Məhkəmə qərarları › İş №2(006)-2086/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2086/2024

29.05.2024 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2086/2024 29.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pensiya kartının bərpa olunması və dənilmiş aylar üçün pensiya məbləğlərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 adına olan pensiya kartının bərpa olunmasının, pensiya kartı bloklandıqdan sonra yığılmış pensiya məbləğlərinin karta köçürülərək, kartın ona verilməsinin “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunması və ödədiyim 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13 yanvar 2000-ci il tarixdən X11 ilə nikahdadır və onların aralarında olan nikah göstərilən tarixdə Bakı şəhərinin Binəqədi rayonunda qeydiyyata alınmışdır. X11 hal-hazırda xəstədir və müalicə olunur. Müalicəsi ilə əlaqədar onun pensiyasını fiziki cəhətdən bankomatdan özünün çıxarması qeyri-mümkün olduğundan, onun pensiyası bankomatdan həyat yoldaşı kimi onun tərəfindən çıxarılmış və təbii ki, pensiya məbləği onların birgə yaşayışına və birgə təsərrüfat fəaliyyətinə xərclənmişdir. Göstərilən səbəbdən X5 pensiya kartı Qələmşah xəstələndikdən sonra onda olmuşdur. O, 2024-cü ilin yanvar ayı üçün pensiyanı bankomatdan çıxarmaq istəyərkən məlum olmuşdur ki, kart bloklanıb və bankomat kartı qaytarmamışdır. O, banka müraciət etdiyində ona bildirilmişdir ki, guya banka kartın itməsi barədə məlumat daxil olmuşdur və bu səbəbdən kart bloklanmışdır. Lakin, kartın onda olması və itməməsinə baxmayaraq, X5 həyat yoldaşı olmasına baxmayaraq, kartın itməsi barədə məlumatın banka haradan daxil olması, bu məlumatın hansı səlahiyyətli şəxs tərəfindən və hansı formada banka ötürülməsi barədə ona məlumat verilməsindən imtina olunmuşdur. Bildirmişdir ki, X11 yuxarıda da qeyd etdiyi kimi, hal-hazırda ağır xəstədir və onun özünün pensiya kartının itməsi barədə məlumatı banka yazılı və ya şifahi formada verməsi qeyrimümkündür. X5 ağır xəstə olması ilə əlaqədar təbii ki, ona ən yaxın adam qanuni həyat yoldaşı olmaqla odur və onun pensiyasını da bankomatdan o almalıdır. Təbii ki, X5 ağır xəstə olması ilə əlaqədar pensiya karlı ilə əlaqədar hansı bir məlumatı da banka ona ən yaxın adam və qanuni həyat yoldaşı olmaqla o verə bilərdi, onun tərəfindən isə banka belə bir məlumat verilməmişdir. Məsələ ilə əlaqədar “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli 50 saylı vəkil sorğusu təqdim olunmuşdur. Vəkil sorğusu “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətində sorğunun surətində müvafiq qeyd olunmaqla və ştamp vurulmaqla xx.xx.2024-cü ildə qəbul olunmuşdur. Vəkil sorğusu həmçinin “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə ASC-nin elektron poçt ünvanına elektron qaydada xx.xx.2024cü ildə çatdırılmışdır. Lakin, bu günə qədər “Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən heç bir sorğuya cavab verilməmişdir. Bu səbəbdən X5 adına olan pensiya kartının bloklanmasının səbəbi barədə rəsmi sənədlərin, bank tərəfindən kartın bloklanmasının nəyin əsasında aparılması və bu bloklanmanın hansı qanunvercilik aktı və ya hansı hüquqi-normativ akt əsasında həyata keçirilməsi barədə məlumatların bankdan alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X12 iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, kartın bloklanmasına əsas X7 Nuriyevin banka telefon vasitəsi ilə, sonradan isə yazılı müraciəti olmuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixdə X9-Bakı QSC tərəfindən verilmiş 2447/23 saylı epikrizin surətindən görünür ki, X8 “Alzheimer xəstəliyi, sağ jugular vena trombozu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “Psixi Sağlamlıq Mərkəzi” X17 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışda X8 “Alzheimer xəstəliyi nəticəsində ağır dərəcəli demensiya F00.1MMSE>10” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Psixi Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubda göstərilmişdir ki, ağır demensiya zamanı təfəkkürün məntiqliliyi itirilir. Demensiya zamanı yaddaş və intellekt funksiyalarının pozulması 30 ballıq psixi qısa qiymətləndirilməsi şkalası vasitəsilə ölçülür. Bu şkalaya əsasən 11-19 orta, 10 baldan aşağı ağır demensiya olaraq müəyyən edilir. Qazanılmış əqli zəiflik anadangəlmə əqli geriliklə olduğu kimi X5 fəaliyyət qabiliyyətindən məhrum olmasının müəyyən edilməsi üçün birmənalı əsas sayılır. Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təyin edilir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X3 xx.xx.2000-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Nuriyev, arvada Nuriyeva soyadı verilmişdir. İş materiallarında olan X6 Cavabdeh ASC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.1932-ci il tarixdə doğulmuş atası X5 huşsuz vəziyyətdə reanimasiyada yatması səbəbindən pensiya kartından istifadə etmək iqtidarında olmadığından, onun pensiya kartının onda olmadığından, həmçinin bütün xərclərini o qarşıladığından, atası sağalanadək onun pensiyasının kimlərsə tərəfindən xərclənməsini istəmədiyindən pensiya kartının bloklanmasını xahiş etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1972-ci il tarixdə doğulmuş, onun atası X11, anası X2. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 məxsus pensiya kartı oğlu Tofik Nuriyevin Cavabdeh ASC-yə müraciəti əsasında bağlanmışdır. Bağlanmaya əsas kimi əvvəl-kartın itirilməsini (audio səs yazısı işə əlavə edilir), sonradan isə-kartın onlarda olmamaqla “kimlər tərəfindənsə pensiyanın xərclənməməsi” istəyini qeyd etmişdir (ərizədə qeyd edir). İddiaçı Düriyyə X1 arvadı olmaqla, sonuncunun pensiya kartı iddiaçının istifadəsində olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Qələmşah Nuriyev xəstəliyi ilə əlaqədar olaraq bütün olanlara münasibət bildirmək iqtidarında olmamışdır və hazırda da deyildir. Məhkəmə qeyd edir ki, kartla bağlı yaranmış münasibətlər Bank və müştəri arasında olan münasibətlərə aid edilsə də, hazırda müştərinin (Qələmşah Nuriyev) xəstə olması nəzərə alınmaqla, kartının istifadəçisi onun həyat yoldaşı olan iddiaçı-İddiaçı pensiya kartının açılması ilə bağlı müraciət etməkdə haqlı olmuşdur. Kartın bloklanması barədə müraciət isə nə müştəri nə də istifadəçi - üçüncü şəxs tərəfindən edilmiş və Bank kartın bağlanması əsaslarını yoxlamadan dərhal müraciəti təmin etməklə, kartı bloklamışdır. Halbuki bu səlahiyyət müştərinin özü və ya kart istifadəçisinə verilmişdir. İş materiallarında olan Cavabdeh ASC-də əlaqə mərkəzi şöbəsinin işinin təşkili üzrə təlimatın 2.1.13-cü bəndinə əsasən “kartın bloklaşdırılması”- kart vasitəsilə əməliyyatların həyata keşirilməsinin müvəqqəti və ya birdəfəlik məhdudlaşırılması kimi göstərilmişdir. Təlimatın 11.5.1-ci bəndində göstərilmişdir ki, müştəri özünə aid kartın və onun əsas kartına bağlanmış əlavə kartın PİN kodunun bloklaşdırılması səlahiyyətinə malikdir. Həmin Təlimatın 13.3-cü bəndində göstərilmişdir ki, 3-cü şəxs tərəfindən kartın tapılması ilə bağlı TMB/OCB-ə müraciət daxil olarsa operator tərəfindən PAN nömrə istənilir və müvafiq proqram təminatında kart aktiv olduğu halda birdəfəlik bağlanır. Göründüyü kimi, qeyd olunan bənddə “itirilməsi” deyil, tapılması halına aid qaydalar təsvir edilir. Həmin Təlimatın 13.4.3-cü bəndində göstərilmişdir ki, kartın açılması (kart istifadəçisi tərəfindən bağlanılıbsa) yalnız kart istifadəçisi tərəfindən mümkündür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qaydalarda kartın “itirilməsi” barədə 3– cü şəxsin müraciəti əsasında bloklanmanın aparılmasını bildirən məlumatın və görülməli hərəkətlərin təsvirinin olmadığı və qeyd olunan məsələyə qaydaların 13.3-cü bənddə göstərilənləri analoji olaraq tətbiq edildiyi bildirmişdir. Beləliklə də məhkəmə hesab edir ki, “bloklanma” qaydalara uyğun olmayaraq, əsassız aparılmış və qeyd edilən hissədə iddia təmin edilməli, X5 adına olan pensiya kartının blokdan açılması Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin “yığılmış pensiya məbləğlərinin karta köçürülərək, kartın iddiaçıya verilməsinin “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə həvalə olunması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Qeyd olunan tələb pul tələbinə aid olduğundan, bu tələbin pul vəsaitinin istifadə olunması barədə deyil sərəncam verilməsi ilə bağlı olduğundan, hazırki vəziyyətdə isə kart sahibinin ağır xəstəliklə əlaqədar fəaliyyət qabilyyətsiz hesab edilməsi üçün əsaslar olduğundan (Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 8938 №-li məktubu) məhkəmə qeyd olunan tələb üzrə kart sahibi barədə müvafiq qaydada qəyyumluq müəyyən edildikdən sonra tələbin təmin edilməsi mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X5 adına olan pensiya kartının blokdan açılması vəzifəsi Cavabdeh ASC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar