Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2086/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin uzadılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2005-ci il təvəllüdlü X2 Azərbaycan İqtisad Universitetində təhsilini başa vuranadək alimentin uzadılması və sabit pul məbləğində 1/4 hissə alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin alimentin miqdarı az olduğu üçün Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət olunmuş alimentin miqdarı artırılaraq yenidən aylıq qazancının 1/4 hissəsi, yəni 340 manat aliment Cavabdeh tutularaq ona verilmişdir. Onunla Cavabdeh arasında bağlanmış nikah xx.xx.2016-ci ildə rəsmi şəkildə pozulmuşdur. Cavabdehin uşaqla ünsiyyət qurmaq istəməməsinə baxmayaraq, o, övladının atası ilə görüşməsinə mane olmamışdır. Buna baxmayaraq cavabdeh övladı ilə görüşmək istəməmiş, hətta övladı haqqında maraqlanmamışdır. Övladım xx.xx.2005-ci il təvəllüdlü X3 hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal İqtisadiyyat fakültəsinin «İnformasiya texnologiyaları» ixtisası üzrə birinci kurs tələbəsidir. Lakin cavabdeh valideyn olaraq övladı ilə maraqlanmır və heç bir xərcini ödəmir. O, tək yaşayan və köməksiz bir qadın olaraq maddi baxımdan övladının ali təhsil xərclərində çətinlik çəkir. Belə ki, o da xərcləri ödəməkdə çətinlik çəkir. Təkbaşına həm ev xərci, həm də universitet xərcini çəkməkdə problemləri olur. Belə olduğu halda övladı təhsilini başa vuranadək alimentin uzadılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmək üçün rəsmi olaraq dəvət edilsə də, iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəniş etmişdir. Bundan sonra, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh öncəki məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsini əsassız hesab edir. Belə ki, qızı yetkinlik yaşına çatmışdır. Qanunvericiliyin tələblərinə əsasən aliment yetkinlik yaşına çatmayan şəxslərə ödənilir. Onun qızı da yetkinlik yaşına çatdığı üçün sonuncuya aliment ödəmək istəmir. Lakin onu da qeyd edir ki, bir ata kimi qızına maddi köməklik göstərməyə hazırdır. Əgər anası qızına baxa bilmirsə, o, övladına öz yanında baxmağa hazırdır. Buna sübut kimi onu göstərir ki, keçən ay qızı üçün 1000 manat pul verərək, qızına mobil telefon almışdır. Eləcə də, onun yeni ailəsi və həmin nikahdan üç övladı vardır, sonuncuların qayğılarının həll edilməsi üçün mütəmadi olaraq xərc tələb olunduğundan, hazırki iddianı qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh sonrakı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında fikri dinlənilən, tərəflərin yetkinlik yaşına çatmış övladı X3 bildirdi ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal İqtisadiyyat fakültəsinin «İnformasiya texnologiyaları» ixtisası üzrə birinci kurs tələbəsidir. Oxuduğu ixtisasa görə müəyyən kurslarda iştirak etməli olur. Hal-hazırki dövrdə həmin kurslarda iştirak etməyə vəsait lazımdır. Atası onun üçün aliment ödəyəndə bildirirdi ki, ondan başqa üç uşağı da var və sonunculara da baxmalıdır. X6 Nazirliyində işləyir. Atası bu gün də ona zəng etmiş və bildirmişdir ki, anası onu məhkəməyə vermişdir, anasına desin ki, vermiş olduğu iddia ərizəsini geri götürsün. Həmçinin bildirmişdir ki, o, məhkəmə iclaslarında iştirak etmiyəcək və ona pul verməyəcək. Qeyd edir ki, anası əmək haqqı alır. Hal-hazırda anasının və onun sağlamlıqlarında problemlər vardır. Anası öz əmək haqqını ancaq özünə xərcləyir, həmin pul vəsaitindən istifadə edə bilmir. Bir dəfə o, atasından pul istəmişdir ki, özünə paltar almalıdır, atası ona 20 manat pul vermişdir. O, uşaq olarkən, atası ona yaxşı baxırdı, lakin hal-hazırda elə deyil. O, atasından pul istəyəndə ona bildirir ki, üç övladı var və ona baxa bilməz. Onun kursları var və kurslara getmək üçün pul lazımdır. Həmçinin o, «D» vitamini çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Son 4 ay ərzində atası ona 20 manat pul vermişdir. Atası ona ayda 200-250 manat pul versə, ona kifayət edər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər əvvəllər nikah münasibətlərində olaraq, onların bu nikahdan bir övladları doğulmuşdur. Tərəflərin nikahları rəsmi qaydada pozulmuş, uşaq ananın yanında saxlanılmış, uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmuşdur. xx.xx.2005-ci il təvəllüdlü X3 artıq yetkinlik yaşına çatmışdır. Hazırda iddiaçı yetkinlik yaşına çatmış övladının təhsil xərcləri ilə əlaqədar cavabdehdən öncələr tutulması qət edilmiş alimentin tutulmasının davam etdirilməsini, aliment tutulması müddətinin uzadılmasını xahiş edir. Cavabdeh tərəf bildirir ki, iddia əsassızdır. Belə ki, uşaq artıq yetkinlik yaşına çatmışdır, ödənişsiz təhsil alır, sağlamlıq durumu ilə bağlı nə iddiaçının, nə övladının hər hansı narahatçılığı yoxdur, iddiaçı əmək fəaliyyəti ilə məşğul olur. Bundan başqa, cavabdeh məhkəməyə nikah və doğum haqqında şəhadətnamələrin surətlərini təqdim edərək bildirmişdir ki, o, yenidən ailə qurmuş və həmin nikahdan üç övladı da doğulmuşdur. Həmçinin bu səbəbə görə də, o, əlavə xərclərin ödənilməsinə cəlb edilə bilməz. İş materiallarına əlavə olunmuş nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh 01 noyabr 2018-ci il tarixdə Allahverdiyeva (Şirinova) Yeganə Nazim qızı ilə ailə həyatı qurmuş, bu nikahdan onların xx.xx.2018-ci il tarixdə Zəhra, xx.xx.2019cu il tarixdə Musa, xx.xx.2021-ci il tarixdə Nuray adlı üç uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı 2 saylı Mediasiya təşkilatının 09 mart 2023-cü il tarixli MŞB/2-2313/2023 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasına gəlmiş, Cavabdeh isə həmin sessiyaya gəlməmişdir. İddiaçı 50 manat və 10 manat mediasiya xərci ödəmişdir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçının bu cür tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur; habelə, tərəflərin birgə nikahdan olan övladları ödənişsiz təhsil alır; həmçinin iddiaçı özünün və övladının hər hansı xəstəlikdən əziyyət çəkmələrinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının subyektiv hüququnun olmaması ilə bağlı məhkəmə vurğulayır ki, tərəflərin birgə nikahdan olan övladları artıq yetkinlik yaşına çatmışdır və Ailə Məcəlləsində müəyyən edilmiş hallar mövcud olduqda bioloji atasına qarşı müstəqil şəkildə iddia qaldıra bilər. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında (Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair) qeyd olunmuşdur ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. «Təhsil haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. «Uşaq hüquqları haqqında» Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri «Təhsil haqqında» Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsil alması ilə bağlı onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi, cavabdehdən ödənişli təhsillə bağlı vəsait tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin uzadılması» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçıya izah edilməlidir ki, X1 Məcəlləsində müəyyən edilmiş hallar mövcud olduqda bioloji atasına qarşı əlavə xərclərə cəlb edilməsi ilə bağlı müstəqil şəkildə iddia qaldıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin uzadılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2086/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2086/2023
30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver