin hər 2 uşaq üçün uşaq başına 108 manat ümumi 216 manat məbləğində alimentin tutulması qət edilmişdir. Sonrakı ildə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aliment artırılaraq 1 uşağa görə 193 manat olmaqla iki uşağa görə 386 manat məbləğində artırılması qərarı verildi. Müraciət edərək bildirir ki, tək qadın olaraq alimentlə uşaq saxlamaq çox çətindir. Hal-hazırda ailənin ona kömək etməyə maddi imkanı çatmır. Ata-anası pensiya ilə dolanır. X3 15, İnarənin isə 13 yaşı var. İndiki zəmanədə uşaq böyütmək çox çətindir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının 2023-cü ildə yaşayışı minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat təyin olunub. Göstərilənlərə əsasən, azyaşlı uşaqları X4, X1 üçün Cavabdeh hər uşağa ayrı-ayrılıqda hər ay 220 manat, ümumi 440 manat alimentin tutulması və bununla yanaşı hər uşağa təhsillə bağlı köməklik edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

3. Daha sonra İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən birgə nikahdan doğulmuş uşaqlara görə təhsillə bağlı maddi yardım göstərilməsi tələbinin olmadığını bildirmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişdir.

6. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, İddiaçı izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin rəsmi nikah münasibətlərindən iki övladları anadan olmuşdur. Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(006)-2266/2022 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılmasını tələb edir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 iyun 2016-cı il tarixində verilmiş AZ-İ № 245190 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 25 iyun 2016-cı il tarixində 159 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Kazımova soyadı verilmişdir.

10. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(006)-2266/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir.

11. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 392967 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

12. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 037620 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

13. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 mart 2023-cü il tarixli, MŞB/16-00516 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

15. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

16. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.

17. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

20. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

21. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

22. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

23. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

24. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

25. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

26. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, uşaqların mənafeyini və onların saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini, iddiaçının digər gəlirlərinin olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 220 manat məbləğində müəyyən edilməlidir.

27. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

28. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilməlidir.

29. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

31. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

32. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. (220-193=27 AZN. 27 x 12 = 324 AZN)

33. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan az olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir.

34. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

35. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan az olduğundan, cavabdehdən 30 AZN məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(006)-2266/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar