Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2088/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Rövşən İbrahimovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat pul vəsaitinin alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə tərəfimdən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan məhkum Cavabdeh Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 06 ay 05 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi üçün üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi açılaraq ondan təhvil alınmışdır. Evrodizayn QSCnin xx.xx.2024-cü il tarixli rəyinə əsasən mobil qurğunun yararsız hala salındığı və istifadəyə yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 ( iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəfimizdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Rövşən İbrahimov iddiaya uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və onun təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-472/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün tutulma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının İddiaçınə həvalə edilməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7(006)-49/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki,təqdimatın təmin olunması, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-472/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 10 (on) gün müddət Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 06 (altı) ay 05 (beş) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və azadlıqdan məhrum etmə cəzasının müddətinin həmin həddə müəyyən olunması qərara alınmışdır. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 19 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu komplekti təhvil verilmiş və istifadə qaydaları izah edilmişdir. -“Attenti” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışından görünür ki, 1 ədəd “Attenti” markalı ağıllı elektron qolbağın qiyməti 2277.4 manat təşkil edir. -Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların - məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh mobil nəzarət qurğusunu zədələyərək yararsız vəziyyətə saldığına görə 2277.40 manat pulu qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X1, kod - 210005; VÖEN - **********; SWİFT-CTREAZ22 Müxbir hesab – AZ41NABZ********************) köçürülməlidir. Həmçinin 42.78 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə (X1, kod - 210005; VÖEN - **********; SWİFT-CTREAZ22 Müxbir hesab – AZ41NABZ********************) ödənilsin. 42.78 (qırx iki manat, yetmiş səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-2088/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2088/2025
22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver