Məhkəmə qərarları › İş №2(006)-2071/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2071/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2071/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 01.01.2021-ci il tarixindən başlayaraq 24.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər növbəti il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq alimentin hesablanaraq hər ay iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5080/2018 saylı, 24.12.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 18.08.2017-ci il tarixindən başlayaraq 31.12.2017-ci ilədək hər ay 136.60 manat, 01.01.2018-ci il tarixdən sonra isə hər ay 154 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, uşağın qayğısını iddiaçı çəkir və onun ehtiyacı tamamilə onun öhdəliyindədir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiysə ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çətindir. Ölkə ürzə yaşayış minimumu 2017-ci ildə 136.3 manat, 2018-ci ildə 254 manat, 2019-cu ildə 160 manat, 2020-ci ildə isə 170 manat təşkil etmişdir. Göründüyü kimi hər il Respublika üzrə yaşayış minimumu dəyişdiyindən aliment məbləğinin artırılması ilə bağlı hər il iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranır ki, bu da iddiaçı üçün əlavə xərc, məhkəmələr üçün isə vaxt itkisidir. Bu səbəbdən qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə qabaqcadan heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxsin izahatını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 19 aprel 2018-ci il tarixli, AZ-İ № 289997 saylı nikahın pozulması haqqında qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh X3 arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19.04.2018-ci il tarixdə 121 № ilə qeyd edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 26 fevral 2022-ci il tarixli Arayışdan görünür ki, ailə mübahisəsi üzrə 26.02.2022-ci il tarixində, 15:00-16:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 31 iyul 2013-cü il tarixli, AZ-İİİ 116202 №-li doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 31 iyul 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqın saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən edilməlidir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin, bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 24.06.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat məbləğində aliment tutularaq cavabdeh İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh “01.01.2021-ci il tarixindən başlayaraq tutulması” hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia tələbi isə alimentin təyin edilməsi tələbi yox, alimentin artırılması tələbi olduğu üçün məhkəmə hesab edir ki, aliment cavabdehdən əvvəlcədən tutulduğundan qətnamə qanuni qüvvəyə mindikdən sonra 193 manat məbləğində aliment cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-5080/2018 saylı, 24.12.2018-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh 24.06.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat məbləğində aliment tutularaq cavabdeh İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar