Məhkəmə qərarları › İş №2(006)-2037/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2037/2023

18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2037/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3278/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində olmaqla ayda 220 (iki yüz iyirmi) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 04 dekabr 2016-cı il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və 1 saylı ASAN Xidmət Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2355 say ilə reyestrə salınaraq rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh iddiaçının xəbəri olmadan Nəsimi Rayon Məhkəməsində nikahın pozulması haqqında iddia qaldırmış və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(006)-3278/2012 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anasının yanında qalması müəyyən edilərək Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarında, habelə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi ilə tutulan aliment hal-hazırda uşağın saxlanması üçün yaşayış minimumunu təmin etmir, uşaq körpədir və xərcləri çoxdur. İddiaçı uşağı təkbaşına maddi cəhətdən tam təminatlı olaraq böyütməkdə çətinlik çəkir, maddi durumu çox ağırdır. Hazırki vəziyyətdə cavabdehdən alimentin sabit pul məbləğində hər uşağa görə ayda 1/4 hissəsi miqdarında aliment, habelə 50 (əlli) manat sabit pul məbləğində aliment tutulması ədalətli hesab oluna bilməz. Belə ki, qətnamədə də qeyd edilmişdir ki, “işin materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh “X4” MMC-də nəzarətçi vəzifəsində işləyir, əmək haqqı məbləği 320 manat təşkil edir”. Nəzərə alınsa ki, qeyd edilən məbləğin 1/4 hissəsi 80 manat edir, belə çıxır ki, uşağın yetkinlik yaşına çatanadək məhkəmə tərəfindən kəsilmiş aliment məbləği hazırki qanuvericiliyə əsasən müəyyən edilmiş aylıq sabit məbləğin təxminən 1/3-i qədərdir. Habelə nəzərə alınsa ki, hazırda normal uşaq bezinin bir dəstinin qiyməti 35 manatdır, sözügedən aliment məbləği 2 (iki) dəstin pulu edir. Qeyd edilən gülünc aliment belə vaxtlı-vaxtında ödənilmir. Qanuna uyğun olaraq iddiaçı tərəfindən mediatora müraciət edilmiş, ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Müvafiq olaraq mediator Leyla Məmmədova tərəfindən bu barədə xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00164 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir. Ölkə üzrə müəyyən edilən yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də cavabdehin maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən öz yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay ən azından uşağın yaşayış minimumunu təmin edəcək həddə aliment tutulmalıdır. Belə ki, hazirki vəziyyətdə gedən inflyasiyanı, uşağın böyüməsini və xərclərinin artmasını nəzərə alaraq, məhkəmənin əvvəlki qətnaməsi ilə kəsilmiş aliment uşağın saxlanması və digər maddi məsrəfləri üçün yetərli deyildir. Cavabdehin qazancı kifayət qədər yaxşıdır, o, məhkəməyə təqdim etdiyi arayışla sadəcə aliment öhdəliyindən yayınmaq istəmiş və buna müəyyən dərəcədə nail olmuşdur. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib bildirdi ki, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 200 manat aliment ödəməyə imkanı çatır və 200 manat ödəyir. İddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı, 382697 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 oğlu xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3278/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 04 dekabr 2016-cı il tarixdə 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2355 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi miqdarda alimentin, habelə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/12/2023-00164 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, ailə mübahisəsi - alimentin artırılması üzrə mediasiya işi ilə bağlı xx.xx.2023-cü il tarixə, saat 11:30-a Bakı şəhəri 12 saylı Mediasiya Təşkilatının ofisinə ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərlə xx.xx.2023-cü il tarixdə telefon, whatsapp və poçt vasitəsilə əlaqə saxlanılmış, lakin Cavabdeh sessiyada iştirak etməmişdir. Mülki işin materiallarında olan “X4” MMC-nin xx.xx.2023-cü il tarixli 01/04/23 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən “X4” MMC-də işləyir. Həmin tarixdən bu günə kimi “nəzarətçi” vəzifəsində çalışır. Ümumi ştat cədvəlinə uyğun olaraq, əmək haqqı 370 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh “X4” MMC-də “nəzarətçi” vəzifəsində işləyir, əmək haqqı 370 manat təşkil edir. Eyni zamanda, “kuryer” vəzifəsində işləyir, əmək haqqı 125 manat təşkil edir (işəgötürən: X5). Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3278/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X2 anası – İddiaçı yanında qalması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin, habelə 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı uşağın saxlanılması üçün tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilməsini tələb edir. Cavabdeh uşağın saxlanılması üçün hər ay 200 (iki yüz) manat aliment ödədiyini bildirir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbin alimentin məbləğinin artırılması olduğunu qeyd etsə də, tələb mahiyyət etibarilə alimentin tutulma qaydasının dəyişdirilməsinə uyğun gəlir. Belə ki, məhkəmə qətnaməsi ilə cavabdehdən qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və 50 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmiş, hazırda iddiaçı alimentin 220 manat sabit pul məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Buna görə də məhkəmə hazırki tələbi alimentin tutulma qaydasının dəyişdirilməsi kimi qiymətləndirir. Lakin eyni zamanda qeyd edilməlidir ki, alimentin tutulma qaydası dəyişdirildikdən, yəni tələb qismən təmin edildikdən sonra cavabdeh tərəfindən ödənilən alimentin məbləği artacaqdır. Belə ki, hazırda ödənilən alimentin məbləği “(370+125) manat x ¼ + 50 manat = 173.75 manat” təşkil edir. Hazırki qətnamə ilə isə cavabdehdən tutulması nəzərdə tutulan sabit pul məbləğində alimentin miqdarı 200 manat təşkil edir. Göründüyü kimi, tələbin təmin edilməsi həm də alimentin məbləğinin artmasına səbəb olacaqdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvercilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Belə ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üçün alimentin tutulma qaydasının dəyişdirilməsi barədə iddianı qismən qəbul edir və iddiaçıya hər ay 200 (iki yüz) manat məbləğində aliment ödəməyə imkanı çatır. Məhkəmə cavabdehin iddianı qismən etiraf etməsində uşağın maraqlarına zidd heç bir hal müəyyən etmədiyindən, etirafı qəbul edir və uşağın mənafeyini, digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün kifayət deyildir, buna görə də alimentin tutulma qaydası dəyişdirilməlidir. Məhkəmə araşdırmaları zamanı iddiaçının izahatı əsasında o da müəyyən edilmişdir ki, İddiaçı gözəllik salonunda işləyir, uşaq balaca olduğundan işə hər gün getmir, lakin o da müəyyən qazanca malikdir. Buna görə də məhkəmə hesab edir ki, hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdeh tutulması məqsədəmüvafiqdir. Məhkəmə uşağın mənafeyini və onun saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında və 50 manat sabit pul məbləğində tutulan alimentin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmadığını və aliment məbləğinin yaşayış minimumu həddindən aşağı olmasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3278/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin hazırki dövrdə kifayət etmədiyini nəzərə alıb hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3278/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-3278/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar