Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2053/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsi hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Rasim Səfərov küçəsi, ev 153 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, o, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Sonradan ünvan 1 ünvanında ailəsi (valideynləri, bacısı və qardaşları) ilə birgə xx.xx.1989-cu ildən yaşamışlar. X1 oğlu ünvan 2 ünvanında yaşayan X5 (erməni əsilli) həmin evi notariusda təsdiq edilən rəsmi ərizə ilə alıb (59 saylı Nəsimi rayon MKİS-in rəisinə ünvanlanmış, 2K- 2-767 saylı reqistrasiya nömrəsi, xx.xx.1989-cu il tarixli, 14 saylı Notariat kontorunun təsdiqli ərizəsi) evlərin qeydiyyatı həmin vaxtda çətinlik törətdiyi üçün həmin ərizə qeydiyyat sənədi əvəzi kimi verilib. Həmin vaxtdan hal-hazıra kimi də həmin ünvanda yaşayırlar. xx.xx.2004-cü ildə Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü X2 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra az bir müddət həyat yoldaşının qeydiyyatda olduğu ünvanda-ünvan 5 yaşamışdır. Rəsmi nikahları pozulmasa da, uzun illərdir ki, həyat yoldaşı ilə ayrılmışlar. Onun yuxarıda qeyd etdiyi ünvanda yaşamağı uzun illər əvvəl orada yaşayan qonşuları da şahid kimi təsdiq edə bilər. Onların iştirakı ilə akt da tərtib olunub və həmin akt Nəsimi rayonu MKTB-nin 59 saylı Miks tərəfindən təsdiq olunub və onun əsasında 1309 saylı, xx.xx.2022-ci il tarixli orada qeydiyyatsız yaşamağı barədə arayış verilib. Bütün bunlara görə yuxarıda adı çəkilən ünvana-ünvan 6masını əsaslı hesab edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 28 sentyabr 2022-ci il tarixli, 1309№-li Arayışdan görünür ki, İddiaçı Rasim Səfərov küçəsi, 153 saylı evdə Cavabdeh ilə birlikdə qeydiyyatsız yaşayır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Y.Soltanova, M.Məmmədova və S.Rüstəmov öz imzaları ilə təsdiq etmişlər ki, İddiaçı ünvan 1 ünvanında ailəsi (valideynləri, bacısı və qardaşları) ilə birgə 1990-ci ildən yaşayıb. Həmin vaxtdan hal-hazıra kimi o ünvanda onların yaşadığının şahidi olmuşlar. Mülki işin materiallarında olan 14 sentyabr 2004-cü il tarixdə verilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir. Mülki işin materiallarında olan 22 mart 1978-ci il tarixdə verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X3, anası Cavabdehdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, 2-ci Nərimanov döngəsi, ev 3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən, habelə tərəflərin izahatlarından və işin mübahisələndirilməyən hallarından görünür ki, mübahisəli ev və onun üzərində hər hansı şəxsin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd yoxdur, mübahisəli ev özbaşına tikilidir. Tərəflər mübahisəli evə dair hüquqverici sənədləri məhkəməyə təqdim edə bilmədilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdırıb, hüquq normalarına əsasən onlara qiymət verib belə hesab edir ki, mübahisəli yaşayış evi özbaşına tikinti olduğundan mübahisəli evə mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnun tanınması tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı " yaşayış sahəsi hüququnun tanınması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı " yaşayış sahəsi hüququnun tanınması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2053/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2053/2023
30.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver