Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2063/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 350 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq İddiaçı ödənilməsi və maaşa indeksasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Hazırki iddia ərizəsindən müəyyən edilir ki, alimentin artırılması tələbinin əsasını 2025-ci ildə ölkə üzrə minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması təşkil etməklə, onun mahiyyəti indeksasiya xarakterini daşıyır və bu məsələ üzrə icra icraatı qaydasında qüvvədə olan qətnamənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə müraciət edilməlidir. İddia ərizəsində əlavə edilmiş materiallardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1783/2024 saylı qətnaməsi ilə iddiaçının xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Əsgərli Milana qızının saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tələbini hazırda yaşayış minimumunun artması ilə əsaslandırmışdır. İzah olunur ki, iddiaçının alimentin artırılması tələbinə minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə deyil, aliment ödəyənin maddi vəziyyətində dəyişiklik olması ilə əsaslandırıldığı və sübutlar təqdim edildiyi halda iddia icraatında baxılması mümkündür. Əks halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia tələbinin mahiyyəti indeksasiya xarakteri daşıyır və bu məsələyə ilk olaraq icra icraatı qaydasında icraya nəzarət edən məhkəməyə qüvvədə olan qətnamənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən icra üsulunun dəyişdirilməsi ərizə ilə müraciət edilməli, sabit pul məbləğində tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına nisbətdə misli müəyyən olunmalı və həmin Məcəllənin 232-ci maddəsinə uyğun olaraq məbləğin indeksasiyası aparılmalıdır. Göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mövcud iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması əsası ilə qüvvədə olan qətnamənin alimentin tutulması hissəsinə dair icra üsulunun dəyişdirilməsi və tutulmalı pul məbləğinin müvafiq indeksasiyası barədə ərizə ilə icra icraatı qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2063/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2063/2025
12.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver