Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2068/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər «xxxx» KB ASC-yə və Cavabdeh2 MMC-yə qarşı «20.000 manat məbləğində təzminatın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «xxxx» KB ASC-yə və Cavabdeh2 MMC-yə qarşı «20.000 manat məbləğində təzminatın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» KB ASC-nin onun hüquqlarının pozulması, yəni Dövlət başçısının Fərmanından bəhrələnməsinin əngəllənməsi, bərabərlik hüququnun (Konstitusiyanın 25-ci maddəsi) pozulması, həmçinin Cavabdeh2 MMC ilə onun həmkəndlilərinə qanunsuz olaraq zənglər etməsi və bununla da onu həm şantaj etmələri, ailə-büdcə sirlərinin ictimailəşdirilməsinə səbəb olduqlarına görə məsuliyyət daşıdıqlarından, digər tərəfdən Dövlət başçısının xx xxxx 2012-ci il tarixli şəxsi göstərişi ilə yaradılan «ASAN Xidmət»in bu cavabdehlər tərəfindən qəbul edilməməsi və rədd edilməsinin dövlət qanunlarına zidd və hörmətsizlik kimi qiymətləndirilməli olmasına, butün bu neqativ halların onda stress, əsəb, gərginlik, ruh düşkünlüyü və psixoloji durumuna olduqca mənfi təsir göstərdiyindən, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində təzminatın cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 2(006)-2068/2021 saylı qərardadı ilə «borcun restrukturizasiya olunması» tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya həmin tələbə dair hissədə iddia ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» KB ASC-dən xx xxx 2014cü il tarixdə 4.000 manat məbləğində kredit götürmüşdür. Sonradan maddi imkanının zəifliyi və məlum iqtisadi böhran nəticəsində kreditin ödənilməsində müəyyən problemlər yaranmışdır. 2015-ci il tarixdə manatın ucuzlaşması ilə devalvasiyanın olması nəticəsində kreditin ödənilməsi daha da çətinləşmişdir. Bununla da, kreditin ödənilməsində kəskin problemlər yaranmışdır. Ölkə Prezidenti xx xxxxxx 2019-cu il tarixdə «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» restrukturizasiya haqqında Fərman imzalamışdır. Bu Fərmandan irəli gələn vəzifələrə əsasən «xxxx» KB ASC onu bu kreditin restrukturizasiya əlavə kredit xəttinin açılması təklifini verməli olduğu halda, bunu etməmişdir. Lakin onun adına olan digər krediti – «Albalı plus» kreditinə görə həmin bankın hüquqşünası ona zəng etmiş və 943 manatlıq «Albalı plus» kreditinin restrukturizasiyasını və əlavə kredit xəttinin açılmasını təklif etmişdir. O da öz növbəsində, bu təkliflə razılaşmış və 943 manatlıq «Albalı plus» kreditini yeni kredit xəttinin açılmasına və ödənilməsinə razılıq vermişdir. Hal-hazırda ödənişləri edir. O, həmin dövrdə hüquqşünasdan digər kreditinin olduğunu və həmin kreditin də restrukturizasiya olunmasını istəmişdir. Lakin bank və onun əməkdaşları bunun reallaşmasına müəyyən problemlər yaratmışlar, süni maneçiliklər, süründürməçilik, həmçinin bürokratik əngəllər yaratmışlar. Həmin 4.000 manatlıq kreditin restrukturizasiya olunacağının şübhə altında olduğunu hiss etmişdir. Bununla bağlı ölkə Prezidenti İ.Əliyevə məktub ünvanlamışdır. Səbəb isə Dövlət başçısının Fərmanından yararlana bilməmək təhlükəsi idi. Həmçinin, Mərkəzi Banka, Palataya xx.xx.2019-cu il tarixdə saat 17:03:13-də rəsmi olaraq elektron müraciət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Milli Bank ona rəsmi məktub ünvanlayaraq bildirdi ki, müraciətə baxılmasının nəticəsi barədə 5 iş günü ərzində «xxxx» KB ASC Mərkəzi Banka və həmçinin ona rəsmi məlumat verəcək. Bu günə qədər heç bir məlumat verilməmişdir. Həmin dövrdə «xxxx» KB ASC onu çox böyük çətinliklərlə üz-üzə qoymuşdur. Belə ki, o, bir Azərbaycan vətəndaşı olaraq, 10 milyon əhali sırasından ayrı seçkilik olaraq ona aid olan kredit restrukturizasiya olunmamışdır. Tam hüquqlu bir ölkə vətəndaşı olaraq Dövlət başçısının müvafiq xx.xx.2019-cu il tarixli Fərmanından yararlana bilməmişdir. Bu bir vətəndaş olaraq Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (bərabərlik) tələblərinin kobud surətdə pozulması və hüquqlarının tapdanması kimi qəbul edilir. Onu da xatırladır ki, kreditin ödənilməməsinə görə «xxxx» KB ASC onu məhkəməyə vermişdir (2015) və bu barədə məhkəmənin qərarları vardır. X1 sonra məhkəmədə olan bütün işlər geri götürülür. Qərar və qətnamələr ləğv olunur. Həmçinin dəbbələr və faizlər. Çox təəssüf ki, onu «xxxx» KB ASC bu hüquqdan da məhrum etmişdir. Beləliklə, o, hətta məhkəmələrin müvafiq qanunlarına görə 30 ilə qədər məhkəmədən asılı vəziyyətdə qalmış kimi hesab olunur. Hansı ki, krediti Prezidentin bu Fərmanına əsasən restrukturizasiya olunardısa, bu asılılıqdan xilas olmuş olardı. «xxxx» KB ASC-yə sual verilməlidir ki, onun kreditinin restrukturizasiya olunmasına görə niyə ona müraciət və ya təklif etməyib. Hətta onun Azərbaycan Respublikası Prezidentinə ünvanladığı məktubda X5 rəsmi elektron müraciətinə, digər tərəfdən rəsmi müraciət etdiyi yekun nəticəsi olaraq Mərkəzi Bankın xx xxxxxx 2020-ci il tarixədək məktubun tələblərini yerinə yetirməmişdir. 2020-ci ilin hardasa mart-aprel ayından başlayaraq, ona müxtəlif nömrələrdən «xxxx» KB ASC və Cavabdeh2 MMC adı ilə zənglər gəlməyə başladı. Bir müddət sonra o, həmin gələn zənglərə artıq heç bir borcunun olmadığını, 1 saylı ASAN Xidmətdən rəsmi olaraq, MKR arayışının olduğunu bildirmişdir. Bu isə həmin kreditin olmamasına dəlalət edir. Təəssüflər olsun ki, 2020-ci ilin avqust ayının əvvəllərindən «xxxx» KB ASC onu yenidən həmin borca görə narahat etməyə başlamışdır (zəng edən nömrə 012 – 310 – 02 – 57). O da, öz növbəsində borcun olmaması barədə MKR arayışının olduğunu bildirmişdir. Dekabr ayının əvvəllərindən (055 595 – 51 – 00, 055 595 – 51 – 31) yenidən «xxxx» KB ASC təmsilçisi adı altında ona zənglər olunmuşdur. O, «xxxx» KB ASC-nin rəsmi elektron müraciət edərək, bu nömrələrdən ona zəng olunduğunu bildirmişdir. «xxxx» KB ASC-dən isə ona bu bank tərəfindən heç bir zəng olmadığı bildirilmiş, tövsiyə olunmuşdur ki, bu barədə Cavabdeh2 MMC-yə müraciət etsin. Ən başlıcası onu narahat edən məsələ 012 – 310 – 02 – 57, 055 595 – 51 – 00, 055 595 – 51 – 31 tərəfindən onun həmkəndlilərinə (Əfsər Vəliyev 050 542 – 86 – 23, Saqi Əhmədov 050 596 – 86 – 02) onun kreditinin olması barədə məlumatın ötürülməsi və onun krediti ödəməməsi barədə şikayətlənmələri, bu şəxslərin ona kreditin ödənilməli olmasını çatdırmalarını bildirmişlər. Bu qanuna görə bankın onu şantaj etməsi, bank sirrinin ictimailəşməsi, bir şəxs olaraq onun ailə-büdcə sirrinin ictimailəşdirilməsi kimi qiymətləndirilir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsi (bank sirri) kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, «ASAN Xidmət» Prezident aparatı yanında xüsusi innovasiya xidmətidir, bu xidmətin verdiyi müəyyən sənədlər – şəxsiyyət vəsiqəsi, vətəndaşlıq pasportu, sürücülük vəsiqəsi və digər ümumi məlum olan sənədlər dünyanın 200-ə yaxın ölkəsində keçərlidir. Lakin «xxxx» KB ASC-də bu innovasiya xidmətinin verdiyi sənəd keçərli hesab olunmur və kəskin şəkildə rədd edilir. Bütün ona qarşı olan haqsızlıq və qanunsuzluq bü günə qədər hüquqi qiymətini almamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən irəli sürülmüş hazırkı iddia tələbindən belə başa düşülür ki, guya Cavabdeh2 MMC tərəfindən 2020-ci ilin mart-aprel aylarından başlayaraq müxtəlif telefon nömrələrindən Cavabdeh2 MMC və «xxxx» KB ASC adı ilə ona zənglər olunmuş və onun tərəfindən gələn zənglərə cavab olaraq borcunun olmadığını və bu barədə ona 1 saylı «ASAN xidmət» mərkəzindən MKR arayışının verildiyi bildirilmişdir. Lakin, buna baxmayaraq cavabdehlər tərəfindən onun kredit borcunun olmadığına baxmayaraq müxtəlif vaxtlarda narahat edildiyi, bununla yanaşı cavabdehlər tərəfindən onun Əfsər Vəliyev və Saqi Əhmədov adlı həmkəndlilərinin narahat edildiyi iddia ərizəsində qeyd edilmişdir. Nəticə etibarı ilə iddiaçı hesab edir ki, cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində onun ailə-büdcə sirri ictimailəşdirilmiş, əsəb, stres və gərginlik yaşadığı üçün ona cavabdehlər tərəfindən 20.000 manat məbləğində təzminat ödənilməlidir. İrəli sürülmüş hazırkı iddia tələbini qəbul etməyərək etirazını bildirir. Belə ki, iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirməyən məlumatlardır. Həmçinin, hazırkı iddia tələbi şifahi mülahizələrdən başqa heç bir sübutla təsdiqini tapmır və iddiaçı tərəf məhkəməyə və onlara irəli sürdüyü tələbi əsaslandıran dəlillərini təqdim etməmişdir. Belə ki, iddiaçının istinad etdiyi xüsusatlarla bağlı bildirir ki, Cavabdeh2 MMC və «xxxx» KB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli (kreditlərin qaytarılması üzrə xidmətin göstərilməsi haqqında) müqavilənin 1.1 və 3.2.1-ci bəndinə əsasən «xxxx» KB ASC xx.xx.2016-cı il tarixədək və xx.xx.2016-cı il tarixdən sonrakı dövrü əhatə edən öz kredit portfelində mövcud problemli kreditlərin qaytarılması üzrə səlahiyyətlərini (hüquqlarını) Cavabdeh2 MMC-yə ötürmüş və Cavabdeh2 MMC isə «xxxx» KB ASC qarşısında kreditlərin qaytarılması üçün məhkəməyə qədər, məhkəmə qaydasında və məhkəmə qərarlarının icrası üzrə icraatda bütün tədbirləri görmək və həmin öhdəliyin icrası ilə əlaqədar qanunamüvafiq qaydada borclu şəxslərin və onların əmlaklarının axtarılması, habelə tələbin borclu şəxslərin pul vəsaitlərinə və əmlaklarına yönəldilməsi istiqamətində zəruri tədbirləri həyata keçirmək öhdəliyini götürmüşdür. Buna görə də, İddiaçı borclu tərəf olduğu İmişli rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(036)-47/2015 saylı məhkəmə əmrinin və İmişli rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(036)- 300/2016 saylı qətnaməsinin icrası ilə əlaqədar İddiaçı məhkəmə qərarlarında qeyd olunan borc məbləğlərinin ödənilməsindən boyun qaçırmasının qarşısını almaq və nəticə etibarı ilə dövlətin adından çıxarılmış məhkəmə qərarlarının icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 MMC tərəfindən haqlı olaraq və qeyd olunan müqavilənin tələblərinə uyğun olaraq qanuna müvafiq tədbirlər görülmüşdür. Hesab edir ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı münasibətdə hər hansı formada qanun pozuntusuna yol verilməmiş və nəticə etibarı ilə ona hər hansı formada maddi və mənəvi ziyan vurulmamışdır. Həmçinin, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının onun kredit öhdəliklərinə restrukturizasiyanın tətbiq edilməməsi ilə bağlı iddia ərizəsində qeyd olunan məsələ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə aid deyildir və həmin məsələ ilə bağlı onun aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ yaradır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclaslarında iştirak edən cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, Bank sirr təşkil edən, müştəriləri hər hansı cəhətdən narahat edə biləcək, qayğılandıracaq məlumatları ciddi şəkildə qoruyur. İddiaçının iddia ərizəsində qeyd olunan şəxslərin əlaqə nömrələrini bank hər hansı qanunsuz yolla əldə etməmişdir, həmin nömrələri əlavə əlaqə nömrələri kimi iddiaçı özü banka təqdim etmişdir. Bank müştərilərin verdikləri məlumatlardan başqa digər məlumatlara sahib deyildir və iddiaçı özü, bankla müqavilə bağlayarkən əlavə əlaqə nömrələri olaraq iddia ərizəsində qeyd olunan şəxslərin mobil nömrələrini təqdim etmişdir. Həm bank, həm də digər cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmamış, qanuni mənafelərinə ziyan dəyməmişdir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «xxxx» KB ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh «xxxx» KB ASCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş İmişli rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(036)-4715/2015 saylı məhkəmə əmrindən görünür ki, kreditor «xxxx» KB ASC-nin borclular İddiaçı və qeyrisindən kredit müqaviləsi üzrə borcun tutulması haqqında məhkəmə əmri verilməsi barədə ərizəsi təmin edilmiş, borclular İddiaçı və X2 müştərək qaydada 2.936 manat 46 qəpik əsas borc, 210 manat 15 qəpik faiz, 70 manat 53 qəpik cərimə, cəmi 3.217 manat 14 qəpik və ödənilmiş 20 manat dövlət rüsumunun tutulub tələbkar «xxxx» KB ASC-nin hesabına köçürülməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş İmişli rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(036)-300/2016 saylı qətnaməsindən görünür ki, «xxxx» KB ASC-nin İddiaçı və X4 qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı və X2 müştərək qaydada 2.936 manat 46 qəpik əsas borc, 210 manat 15 qəpik faiz, 70 manat 53 qəpik cərimə, cəmi 3.217 manat 14 qəpik və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq «xxxx» KB ASC-yə verilməsi, əlavə olaraq İddiaçı və X2 10 manat dövlət rüsumunun tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli 2(106)- 918/2016 saylı qətnaməsindən göründüyü kimi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(036)- 300/2016 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, qətnamə qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında verilmiş tövsiyələr, həmçinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında verilmiş göstərişlər baxımından da, iddiaçı ona cavabdehlərin təqsirli hərəkət, yaxud hərəkətsizlikləri nəticəsində maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçının hüquqları pozulmamışdır, cavabdehlər qanunvericilik çərçivəsində hərəkət etmişlər və cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi ziyan vurulmamışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər «xxxx» KB ASC-yə və Cavabdeh2 MMC-yə qarşı «20.000 manat məbləğində təzminatın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər «xxxx» KB ASC-yə və Cavabdeh2 MMC-yə qarşı «20.000 manat məbləğində təzminatın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2068/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2068/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver