Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2078/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrılmışdır. Həmin ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək N saylı hərbi hissənin tərkibində, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N saylı hərbi hissənin tərkibində, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək N saylı hərbi hissənin tərkibində və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 888 saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 3122 nömrəli məktubunun surətindən görünür ki, iddiaçı "aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fesadlaşmış hər iki ayağı İİİ dərəcəli boylama yastıayaqlıgı" diaqnozu müəyyən edilmişdir. Həmin ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 12390 nömrəli Hərbi Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, "aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fesadlaşmış hər iki ayağı İİİ dərəcəli boylama yastıayaqlıgı” diaqnozu ilə "Xəstəliklər cədvəli"nin 68c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim eksperti haqqında Əsasnamə"yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixli, 12390 nömrəli Hərbi Həkim Komissiyasının xəstəlik haqqında şəhadətnamənin "aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fesadlaşmış hər iki ayağı İİİ dərəcəli boylama yastıayaqlıgı" diaqnozu olmağına baxmayaraq xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həqiqi-hərbi xidmətdə olmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin və həmin şöbəsinin hərbi həkim komissiyasının qanunsuz hərəkətləri nəticəsində xidmətə yararsız olduğu halda “xidmətə yararlıq haqqında” saxta rəy verməklə onun vətəndaş kimi Konstitusiya ilə qorunan sağlamlıq hüquqları pozulmuşdur. Belə olan halda sığorta ödənişinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmişdir. Həmin ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********* nömrəli Azərpoçt MMC-nin mədaxil qəbzin surətindən də görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmiş, lakin heç bir cavab gəlməmişdir. Ona görə də hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin bu təqsirli hərəkətləri nəticəsində səhhətinə vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin bu təqsirli hərəkətləri nəticəsində səhhətinə vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suala cavab olaraq isə heç bir yerdə, eləcə də dövlət orqanında işləyə bilmədiyini, belə ki, ondan yararlı hərbi bilet istənildiyini, ayağında olan xəstəliyin anadangəlmə olduğunu, həqiqi hərbi xidmət üçün yararlı olmamış, amma həqiqi hərbi xidmətdə olduğu 9 ay ərzində iş tapa biləcəyini bildirmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə üçüncü şəxsin və cavabdehin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 1463 nömrəli “sığorta olunmuş hərbi qulluqçuların, məhkəmə-hüquq və mühafizə orqanları işçiləri və polis əməkdaşlarının xidmət dövrü haqqında” arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin N nömrəli əmri ilə hərbi xidmətdən tərxis edilmişdir. 7.Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 12390 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdən silahlı qüvvələrdə olan İddiaçı HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında "Xəstəliklər cədvəli"nin 68c maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbihəkim eksperti haqqında Əsasnamə"yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi qeydə alınmışdır. 8.Mülki işin materiallarında olan SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı Ağdam rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2022-ci ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2022-ci ildə xx.xx.2022-ci il tarixli, 12390 nömrəli şəhadətnamə əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Ağdam idarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə xəstəliklər cədvəlinin İİ qrafasının 68C maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 888 saylı Hərbi hissə tərəfindən xx.xx.2022-ci il tarixli, 3122 nömrəli göndərişdən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı hər iki ayağın 2-ci və 3-cü dərəcəli yastıayaqlılığı diaqnozu qoyulmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, həqiqi hərbi xidmətdə olduğu dövrdə xx.xx.2022-ci ildə xx.xx.2022-ci il tarixli, 12390 nömrəli şəhadətnamə əsasında ona aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağı İİİ dərəcəli boylama yastıayaqlığı diaqnozu qoyulmuş və həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xəstəliklər cədvəlinin İİ qrafasının 68C maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Hazırda iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində hərbi xidmətə yararsız olduğu halda xidmətə yararlılıq haqqında saxta rəy verilməklə ona 50.000 manat məbləğində maddi ziyan dəydiyini iddia edir və həmin məbləğin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən tutularaq ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 14.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 15.Hazırki iş üzrə işin faktiki hallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, həqiqi hərbi xidmətdə olduğu dövrdə xx.xx.2022-ci il tarixli, 12390 nömrəli şəhadətnamə əsasında ona “aşıqqayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağı İİİ dərəcəli boylama yastıayaqlığı” diaqnozu qoyulmuş və xx.xx.2022-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi biletinə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı kimi qeyd əlavə edilmişdir. 16.Hazırda iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsi və həmin şöbənin hərbi həkim komissiyasının qanunsuz hərəkətləri nəticəsində ona 50.000 manat məbləğində maddi ziyan dəydiyini iddia edir. İddiasını isə onunla əsaslandırır ki, hərbi xidmətdən tərxis edilməsinə əsas olan ayağındakı problem anadangəlmə problemdir, yəni hərbi xidmətə yararsızdır, lakin buna baxmayaraq xidmətə yararlılıq haqqında rəy verilməklə 8 aya yaxın həqiqi hərbi xidmətdə olmuş və sonda hərbi xidmətə yararsız kimi tərxis edilmişdir. Hazırda hərbi biletində yararsız kimi qeyd edildiyi üçün heç bir yerdə işləyə bilmir və bundan əlavə hərbi xidmətdə olduğu dövrdə belində də ağrılar yaranmış və buna görə fiziki işlə də məşğul ola bilmir. 17.Məhkəmə isə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 50.000 manat həcmində maddi ziyan dəydiyini iddia etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də tələbin əsaslılığına dair hər hansısa bir hal aşkar edilməmişdir. Belə ki, iddiaçının hərbi xidmətdən tərxis edilməsinə səbəb olan aşıq-qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağı İİİ dərəcəli boylama yastıayaqlılıq problemi iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövrdə yaranmamış, onda anadangəlmə xəstəlik olmuşdur. Yəni iddiaçı hərbi xidmətdə olmasa idi keçən müddət ərzində hansısa bir işdə işləyə biləcəyini, lakin işləyə bilmədiyi üçün ona 50.000 manat həcmində maddi ziyan dəydiyini iddia etsə də, bununla bağlı tələbini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmiş, bundan əlavə həqiqi hərbi xidmətdə olduğu zaman ayağındakı problemə görə belində də ağrıların yarandığını və buna görə də fiziki işdə də işləyə bilmədiyini qeyd etsə də, bunu da əsaslandıra bilməmiş, tələbi yalnız formal mülahizələrdən ibarət olmuşdur. 18.Halbuki, qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, hüquqa zidd əməllə onun nəticəsi arasında səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. 19.Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 20.Hazırki vəziyyətdə isə iddiaçının cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi ziyana məruz qalması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 21.Beləliklə də, qeyd olunanlara istinadən məhkəmə hesab edir ki, hazırki işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiyası ilə uzlaşmadığından, yəni tələb əsassız olduğundan təmin edilməməlidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2078/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2078/2025
12.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver