Məhkəmə qərarları › İş №2(006)-2072/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2072/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2072/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı, Cavabdeh nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı – İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-276/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq birgə nikahdan anadan olan övladları 18.07.2006-cı il təvəllüdlü X4, 18.01.2012-ci il təvəllüdlü X2 və 10.02.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 579 (beş yüz yetmiş doqquz) manat alimentin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 24.01.2007-ci ildə nikaha daxil olmuşdur. Onların birgə nikahdan üç övladı - 18.07.2006-cı il təvəllüdlü X9, 18.01.2012-ci il təvəllüdlü X6 və 10.02.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlu dünyaya gəlmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3225/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə mənim ilə Cavabdeh arasında 24 noyabr 2007-ci il tarixdə Masallı rayon Səmidxan ərazi nümayəndəliyində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 18.07.2006-cı il təvəllüdlü X10, 18.01.2012-ci il təvəllüdlü X6 və 10.02.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlu iddiaçının yanında saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin eyni tarixli, eyni nömrəli qətnaməsi ilə Cavabdeh 07 mart 2017-ci il tarixdən başlayaraq 18.07.2006-cı il təvəllüdlü X5, 18.01.2012-ci il təvəllüdlü X2 və 10.02.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun saxlanması üçün hər ay hər uşaq üçün 136 manat olmaqla cəmi 408 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Sonradan iddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-276/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, birgə nikahdan doğulmuş övladlarımızın saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulmuşdur. Uşaqların hər üçü iddiaçının himayəsindədir. Onların bütün maddi tələbatlarını iddiaçı ödədiyindən, bir uşaq azyaşlı, digər iki oğlu isə həm azyaşlı həm də xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir, ona görə də maddi vəziyyətim pisdir. X5 və Ağayev Mikayıl Rövşən oğlunun sağlamlıq imkanları məhduddur. Onların maddi tələbatı digər uşaqların maddi tələbatından daha çoxdur. Belə ki, onlar mütəmadi dərman qəbul etməli, həkimin nəzarətində olmalı, tibbi prosedurlardan vaxtlıvaxtında keçməlidir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Masallı rayonu, Səmidxan ərazi nümayəndəliyi tərəfindən verilmiş, AZ-İ seriyalı, 884129 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 18 iyul 2006-cı il tarixdə Masallı rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 25 yanvar 2007-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Masallı rayonu, Səmidxan ərazi nümayəndəliyi tərəfindən verilmiş, AZ-İİ seriyalı, 818613 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 18 yanvar 2012-cı il tarixdə Masallı rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 mart 2012-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Masallı rayonu, Səmidxan ərazi nümayəndəliyi tərəfindən verilmiş, AZ-İİİ seriyalı, 487624 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağayev Mikayıl Rövşən oğlu 10 fevral 2015-cı il tarixdə Masallı rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 mart 2015-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-276/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuş, 18.07.2006-cı il təvəllüdlü X5, 18.01.2012-ci il təvəllüdlü X2 və 10.02.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4520/2021 saylı 26.05.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-276/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 18.07.2006-cı il təvəllüdlü X5, 18.01.2012-ci il təvəllüdlü X2 və 10.02.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlu üçün 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-276/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2022-ci il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, 18.07.2006-cı il təvəllüdlü X4, 18.01.2012-ci il təvəllüdlü X2 və 10.02.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 276/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 18.07.2006-cı il təvəllüdlü X4, 18.01.2012-ci il təvəllüdlü X2 və 10.02.2015-ci il təvəllüdlü Ağayev Mikayıl Rövşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-276/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar