Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2041/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «əsassız hesablanmış faizlərin silinməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «əsassız hesablanmış faizlərin silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixində “xxxx” KB ASC-nin “Gənclik” filialı ilə iddiaçı arasında 1344 tk FİL 8/14 saylı, 5 il müddətinə (xx.xx.2019-cu il) kredit müqaviləsi bağlanmış və iddiaçıya "Albalı+” kartı verilmişdir. Vaxtaşırı istifadə edib, xərclənmiş məbləğlərin ödənilməsini hər ayın 21-dən 30-u gününə kimi edirdi. Ödəmələrin stabil olduğu üçün kartın limitini 2000 manatadək artırmışdılar. Baxmayaraq ki, iddiaçının ödəmələri ödəmə cədvəlinə uyğun keçirilirdi. Bundan sonra, iddiaçı mütəmadi olaraq xx.xx.2019-cu ildən başlayaraq, xx.xx.2020-ci ilə kimi ödəmələr apardı. Həmin müddət ərzində ödəmənin cəmi 1046 manat təşkil edir. Bu qədər ödəmələrə baxmayaraq, yenə də yüksək faizlər və yüksək kredit qalığı göstərilirdi. 2019-cu ilin aprelin 29-30-cu günü (təqribən) iddiaçının “Albalı+” kartını bank bağladı. Səbəbini soruşduqda isə kartın müddətinin bitməsini bildirdilər. Yeni kartı onlardan istəyərkən dedilər ki, yaş həddi ilə bağlı yeni kart verə bilməzlər. Bundan sonra, iddiaçı borcunu ödəməyə davam edirdi. Təxminən 250 manat ödəmişdi. İddiaçı Banka yaxınlaşıb yeni ödəniş cədvəli istəmişdir. Həmin cədvəldə iddiaçının borcunun məbləği hər ay 116 manat ödəmək şərti ilə 1895 manat təşkil edirdi. İddiaçının ödəmiş olduğu 250 manat ümumi borcdan silinməmişdir. Səhərisi mobil telefonuna (**********) bank mesaj göndərdi və 190 manat ödəməklə borcunun 1905 manat təşkil etdiyini bildirdilər. İddiaçı araşdırma məqsədilə xx xxxxxxxx 2019-cu il tarixində yenidən banka getdi. Bankın işçisi Elvin İsmayılov xx xxxxxxxx 2019-cu il tarixində iddiaçıya verilmiş yeni ödəniş cədvəlini (harada ki, borcu 1895 manat və aylıq ödəniş 116 manat qeyd olunmuşdur) ondan baxmaq adı ilə götürdü və cırdı. Onun əvəzinə xx xxxxxxxx 2019-cu il tarixdə 17/12- 2018xx.xx.2019-cu il üzrə çıxarış verdi. Çıxarışda cəmi dövriyyə kredit və debet 1319,12 manat göstərilir, həmçinin iddiaçıya şərt qoyuldu ki, əvvəlcədən 190 manat ödəsin, sonra isə hər ay (cəmi 19 ay) 125-130 manat arası ödəməlidir. İddiaçı bu şərti qəbul etmədi, ona əlavə faizlər tutulduğunu bildirdi, real borcunun nə qədər olması barədə arayış vermələrini və ona uyğun olaraq imkanı dairəsində hər ay ödəməyini bildirdi və dedi ki, müqavilənin şərtləri iki tərəfin razılığı ilə dəyişdirilə bilər. İddiaçı tərəfindən xx xxxxxxxx 2019-cu ildən xx.xx.2020-ci il dövrü arası 1.046 manat ödənilmişdir. 2018-ci ilin may ayında iddiaçıya məlum olmayan səbəbdən “Albalı+” kartından 300 (üç yüz) manat silinmişdir. Silinməni isə təxminən bir aydan sonra bildi. Belə ki, hər hansı bir alver edəndə həmin an mesaj gəldiyi halda, 300 (üç yüz) manat hesabdan silinəndə heç bir mesaj gəlməmişdir. Təxminən bir aydan sonra iddiaçıya məlum oldu ki, hansısa “google” xidməti iddiaçının hesabından 300 manat silib. Məsələni aydınlaşdırmaq üçün iddiaçı banka yaxınlaşdı. Orada ona bildirdilər ki, guya o, “google” xidmətindən istifadə edib nəsə almışdır. Araşdırılması üçün iddiaçı ərizə ilə müraciət etmiş və eyni zamanda öz iradını bildirmişdir ki, o, heç bir xidmətdən istifadə etməmiş və onun hesabından pul silinəndə məlumat verilməmişdir. İddiaçı iradında bu işlə bağlı bankın məsuliyyət daşıdığını və onun maliyyə hesablarının nəzarət bank tərəfindən qorunmalı olduğu bildirilmişdir. İddiaçının hesabının təhlükəsizliyinə bank birbaşa məsuliyyət daşıyır. Bir müddətdən sonra iddiaçı banka yaxınlaşıb ərizəsinə cavab istəmiş və ona ingilis dilində surəti çıxarılmış kağız verərək bildirmişlər ki, əgər bir il müddətində həmin xidmətdən istifadə olunmasa, pulu geri qaytarılacaq. Aradan 2 ildən çox vaxt keçməsinə baxmayaraq, iddiaçıdan oğurlanmış 300 manat hesabına qaytarılmamışdır, əvəzində isə həmin 300 manata görə iki ildən artıq müddətdir ki, iddiaçıdan həm faiz, həm də gecikmə adı ilə əlavə pullar tutulur. 2020-ci il tarixində “xxxx” ASC-nin baş ofisindən iddiaçıya zəng edib bildirildi ki, o Nərimanov filialına yaxınlaşsın və münasib illik faiz ilə yenidən müqavilə bağlasın. xx.xx.2020-ci il tarixdə Nərimanov filialına yaxınlaşdı və 2065nkNAR/20 saylı kredit müqaviləsinə 1 saylı əlavə bağlandı. Həmin müqavilədə illik 18% olmaqla, 24 ay müddətinə qalıq məbləğ 1327 manat olmağı göstərilmişdir. İddiaçı həmin an öz narazılığını bildirdi ki, onun o qədər qalıq borcu olmamalıdır. Ödəmiş olduğu 250 manat + 1046 manat, yəni 1296 manatın 728 manatını faiz əvəzi siliblər, xx xxx 1895 manat üçün 728 manat faiz silinib. Digər tərəfdən, həm iddiaçıdan əsassız olaraq 300 manat oğurlanmış və ona görə əlavə faizlər, cərimələr tutulmuş və bu günə kimi tutulmaqda davam edir. Həm də əlavə müddətə görə 24 aya yenə də 264 manat faiz ödəməli olduğu qeyd olunur. İddiaçı bununla razılaşa bilməz, onun maddi vəziyyəti indiki çətin dövrdə, müharibə şəraitində, pandemiyanın tüğyan etdiyi zamanda imkan vermir ki, müqavilədə göstərilən şərtlərlə ödəniş etsin. Göstərilənlərə əsasən iddiaçıdan əsassız olaraq silinmiş 300 manatın iddiaçının hesabına köçürülməsi, iddiaçıya hesablanmış faiz və cərimələrin silinməsi, yeni razılaşdırılmış ödəniş cədvəlinin tərtib edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. . Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin materiallarında olan «xxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2020-ci il tarixli, 2065nkNAR/20 saylı kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, Bank borcluya 24 ay müddətinə illik 18% ödəmək şərti ilə 1327 manat məbləğində kredit vermişdir. İş materiallarında olan «xxxx» KB ASC tərəfindən verilmiş xx xxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı banka 1143,88 manat əsas borcu, 16,92 manat faiz borcu, 0,23 manat cərimə borcu, cəmi 1161,03 manat məbləğində borcu mövcuddur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələblərini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən bankın onun hesabından 300 manat silinməsini təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «əsassız hesablanmış faizlərin silinməsi tələbi»nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «əsassız hesablanmış faizlərin silinməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2041/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2041/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver