Məhkəmə qərarları › İş №2(006)-2070/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2070/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2070/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7 oğlunun və cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "X1 Mərkəzi" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" ASC və ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı 10.02.2015-ci il tarixli, 5715 F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən 36 ay müddətinə, illik 18 faiz şərtilə 89000 ABŞ dolları kredit götürmüşdür. Eyni zamanda iddiaçı ilə bank arasında 10.02.2015-ci il tarixdə İpoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən yuxarıda qeyd etdiyi kredit müqaviləsinin təminatı qismində iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili Cavabdeh1 ASC-yə girov qoymuşdur. Bir müddət aylıq kredit ödənişlərini vaxtlı-vaxtında yerinə yetirsə də, sonradan kredit ödənişlərini həyata keçirə bilmədiyindən bank iddiaçını məhkəməyə vermişdir. Nəticədə, Nəsimi rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(0046)-72/2018 nömrəli qətnaməsinə əsasən, ilkin iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 ASC-nin iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 81589 ABŞ dolları əsas, 19838,02 ABŞ dolları faiz borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satıldıqdan sonra bir ay müddətində boşaldılması, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh1 ASC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən kreditor bank apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti faiz borcunun tutulması hissəsində qismən təmin edilmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin 18.02.2020-ci il tarixli, 2(103)-248/2020 saylı qətnaməsinə əsasən, cavabdehdən tutulmalı olan faiz borcu 31341,55 ABŞ dolları olaraq müəyyən edilmiş, qalan hissədə apelyasiya şikayəti təmin edilməmişdir. İddiaçıya məxsus olan əmlakın ipotekasına xitam verilməlidir. Eyni zamanda mülkiyyətində olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatının ləğvi və mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın mülkiyyətçiyə qaytarılması qanunvericiliyin tələbidir. İddia tələbini aşağıda qeyd olunanlarla sübut edir: Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 04.09.2020-ci il tarixli, 12324/54913/2020-5-3 saylı sifariş məktubu əsasında “X1 Mərkəzi" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmiş və “X6run 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə - 86063 manata ipoteka saxlayana - LPO Cavabdeh1 ASC-yə təklif edilmişdir. Baxmayaraq ki, hərrac təşkilatının təklifindən 4 aya yaxın müddət keçmişdir, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “X6”un 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qeyd olunan maddənin mətnindən belə aydın olur ki, “X6”un 43.8-ci maddəsinə əsasən əmlakın ipotekasına xitam verilməsi üçün 2 şərt mövcuddur: Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra ipoteka saxlayan tərəfindən onun üçün müəyyən edilmiş 30 təqvim gününün ötürülməsi və İpoteka saxlayan tərəfindən 30 təqvim günü müddətində ipoteka predmetinin əldə edilməməsi. Birinci şərtdə, Cavabdeh1 ASC ipoteka predmetinin əldə edilməsi üçün 30 təqvim gününü ötürmüşdür. Yuxarıda da qeyd olunduğu kimi, “X1 Mərkəzi" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin təkrar hərracının baş tutmaması və LPO Cavabdeh1 ASC-yə ipoteka predmetinin əldə olunmasına dair bildiriş göndərilmişdir. Buna baxmayaraq ipoteka saxlayan 30 təqvim günü ərzində zəruri tədbirləri görməmişdir. İkinci şərtdə, Cavabdeh1 ASC tərəfindən ipoteka predmeti əldə edilməmişdir. “X6un 43.8-ci maddəsində nəzərdə tutulmuş “ipoteka predmetinin əldə edilməsi” termini özündə yalnız hərrac təşkilatının təklifinə rəsmi yazılı münasibəti etiraf etmir. Ola bilər ki, ipoteka saxlayan hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsinə dair təklifinə 30 təqvim günü ərzində yazılı razılıq məktubu ilə cavab versin və müsbət niyyətini bildirsin. Lakin bu ipoteka predmetinin əldə edilməsi anlamına gəlmir. Bu barədə də qanunvericiliyin mövqeyi birmənalıdır və heç bir sual doğurmur. Belə ki, “əldə etmə” termini əmlaka faktiki sahibliyi, ondan istifadəni və ona dair sərəncam verməyi bildirir. Mülki Məcəllənin 146.1 və 146.2-ci maddəsindən də bildiyimiz kimi, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eləcə də, Mülki Məcəllənin 139-1.1.2-ci bəndinə əsasən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hərracın nəticələrinə dair yekun protokol isə təkrar hərrac baş tutmamış hesab olunduqdan və ipoteka saxlayan tərəfindən hərrac təşkilatının təklifinə rəsmi yazılı cavab verildikdən sonra tərtib olunur. Bundan sonra həmin protokol əsasında ipoteka saxlayan ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmək üçün müvafiq reyestr orqanına müraciət etməlidir. Sadalanan normaların da tələbindən göründüyü kimi, ipoteka saxlayan ipoteka predmetinin əldə edilməsinə dair hərrac təşkilatının təklifini aldıqdan sonra təklifə rəsmi yazılıq razılıq verməklə kifayətlənməməli, həmçinin 30 təqvim günü ərzində həmin əmlak üzərində öz mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmalıdır. Müvafiq halda isə Cavabdeh1 ASC nəinki öz hüququnu reyestr orqanında qeydiyyat aldırmamış, hətta hərrac təşkilatının təklifinə belə heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli Qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Eləcə də həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, “İpoteka Haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Bundan əlavə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun birinci bəndində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Buda onu deməyə əsas verir ki, iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin Cavabdeh1 ASC tərəfindən girovda qalması iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh1 ASC ipoteka predmetinin əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 30 təqvim günü müddətini ötürməmişdir. Belə ki, “X1 Mərkəzi" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin təkrar hərracının baş tutmaması və LPO Cavabdeh1 ASC-yə ünvanladığı ipoteka predmetinin əldə olunmasına dair bildiriş 23 oktyabr 2020-ci il tarixdə göndərilmiş, tərəflər arasında satış protokolu isə 10 noyabr 2020-ci il tarixdə imzalanmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "X1 Mərkəzi" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 248/2020 nömrəli, 18.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-72/2018 saylı 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "Cavabdeh1" ASC-nin cavabdeh İddiaçı qarşı "kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, iddiaçının xeyrinə 81589 ABŞ dolları əsas, 19838,02 ABŞ dolları faiz, cəmi 101427,02 ABŞ dolları kredit borcunun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin 135000 manat məbləğində müəyyən edilərək açıq hərracdan satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzili tərk etməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmiş, həmin qətnamədən ilk iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli, 2(006)-72/2018 saylı qətnaməsi cavabdehdən 19838,02 ABŞ dolları faiz borcunun tutulması, qalan hissədə faiz borcunun tutulmasının rədd edilməsi, ümumi borc məbləğinə aid hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin olunması, cavabdeh İddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 31341,55 ABŞ dolları məbləğində faiz borcunun tutulması, ləğv olunmuş qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. İş materiallarında olan “Market” qəzetinin 09 sentyabr-17 sentyabr 2020-ci il tarixli buraxılışının çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin satış qiyməti 135000 manat müəyyən edilməklə, açıq hərracın 30 sentyabr 2020-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı 09.09.2020-ci il tarixli, 007 №-li bildirişin surətindən görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən №12324/54913/2020-5-3 saylı 04.09.2020 tarixli məktubla ünvan 1, mənzil 3 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakm satış qiyməti 135000 manat təşkil edir. Açıq hərrac 30 sentyabr 2020-ci il tarixdə saat 11:00-da ünvan 3 ünvanında keçiriləcəkdir. İş materiallarında olan “Market” qəzetinin 02 oktyabr-08 oktyabr 2020-ci il tarixli buraxılışının çıxarışından görünür ki, 30 sentyabr 2020-ci il tarixinə təyin olunmuş hərrac baş tutmadığından ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin satış qiyməti 114750 manat müəyyən edilməklə, açıq hərracın 21 oktyabr 2020-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin sifarişçiyə, tələbkara və borcluya ünvanladığı 02.10.2020-ci il tarixli, 134 №-li bildirişin surətindən görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən №12324/54913/2020-5-3 saylı 04.09.2020 tarixli məktubla ünvan 1, mənzil 3 açıq hərracda satışının təşkil edilməsi üçün sifariş verilmişdir. Əmlakm satış qiyməti 114750 manat təşkil edir. Açıq hərrac 21 oktyabr 2020-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçiriləcəkdir. İş materiallarında olan “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə” 23.10.2020-ci il tarixli, 177 №-li bildirişin surətindən görünür ki, ünvan 1, mənzil 3 keçirilən hərraclar zamanı satılmamışdır. Əmlakı almaqla üçün müqavilə bağlanması Cavabdeh1 ASC-yə təklif olunmuşdur. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin 10.11.2020-ci il tarixli YP№-057 saylı satış protokolunun surətindən görünür ki, İddiaçı məxsus ipoteka yüklü Bakı səhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 107 mənzil 3 keçirilən hərraclada iştirakçı olmadığına görə ”İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "Cavabdeh1" ASC əmlakı 86.063 manata almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac bas tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il Qərarına əsasən “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsinə əsasən iddiaçının mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilə ipoteka predmeti kimi tutma yönəldilmiş, mənzil açıq hərracda satışa çıxarılmış, 30 sentyabr 2020-ci il tarixində ilkin, 21 oktyabr 2020-ci il tarixində isə ikinci hərrac keçirilmiş, lakin hərraclar baş tutmadığından 23 oktyabr 2020-ci il tarixində ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ləğv prosesində olan Cavabdeh1 ASC-yə təklif olunmuş, 10 noyabr 2020-ci il tarixində isə həmin mənzil bank tərəfindən əldə edilmişdir. Beləliklə, iddiaçı tələbini cavabdehin təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini əldə etməməsi ilə əsaslandırsa da, işin hallarından göründüyü kimi, cavabdeh 23 oktyabr 2020-ci il tarixində ona təklif olunan mənzili (cavabdehin hərracın baş tutmaması barədə daha əvvəldən məlumatlı olmasına dair hər hansı sübut müəyyən edilməmişdir) 10 noyabr 2020-ci il tarixində əldə etməklə bunun üçün qanunvericilikdə müəyyən edilmiş 30 təqvim günü müddətini ötürməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "X1 Mərkəzi" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" ASC və ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və s." tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "X1 Mərkəzi" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" ASC və ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar