Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-204/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «kredit məbləğinin düzgün hesablanması və borcunun olmaması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit məbləğinin düzgün hesablanması və borcunun olmaması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz hesablanmış 25.936,87 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" X13 Sənaye filialı ilə onun arasında bağlanmış 11 iyul 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona avtomobil alınması məqsədi ilə 60 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla 24.880 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, "xxxx" X13 Sənaye filialı ilə onun arasında bağlanmış 11 iyul 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən «Hyundai İX 35» markalı, 2011-ci il buraxılışlı, rəngi ağ, 40 nömrəli kredit müqaviləsinə əsasən kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş minik avtomobili 29.270 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. O, üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında yerinə yetirilərək banka olan borcunu ödəmişdir. Sonradan maddi vəziyyəti çətinləşdiyindən avtomobili digər şəxsə satmaq qərarına gəlmişdir. Avtomobili alan adam bir müddət ödəniş etdikdən sonra ödənişləri dayandırdığı üçün həmin şəxsdən 2012-ci il tarixdə avtomobili geri alaraq bankın əməkdaşı olan problemli kreditlər şöbəsinin rəhbər şəxsi Elgün adlı şəxsə qaytarmışdır. 2015-ci il tarixdə ona Şəhla adlı xanım zəng edərək avtomobili bankdan aldığını və ona etibarnamə verməsini xahiş etmişdir. Bununla bağlı bankın əməkdaşı olan Elgün adlı şəxslə maraqlandıqda bildirmişdir ki, heç bir problem yoxdur, onun heç bir öhdəliyi qalmamışdır, avtomobili banka qaytarmışdır və öhdəliklə bağlı üzərinə düşən vəzifəsini icra etmişdir. Bu səbəbdən Şəhla adlı şəxsə avtomobilə dair mülki etibarnamə vermişdir. Lakin, bank əməkdaşlarının saxtakarlığı nəticəsində 2016-cı il tarixdə öhdəlik müddəti bitdiyi halda, xx.xx.2024-cü il tarixdə 25.936,87 manat borcunun olmasına dair əvvəlcədən heç bir xəbərdarlıq və ya məlumat vermədən maaş aldığı kart hesabına «Beynəlxalq Bank» proqramı vasitəsi ilə bildiriş göndərilmişdir. Bu barədə bankla əlaqə saxladıqda bildirmişlər ki, borcu olduğu üçün kartında olan məbləğdən tutulmalar həyata keçiriləcəkdir. Hazırda isə maaşı verildiyi halda tutulmalar həyata keçməsini bildirmişlər. Qeyd edir ki, 11 iyul 2011-ci il tarixdə "xxxx" X13 Sənaye filialından onun tərəfindən 60 ay müddətinə 24.880 ABŞ dolları kredit götürülmüşdür. Həmin məbləğdən 21.604 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Öhdəlik müddəti isə 11 iyul 2016-cı il tarixdə bitmiş və öhdəliyinin bitməsindən 3 il müddətində ondan ödənişin tutulmasına görə addımlar atıla bilərdi. Lakin kreditin götürülməsindən 13 il, öhdəliyin bitməsi tarixindən isə hazırda 8 il keçdikdən sonra ondan pulun tutulmasına dair qərar qəbul etmişlər. X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, avtomobilə görə müəyyən müddət ödənişlər etmiş, sonradan avtomobili başqa şəxsə bankın razılığı ilə satmışdır. Həmin şəxsə etibarnamə də vermişdir. Maşın onun istifadəsindən və sahibliyindən çıxmışdır. Bank bütün bunları bilmiş və hətta maşının ölkədən çıxarılmasına da bank razılıq vermişdir. Hazırda ondan bu məbləğin tələb edilməsi tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi X15 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, ekspert rəyində də göründüyü kimi, iddiaçı tərəfindən banka hələ də ödənilməmiş borclar var. Həm ekspert rəyindən, həm də iş materiallarından məlum olur ki, iddia tələbi əsassızdır. Bu səbəbdən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxs X5 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: 11 iyul 2011-ci il tarixli 040 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən (müqavilə bağlanan dövrdə "xxxx" SKB-nin «Sənaye» filialı) nəqliyyat vasitəsinin alınması məqsədi ilə 24.880 ABŞ dolları (müqavilə bağlanan dövrdə cari məzənnə üzrə 1 ABŞ dolları = 0,779 manat olmaqla) məbləğində kredit almışdır. 11 iyul 2011-ci il tarixli 40 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış eyni tarixli 040 saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təminatı kimi 29.270 ABŞ dolları dəyərində olmuş «Hyundai» markalı «İX-35» modelli, 2011-ci il buraxılışlı, ağ rəngli, KMHJU81BDBU323313 ban nömrəli avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-dən çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-yə 11 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə aktiv borcunun (17.266$) olduğu ,kreditin statusu balansdan silinmiş olaraq qeyd edilmişdir. AB seriyalı 645439 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (xx.xx.2012) surətindən görünür ki, “Hyundai İX 35 minik” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. "xxxx" ASC-yə məxsus xx.xx.2011-ci il tarixli məxaric orderinin surətindən görünür ki, 11 iyul 2011-ci il tarixli 040 saylı kredit müqaviləsinə əsasən İddiaçı məxsus hesaba 24.880$ pul vəsaiti köçürülmüşdür. "xxxx" «Sənaye» filialının xx.xx.2011-ci il tarixli sərəncamının surətindən görünür ki, "xxxx" «Sənaye» filialı ilə bağlanmış 11 iyul 2011-ci il tarixli 040 saylı kredit müqaviləsinə əsasən İddiaçı 60 (altmış) ay müddətinə, illik 18%-lə, avtomobil alınması üçün 24.880 ABŞ dolları məbləğində kredit verilmişdir. AB seriyalı 626351 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (xx.xx.2011) surətindən görünür ki, “Hyundai İX 35 minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı tərəfindən "xxxx" «Sənaye» filialının müdirinə ünvanlanmış xx.xx.2011-ci il tarixli ərizənin surətindən görünür ki, ona «Hyundai» markalı «İX-35» modelli, 2011-ci il buraxılışlı avtomobilin alınması məqsədi ilə 60 ay müddətinə 24.880 ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. "xxxx" «Sənaye» filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2012-ci il tarixli 19/492 nömrəli bildirişin surətindən görünür ki, İddiaçı banka 22.481 ABŞ dolları əsas və 676 ABŞ dolları faiz borcu olmaqla, cəmi 23.157 ABŞ dolları borcunun ödənilməsi tələb edilmişdir. "xxxx" «Sənaye» filialı tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2014-cü il tarixli 19/24 nömrəli arayışın surətindən görünür ki, «Hyundai» markalı «İX-35» modelli, **-NL-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, ağ rəngli, KMHJU81BDBU323313 ban nömrəli avtomobilin Azərbaycan Respublikası dövlət sərhəddini geri qayıtmaq şərti ilə keçməsinə bank etiraz etmədiyini bildirmişdir. AB seriyalı 666273 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (xx.xx.2012) surətindən görünür ki, “Hyundai İX 35 minik” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. "xxxx" «Sənaye» filialı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 9/741 nömrəli arayışın surətindən görünür ki, «Hyundai» markalı «İX-35» modelli, **-NL-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, ağ rəngli, KMHJU81BDBU323313 ban nömrəli avtomobilin Azərbaycan Respublikası dövlət sərhəddini geri qayıtmaq şərti ilə keçəsinə bank etiraz etmədiyini bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı «Hyundai» markalı «İX-35» modelli, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması ilə bağlı tələb irəli sürmüşdür. "xxxx" «Sənaye» filialı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli 19/346 nömrəli məktubun surətindən görünür ki, «Hyundai» markalı «İX-35» modelli, **-MM-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtonəqliyyat vasitəsinin girov zəmanətinin saxlanması şərti ilə yeni qeydiyyat şəhadətnaməsinin verilməsinə bank etiraz etmir. "xxxx" «Sənaye» filialı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli 19/277 nömrəli məktubun surətindən görünür ki, «Hyundai» markalı «İX-35» modelli, **-LP-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtonəqliyyat vasitəsinin girov zəmanətinin saxlanması şərti ilə yeni qeydiyyat şəhadətnaməsinin verilməsinə bank etiraz etmir. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin xx.xx.2012-ci il tarixli 9/36-4K1- 189 saylı arayışından görünür ki, vətəndaş X6 məxsus Hyundai İX35 minik markalı 90MM439 dövlət qeydiyyat nişanlı avtomobilin arxa qeydiyyat nişanının X3 tərəfindən çıxarılması ilə əlaqədar xx.xx.2012-ci il tarixli ərizəsinə əsasən Xətai RPİ-nin 36-cı PB-də təhqiqat araşdırması aparılır. ƏN-İ seriyalı 308129 nömrəli xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı daşınmaz əmlak istisna olunmaqla bütün əmlaklarını idarə etməyi və əmlaklar üzərində sərəncam verilməsi hüququnu 50 il müddətinə X6 etibar etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-13-16/2-84118/2024 nömrəli məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, İddiaçı məxsus «Hyundai» markalı «İX- 35» modelli, **-NL-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtonəqliyyat vasitəsini etibarnamə ilə öncə X8, daha sonra ardıcıllıqla X14, X12, X8, X16, X4 istifadəsində olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2024-cü il tarixli 9/6412 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 11 iyul 2011-ci il tarixli 40 saylı kredit sazişi üzrə banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016-cı il tarixə – əsas borc üzrə 17.162,64 ABŞ dolları; faiz üzrə 4.121,10 ABŞ dolları. xx.xx.2024-cü il tarixə – əsas borc üzrə 17.162,64 ABŞ dolları; faiz üzrə 4.108,89 ABŞ dolları, illik 5 % dərəcəsi ilə faiz 6.860,29 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, etibarən edən (mülkiyyətçi) İddiaçı tərəfindən X6 xx.xx.2015-ci il tarixdə xx.xx.2017-ci il tarixədək ** NL *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində səlahiyyətlərin həyata keçirilməsi etibar edilmişdir. "xxxx" ASC-nin Sənaye filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixə ola maliyyə arayışından görünür ki, ödənilməmiş əsas borc 17266 ABŞ dolları, ödənilməmiş faizlər 8695,13 ABŞ dolları, cəmi tələb edilən borc 25061,13 ABŞ dolları təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC ilə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü kreditin təminatı eyni tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Hyundai İX35” markalı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyindən iddiaçının bank qarşısında pul öhdəliyi yaranmış və ona əsas və faiz borcu hesablanmışdır. Hazırda iddiaçı ona hesablanmış borcun düzgün hesablanması və borcunun olmamasına dair iddia tələbi ilə məhkəməyə müraciət edərək hesablanmış 25936,87 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının irəli sürdüyü tələb üzrə dəlilləri ondan ibarət olmuşdur ki, o, kredit müqaviləsi üzrə məbləği götürdükdən bir müddət sonra avtomobili bankın razılığı ilə digər şəxsə etibarnamə əsasında satmışdır və hesab edir ki, kredit məbləğinin ödənilməsinə dair öhdəlik də həmin şəxsə keçmişdir. Bundan sonra illər ərzində həmin kredit məbləği ondan tələb edilməmişdir.Hazırda ona qarşı borc düzgün hesablanmamışdır və həmin borc məbləği silinməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı və cavabdeh bank arasında kredit müqaviləsi və həmin müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsi imzalanmışdır. Tərəflər arasında müqavilə münasibətlərinin olması işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən avtomobilə dair digər şəxsin idarə etməsi üçün etibarnamə verilməsi onun bank qarşısında öhdəliklərini aradan qaldırmamışdır. Borcun hesablanması ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının da rəyində iddiaçının icra edilməmiş öhdəliyinin əsas borc üzrə 17162,64 ABŞ dolları və faiz borcunun 4121,10 ABŞ dolları olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı borc məbləği cavabdeh "xxxx" ASC tərəfindən aralarında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmışdır və borc məbləğinin hazırki halda silinməsi tələbi əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «kredit məbləğinin düzgün hesablanması və borcunun olmaması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertza tədqiqatının dəyəriin təşkil edən 50 (əlli) manat məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «kredit məbləğinin düzgün hesablanması və borcunun olmaması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertza tədqiqatının dəyərinin təşkil edən 50 (əlli) manat məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X2, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-204/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-204/2025
06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver