Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2077/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçının üç iri buynuzlu heyvanının elektrik cərəyanı vurması nəticəsində tələf olması ilə bağlı ona dəymiş 5200 (beş min iki yüz) manat məbləğində maddi zərərin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus paylayıcı elektrik xəttinin qırılması və cavabdehin vaxtında təmir-bərpa işləri aparmaması nəticəsində iddiaçının üç baş iri buynuzlu 4-5 illik sağılan heyvanı elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Bununla bağlı iddiaçı dərhal Ağdaş elektrik şəbəkəsinə, qəsəbə və rayon baytarlıq idarəsinə müraciət etmişdir. Ağdaş elektrik şəbəkəsinin texniki və mühəndis heyəti hadisə yerinə gəldiyi zaman artıq heyvanlar tələf olmuşdu. Özləri, həmçinin, sakinlər heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olmasının canlı şahidi oldular. X4 şəbəkəsinin səhlənkarlığı ucbatından iddiaçının üç iribuynuzlu heyvanı, ikisi iki min manat, digəri isə min iki yüz manat orta bazar qiyməti olmaqla tələf olmuş, ümumilikdə iddiaçıya 5200 (beş min iki yüz) manat maddi ziyan dəymişdir. İddiaçı Ağdaş Elektrik şəbəkəsindən ona dəymiş ziyanı tələb etsə də, dəymiş ziyan qarşılanmamışdır. Bununla bağlı Ağdaş Elektrik şəbəkəsi barəsində hüquq-mühafizə orqanlarına müraciətindən sonra ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ağdaş Elektrik şəbəkəsinin səhlənkarlığı ucbatından iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir.
3. İddiaçı tərəfindən təqdim edilmiş ərizəyə əlavədən görünür ki, Azərişığın 3 baş iri buynuzlu heyvanın ölməsi ilə bağlı verdiyi bildiriş, orada göstərilən faktlar öz işçilərinin çirkin cinayət əməllərinin üstünü ört-basdır etmək üçündür. Elektrik naqillərinin əl ilə kəsilib yerə atılması haqqında məlumat kimi təqdim edilir. Naqilin kəsilib atılması faktı gizlədilir. Ona görə ki kənar işıq satmaqla məşğuldur. Özü söz verdi ki, “məsləhət etmişik, sizə ölmüş malın əvəzinə mal alıb verəcəyik”. Elektrik vurulması haqqında onun səs yazıları var. Video şəkilləri var. Bildirirlər ki, baytar həkimin rəyi yoxdur. İddiaçı Ağdaş Baytarlıq İdarəsinin müdirinin yanında olmuşdur. O demişdir ki, heyvanlarınıza Kəlbəcər rayon baytar həkimləri iynə vurub. Onlar o işə baxmır. Bölgə baytar həkimlərinə də müraciət edildi. O da eyni sözü təkrarladı. Baytar həkimləri ilə telefon zəngləri var. Həmin işıq işçisinin sübut üçün səs yazıları da var. İddiaçı Polis şöbəsinin də qəbulunda olmuşdur. O da sahə müvəkkilinə tapşırmışdır ki, onlar buna baxmır. 102 xidmətinin məktubunu məhkəməyə göndərməli olması bildirilmişdir. Ona görə də iddiaçı çirkin cinayət əməlləri haqqında tədbir görülməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək, cavabdehin etirazlarının öz işçilərinin çirkin əməllərinin üstünü ört-basdır etməkdən ibarət olduğunu, müvafiq elektrik xəttinin yaxın qonşuya deyil, 1 km məsafədə olan qonşuya getdiyini, 30 ildir fəaliyyət göstərdiyini, işıq dirəklərinin üstündə heç kimin xüsusi elektrik xəttinin olmadığını, xəttin Azərişığa aid olduğunu bildirmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş aktdan görünür ki, Kəlbəcər rayonundan köçkün düşmüş, Ləki qəsəbəsində məskunlaşmış aşağıda adları qeyd olunan şəxslər tərəfindən bildirilir: “xx.xx.2024-cü il tarixdə səhər saat 11:00 radələrində qonşumuz İddiaçı məxsus evin 20 metrliyində ona məxsus 3 baş malı elektrik cərəyanı vurub öldürmüşdür. Hadisəni öz gözlərimiz ilə görüb şahidi olmuşuq, ona görə də biz – aşağıdakı şəxslər olmuş hadisəni imzamızla təsdiq edirik. Hesab edirik ki, əraziyə nəzarət etməli olan elektrik şəbəkəsi qurumunun vəzifəli şəxslərinin öz vəzifələrinə səhlənkar yanaşmasının, öz vəzifələrinə laqeyd münasibətinin nəticəsində bu hadisə baş vermişdir. Ona görə ki, əvvəllər də dəfələrlə həmin ərazidəki işıq dirəklərinin elektrik naqillərinin çox pis vəziyyətdə olmasının şahidi olmuşuq. İnsanların və heyvanların həyatı barədə təhlükə törətməsi ilə bağlı İddiaçı müvafiq qurumlara müraciət etmiş, lakin zəruri tədbir görülməmiş və nəticədə hazırkı hadisə baş vermişdir. Yuxarıda qeyd olunanların araşdırılmaması, elektrik şəbəkəsinin vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində maddi ziyan dəymişdir. Odur ki, həmin faktın doğru və düzgünlüyünü aşağıdakı imzalarımızla təsdiq edirik”.
9. Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 345301 №-li məcburi köçkün vəsiqəsindən görünür ki, Məmişov X3 rayonunu 1993-cü ildə tərk etmiş, Ağdaş rayonunda məskunlaşmışdır.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ağdaş rayon Polis şöbəsində qəbulda olarkən müraciəti ilə əlaqədar ona hüquqi izah verilmiş, borcun ödənilməsi barədə mülki tələb ilə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. 11 "xxxx" ASC tərəfindən elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş “sorğuya cavab”dan görünür ki, baş vermiş hadisə ilə əlaqədar olaraq Ağdaş EŞ-nin əməkdaşları hadisə yerinə getmiş və 0.4 kV-luq xəttin məftilinin birinin kəsilib yerə atıldığının və 3 baş inəyin yerdə cansız vəziyyətdə olduğunun şahidi olmuşlar. Kəsilmiş naqilə cavabdehin əməkdaşları tərəfindən baxış keçirilərək xəttin cavabdehə aid olmadığını, həmin xəttin yaxınlığındakı qonşu evə gedən “sıfır” xəttinin olduğu və həmin xətdə gərginliyin olmadığı müəyyən edilmişdir. “Sıfır” xəttində ümumiyyətlə elektrik gərginliyi olmur. Odur ki, iddiaçıya hadisə yerində yerdə olan “sıfır” xəttində cərəyan olmadığına görə ona məxsus inəklərin elektrik enerjisindən tələf olmadığı bildirilmişdir. Bundan əlavə hadisə ilə əlaqədar baytarlıq, qida təlükəsizliyi agentliyindən və digər aidiyyəti qurumlardan cavabdehə heç bir məlumat daxil olmamışdır.
12. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, cəmiyyətin əməkdaşları iddiaçıya məxsus həyətyanı sahədə olmuş və 0,4 kV-luq elektrik verilişi xəttinin naqilinin birinin kəsilib yerə atıldığının və 3 baş iribuynuzlu heyvanın yerdə bir istiqamətdə cansız vəziyyətdə olduğunun şahidi olmuşlar. Elektrik verilişi xəttində gərginliyin olub-olmaması yoxlanılmış və kəsilib atılan naqilin “0” elektrik verilişi xətti olduğu və elektrik verilişi xəttində gərginliyin olmadığı məlum olmuşdur. Qonşuya gedən həmin kəsilmiş naqil cəmiyyətin əməkdaşları tərəfindən bərpa edilmişdir. Cəmiyyətin əməkdaşları orada olarkən, iddiaçıya inəklərin cərəyanın təsirinə düşməsi ilə bağlı hər hansı əlaqəsinin olmadığı bildirilmiş, həmçinin inəklərin cərəyanın təsirinə düşərək ölməsi ilə bağlı aidiyyəti qurum (Baytarlıq idarəsi) tərəfindən cavabdehə hər hansı rəy təqdim edilməmişdir.
13. "xxxx" ASC-nin Ağdaş EŞ-nin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, aktı tərtib edən şəxslər xx.xx.2024-cü il tarixdə zəngə əsasən Ağdaş rayonu, L. Qəsəbəsi (hərbi şəhərcik) ərazisində olmuşlar. Baxış zamanı Famil adlı şəxsə məxsus (zəbt edilmiş ərazi) həyətyanı sahəsinin kənarında 0,4 kV-luq EVX-nin yerdə olmasını görmüş, xətdə gərginlik olub-olmadığını yoxlamışlar. Əmin olmuşlar ki, yerdə olan xətt “0” xətdir. Həmin xəttin hər hansı bir qəza halında, yaxud qısa qapanmadan qırılmadığını bilmişlər. Həmin “0” xətti kəsilərək yerə atılmışdır. Yerdə olan xəttin üzərində eyni istiqamətdə 3 ədəd inək görmüş və həmin xətti bərpa etmişdirlər. Sözügedən xətt qonşuya məxsus elektrik sayğacına gedən xətt olmuşdur. Famil kişi həmin xəttin həyətdən çıxarılmasını istəyir. İşçilər ona bildirmişdir ki, inəklərin hər hansı cərəyana məruz qaldığına inanmırlar. Yenə də məlumat üçün bildirmişlər ki, baytar həkimə müraciət etsin və inəklərin nədən öldüyü müəyyən edilsin.
14. Mülki iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər və audiovideoyazıların olduğu disk də mövcuddur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ağdaş rayonunun Ləki qəsəbəsində 3 baş iri buynuzlu inək ölmüşdür. İddiaçı iddia edir ki, həmin inəklər ona məxsus olmuşdur və hesab edir ki, elektrik xəttləri qırılmış, inəklər həmin xəttlərə toxunduğu üçün onları cərəyan vurmuş və tələf olmuşlar. İddiaçı inəklərin ölməsinin səbəbini cavabdehin səhlənkarlığı ilə əsaslandıraraq cavabdehdən maddi zərər tələb edir. İddiaçı öz mülahizələrini kənd sakinləri ilə birlikdə tərtib edilmiş akt, şəkillər və audio-video yazı ilə əsaslandırır. Cavabdeh "xxxx" ASC isə iddia tələbinin əsassız olduğunu, inəklərin ölüm səbəbinin bilinmədiyini, ölüm səbəbinin müəyyən edilməsi barədə baytarlıq rəyinin olmadığını bildirir və təmin edilməməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
16. Məhkəmə qeyd etməyi zəruri sayır ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
17. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
19. Bu baxımdan, iddiaçı ilk növbədə ona məxsus olan inəyin tələf olmasını, daha sonra bu hadisənin elektrik xəttindən keçən elektrik cərəyanından baş verdiyini və hadisənin baş verməsinin bu xəttin təhlükəsiz fəaliyyətinin cavabdeh tərəfindən təmin edilməməsi nəticəsində mümkün olduğunu sübut etməlidir. Lakin iddiaçının təqdim etdiyi sübutlar hüquqi nəticə etibarı ilə iddianın hər hansı formada təmin edilməsi üçün əsas yaratmış olmur.
20. Belə ki, iddiaçı tərəfindən bu halı təsdiq edən sübut kimi təqdim edilən kənd sakinlərinin imzaladığı və bələdiyyənin möhürü ilə təsdiqlənən akt ümumilikdə 12 nəfər tərəfindən imzalansa da, onların hər hansı birinin baytarlıq sahəsi üzrə xüsusi biliyə malik olması müəyyən edilmir. Həmçinin, onların imzası inəklərin ölüm faktını təsdiq etsə də, inəklərin ölüm səbəbinin onları elektrik cərəyanı vurması bu aktla öz təsdiqini tapa bilməz. Çünki bunu müəyyən etmək üçün inəklərin üzərində yüksək gərginlikli elektrik enerjisinə xas olan izlər olmalı (yanıq, qaraltı və s.) və məhz baytar həkim tərəfindən məhz bu izlərin mövcudluğu müəyyən edilərək və yarma aparılaraq inəklərin ölüm səbəbinin nə olması ilə bağlı nəticəyə gəlinməli idi. Lakin aktdan görünür ki, sakinlər yalnız iddiaçının ehtimallarının yazıldığı akta sadəcə imza çəkmişlər, iş materiallarındakı fotoşəkillərdən isə inəklərin üzərində yuxarıda qeyd olunan izlərin olmaması müəyyən edilir.
21. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Baytarlıq xidməti və nəzarəti tədbirlərininə görə alınan xidmət haqqının” məbləğinin təsdiq edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına istinadən onu da qeyd edir ki, belə bir hadisənin baş verməsi nəticəsində görülməli olan baytarlıq-sanitariya tədbirləri çərçivəsində ölmüş heyvanların cəsədlərinin zərərsizləşdirilməsi zamanı iribuynuzlu heyvanın cəsədində yarma aparılmalı, laborator müayinələr üçün patoloji material götürülməli, yarma protokolu tərtib edilməli (çatdırılması və laboratoriya müayinəsi xərci nəzərə alınmadan), habelə cəsədin zərərsizləşdirilməsi zamanı dezinfeksiya işləri aparılmalıdır. Eyni zamanda, bu işlərin görülməsi üçün xidmət haqqı müəyyən edilmişdir. Lakin nə yarma protokolunun tərtib edildiyi, nə də ki xidmətin haqqının ödənildiyi müəyyən edilir. Sakinlər tərəfindən imzalanmış akt isə nə forma, nə də ki məzmun etibarı ilə yarma protokolu kimi qəbul edilə bilməz. Baytara zəng vurulduğu, lakin baytarın gəlməməsinə münasibətdə məhkəmə qeyd edir ki, inəklərin hansı səbəbdən tələf olmasının sübut edilməsi yükü iddiaçının üzərində olduğuna görə müvafiq tədbirlərin görülməsi və hərəkətlərin edilməsi də iddiaçıya aid edilir. Lakin göründüyü kimi, iddiaçı sübutetmə üzrə vəzifəsini yerinə yetirməmişdir.
22. İddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurması isə ən yaxşı halda inəyin ölməsini təsdiq edir, lakin bu halın məhz yüksək gərginlikli elektrik enerjisinin təsirindən baş verməsi qənaətinə gəlmək üçün əsas deyil. Məhkəmə xüsusilə o halı da qeyd edir ki, ümumiyyətlə iddiaçının həyətindən keçən elektrik xəttinin tələb olunan texniki vəziyyətdə olmaması və ətrafdakılar üçün təhlükəli olması da aşkar deyil. İddiaçının bu məsələ ilə bağlı hadisədən əvvəl və ya sonra cavabdehə müraciət etməsi, həmin xəttin müayinə edilməsi və təhlükəsizlik qaydalarına cavab verməməsi də müəyyən edilmir. Hər bir halda, həmin xətt hadisə günü quraşdırılmamış və xeyli müddətdir ki, hadisə baş verən həyətdədir. Onun təhlükəli olduğunu bilən və ya bilməli olan, habelə tələb olunan məsafədə quraşdırılmadığını müəyyən edən şəxs olaraq iddiaçı müvafiq tədbirlərin görülməsi üçün cavabdehə müraciət etməli idi. Məhkəmə nəzərə alır ki, kənd sakinləri tərəfindən tərtib edilmiş aktda “İddiaçı müvafiq qurumlara həmin elektrik xəttinin insan və heyvanlarının həyatı üçün təhlükəli olması barədə müraciət etdiyi” qeyd edilsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, bu barədə sübutların əldə edilməsi üçün iddiaçı tərəfindən vəsatətlə məhkəməyə müraciət edilməmişdir.
23. İddiaçı tərəfindən təqdim edilmiş səs yazılarına münasibətdə məhkəmə qeyd edir ki, həmin səs yazıları ilə inəklərin elektrik cərəyanı ilə təmasda olması səbəbindən ölmələri sübut edilmir.
24. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
25. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, iddiaçının inəklərinin məhz həyətdən keçən elektrik xəttinin (yüksək gərginlikli elektrik enerjisinin) təsiri nəticəsində tələf olması (səbəbli əlaqə) və bu baxımdan cavabdehin təqsiri (hərəkət və ya hərəkətsizliyi) müəyyən edilmədiyindən, bu halların mövcudluğu öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
29. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
30. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir.
Nəticə:
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova