Məhkəmə qərarları › İş №2(006)-204/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-204/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-204/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı iş üzrə Abşeron İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla, cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iş üzrə Abşeron İcra və Probasiya Şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla, cavabdeh «TBC Kredit” BOKT MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT MMC tərəfindən ona dəyən maddi ziyana görə cavabdehdən 11000 min manat alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2013-cü il tarixdə "xxxx" BOKT MMC ilə kredit müqaviləsi imzalayaraq 35000 min manat pul krediti götürmüşdür. Kreditin təminatı kimi həyat yoldaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə "xxxx" BOKT MMC ilə ipoteka müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyi vaxtı-vaxtında yerinə yetirsə də, sonradan ölkədə baş verən devolivasiyalardan sonra öhdəliyi qismən yerinə yetirə bilmişdir. Lakin buna baxmayaraq "xxxx" BOKT MMC onlara qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-1303/2018 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Məhkəmə tərəfindən BAKUO-327-3902 saylı xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, eyni zamanda BAKUO-327\4882 saylı xx.xx.2015-ci il tarixli razılaşmaya xitam verərək, həmin razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 ABŞ dolları məbləğində əsas borc, 5605,75 ABŞ dolları məbləğində faiz borcu, 7500 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, bundan başqa tələbin ipoteka ilə yüklü edilmiş və X1 mülkiyyətində olan, ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın hərracdan satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, şikayət qismən təmin edilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758\2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin təmin olunması məqsədi ilə Abşeron Rayon İcra Şöbəsi sifariş məktubunu hərracın keçirilməsi üçün "xxxx" MMC-yə göndərmişdir. Nəticə etibarı ilə hərrac baş tutmuş və xx.xx.2020-ci il tarixli X6 Protokola əsasən ipoteka predmeti olan fərdi yaşayış evi 70125 manat "xxxx" BOKT MMC-yə satılmışdır. Hərracın keçirilən vaxtı pandemiya şəraitində vətandaşların küçəyə çıxmasına məhdudiyyətlər qoyulmuşdur. Ondan əlavə hərracın keçirilməsinə dair hər hansı bir bildiriş verilməmişdir. Bu baxımdan da hərracın keçirilməsindən məlumatı olmamışdır. Lakin bir müddət sonra Abşeron İcra şöbəsinin əməkdaşları mənzilin boşaldılması ilə əlaqədar heç bir təyin etmə ilə əlaqədar bildiriş vermədən xəbərsiz "xxxx" BOKT MMC-nin əməkdaşları ilə birgə evdə olmadığından istifadə edərək, qanunsuz evin qapısını qıraraq, mənzilə daxil olmuşlar. Evdə olan əşyaları qanunsuz olaraq hara apardıqlarını məlumat verməmişlər. Hazırda evə daxil ola bilmir. Evə mühafizəçi qoyublar. Ondan əlavə qanunsuz olaraq evinə daxil olan "xxxx" BOKT MMC-nin əməkdaşları evdəki əşyaları, o cümlədən ailəsinə məxsus qızıl-zinnət əşyaları kimlərsə tərəfindən götürülmüşdür. Nəticə etibarı ilə ona böyük məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, ondan alınan əşyalar ilə bağlı akt tərtib edilmişdir. Akt Abşeron Rayon İcra və Probasiya Şöbəsindən təhvil alınmışdır. Aktda göstərilən əşyalar bu günə qədər ona təqdim edilməmişdir. 2021-ci il tarixdən cavabdehə müraciətlər etmişdir. Əşyalara baxış keçirilmiş, yalnız qonaq otağından götürülən əşyalar orada olmuşdur. İki ildir ki, əşyaları qaytarılmır. Aktda qeyd olunan əşyalar orada idi. Qarajda olan əşyalar orada yox idi. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, cavabdeh qismində Abşeron Rayon İcra və Probasiya Şöbəsi olmalıdır. Əşyalara iddiaçı özü gəlib baxış keçirmişdir, əşyaları geri götürmür, onların əvəzinə pul tələb edir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron İcra və Probasiya Şöbəsi xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov, tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 və hal şahidlərinin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6758/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evində olmuşlar və borclular icra yerinə gəlmədiklərindən evin qapısı açılaraq evə baxış keçirilmiş, borcluya məxsus əşyalar tələbkara saxlanc üçün təhvil verilmişdir. Həmin əşyalardan 2 ədəd divan kreslo dəsti, mətbəx mebeli, 1 ədəd tozsoran, 1 ədəd şkaf, 1 ədəd qonaq otağı şkafı, 3 ədəd yataq çarpayısı, 1 ədəd divar saatı, 1 ədəd meyvə şirəsiçəkən, 1 ədəd fen, 2 ədəd euromax markalı peyk çanaq qurğusu, 1 ədəd ev telefonu tələbkara təhvil verilmişdir. Evin qapısının açarları mütəxəssis tərəfindən yenilənərək tələbkara təhvil verilmişdir. Evə baxış keçirilərkən hər hansı bir qızıl-zinət əşyaları, pul vəsaiti və digər dəyərli əşyalar müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehi məktubda qeyd etdiyi əşyaları geri qaytarması, əks təqdirdə müvafiq orqanlara müraciət edəcəyi barədə xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehi ona dəymiş 11000 manat maddi ziyanı ödəməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2013-cü il tarixdə "xxxx" BOKT MMC ilə kredit müqaviləsi imzalayaraq 35000 min manat pul krediti götürmüşdür. Kreditin təminatı kimi həyat yoldaşı X2 məxsus ünvan 1 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsi ilkin satış qiyməti 110000 manat müəyyən edilməklə "xxxx" BOKT MMC ilə ipoteka müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi üzrə öhdəliyi vaxtı-vaxtında yerinə yetirsə də, sonradan ölkədə baş verən devolivasiyalardan sonra öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Lakin buna baxmayaraq "xxxx" BOKT MMC onlara qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 1303/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, BAKUO-327-3902 saylı xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22641,10 ABŞ dolları məbləğində əsas borc, 10544,38 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35185,48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, eyni zamanda BAKUO-327\4882 saylı xx.xx.2015-ci il tarixli razılaşmaya xitam verərək, həmin razılaşmaya əsasən ödəniş gününə qüvvədə olan məzənnə ilə 22709,80 ABŞ dolları məbləğində əsas borc, 5605,75 ABŞ dolları məbləğində faiz borcu, 7500 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 35815,55 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, bundan başqa tələbin ipoteka ilə yüklü edilmiş və X1 mülkiyyətində olan, ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.10 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın hərracdan satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, şikayət qismən təmin edilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin təmin olunması məqsədi ilə Abşeron Rayon İcra Şöbəsinə göndərilmişdir. Yuxarıda qeyd edilmiş akta əsasən Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov, tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 və hal şahidlərinin iştirakı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6758/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar ünvan 3 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evində olmuşlar və borclular icra yerinə gəlmədiklərindən evin qapısı açılaraq evə baxış keçirilmiş, borcluya məxsus əşyalar tələbkar saxlanc üçün təhvil verilmişdir. Həmin əşyalardan 2 ədəd divan kreslo dəsti, mətbəx mebeli, 1 ədəd tozsoran, 1 ədəd şkaf, 1 ədəd qonaq otağı şkafı, 3 ədəd yataq çarpayısı, 1 ədəd divar saatı, 1 ədəd meyvə şirəsiçəkən, 1 ədəd fen, 2 ədəd euromax markalı peyk çanaq qurğusu, 1 ədəd ev telefonu tələbkara təhvil verilməsi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində iddiaçının nümayəndələrinin onun mənzilinə qanunsuz daxil olaraq ona maddi ziyan vurduğunu iddia etmişdir. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar heç bir əsaslı dəlilə söykənmir. Belə ki, o, iddia ərizəsində onun mənzilinə iddiaçının qanunsuz şəkildə daxil olaraq əşyalarını, həmçinin ailəsinə məxsus qızıl-zinət əşyalarını götürdüyünü iddia etsə də o, bunu sübut edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu isə iddiaçının iddia ərizəsinin dəlilllərinin formal mülahizələrə əsaslandığını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü etibarsız olduğunu iddia etdiyi ona dəymiş maddi ziyanın sübut olunmasıdır. Sübutları qiymətləndirərkən bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun mənzilindən əşyaların qanunsuz götürüldüyünü iddia etsə də, o, iddia tələbində 11000 manat pul istəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında olan aktda iddiaçının evindən hansı əşyaların götürüldüyü və bu prosesdə kimlərin iştirak etdiyi aktı imzalayanların imzası ilə təsdiq edilir. İddiaçı onun ailəsinə məxsus qızıl-zinət əşyalarının da götürdüyünü iddia edir. Lakin aktda belə bir hal aşkar edilməmişdir. Bu hal da həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də iddiaçının evinə daxil olaraq oradan əşyaların siyahıya alınaraq götürülməsi faktını təsdiq edir. Lakin məhkəmə qeyd edir ki, aktdan da göründüyü kimi mənzilə daxil olma qanunsuz şəkildə baş verməmişdir. Bu proses icra məmurunun iştirakı ilə məhkəmə qərarının icrası məqsədilə olmuşdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə prosesində iştirak edən cavabdehin izahatlarından görünür ki, iddiaçının iddia ərizəsində götürüldüyünü qeyd etdiyi əşyalar hal-hazırda saxlancda saxlanılır, lakin iddiaçı özü həmin həmin əşyaları götürmür. Hazırkı iddiasında isə o, əşyaları deyil də onların dəyərini tələb edir. Bu isə məhkəmə tərəfindən əsaslı hesab edilmir. Məhkəmə qeyd edir ki, yalnız əşyaların mövcud olmadığı halda iddiaçının iddia tələbi əsaslı ola bilərdi. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilməməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar