Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2102/2024 20.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 780 (yeddi yüz səksən) manat məbləğində xərcin, 60 (altmış) manat məbləğində mediasiya xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikahı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1099/2022 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından anadan olan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə üzrə uşaqların saxlanılması üçün nəzərdə tutulan aliment məbləği onların gündəlik ehtiyaclarının ödənilməsinə kifayət etmir. Uşaqların saxlanılması üçün tələb olunan xərclər əvvəlki kimi yalnız yemək xərci deyil, onun təhsil alması, inkişafı ilə əlaqədar digər zəruri xərcləri yaranmışdır. İddiaçı çətinliklə, yaxınlarından aldığı borc hesabına uşaqların ehtiyaclarını ödəməyə çalışır. Mediasiya prosesinin keçirilməsi üçün 60 (altmış) manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirdi ki, hazırda 1.800 manat aliment borcu var, əgər tələb edilən məbləğdə aliment ondan tutulsa, həmin məbləği ödəyə bilməyəcəkdir. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-T seriyalı 183274 nömrəli şəhadətnamədən görünür ki, X5 08 dekabr 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında AZ-T seriyalı 183237 nömrəli şəhadətnamədən görünür ki, X6 29 iyul 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1099/2022 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanılmaları, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, qətnamənin alimentlə bağlı hissəsinin dərhal icra olunması qət edilmişdir. Bakı 9 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00143 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ödədiyi İMS xərcinin məbləği 50 (əlli) manatdır. “X9 Company” MMC (icraçı) və İddiaçı (sifarişçi) arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli 02/24 nömrəli müqavilədən görünür ki, Sifarişçi hüquqi xidmətin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçinin sifarişi əsasında hüquqi xidmətin göstərilməsini öhdəsinə götürür. Sifariş “alimentin artırılması ilə bağlı mediasiya ərizələrinin, iddia ərizəsinin hazırlanması ilə bağlı xidmət”dən ibarətdir. Müqavilə üzrə xidmətin dəyəri vergilər daxil olmaqla 500 manat məbləğində müəyyən edilir. “X9 Company” MMC-nin kassa mədaxil orderinin İUD seriyalı 071039 nömrəli qəbzindən görünür ki, İddiaçı 02/24 nömrəli müqavilə üzrə 500 (beş yüz) manat məbləğdə ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 anadan olmuşlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin uşaqların tələbatlarının ödənilməsi üçün kifayət etmədiyini bildirərək və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırılmasına istinad edərək, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, məhkəməyə müraciət etmək üçün ödədiyi 780 (yeddi yüz səksən) manat məbləğində xərcin, 60 (altmış) manat məbləğində mediasiya haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə əlaqədar hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə qismən haqlıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1099/2022 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən məhkəmə həmin dövrün həyat standartlarını, uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda uşaqların böyüməsi ilə əlaqədar xərcləri artmış, həmçinin, ölkədə gündəlik tələbat mallarının qiymətləri və yaşayış minimumunun məbləği artırılmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin öz izahatına əsasən müəyyən edilmişdir ki, onun rəsmi işi olmasa da, mebel sexi var və aylıq gəlirə malikdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən isə iddiaçının bankda əməliyyatçı işlədiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, uşaqların iddiaçının himayəsində qalmaları uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Eyni zamanda qeyd edilməlidir ki, uşaqların həyat səviyyəsinin onlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumuna uyğunluğunu təmin etmək vəzifəsi hər iki valideynin üzərinə düşdüyündən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməyən hissəsini tamamlayaraq uşaqların əvvəlki təminatını saxlamaq cavabdehlə yanaşı, bir valideyn kimi iddiaçının da qanundan irəli gələn vəzifəsidir. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 215 manat olmaqla, cəmi 430 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması ədalətli və məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, uşaqlar tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, onlar yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşaqların maddi vəziyyətini bir qədər də ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 215 (iki yüz on beş) manat olmaqla, cəmi 430 (dörd yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyin göstərişinə müvafiq olaraq hesab edir ki, hüquqi xidmət xərcinin 50 (əlli) manat hissəsi ağlabatan hesab olunduğundan, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin, iddia qismən təmin edildiyindən, mediasiya xərcinin 20 manat hissəsi də Cavabdeh tutularaq İddiaçı verilməli, xərclərin qalan hissələri İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 215 (iki yüz on beş) manat olmaqla, cəmi 430 (dörd yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Hüquqi xidmət xərcinin 50 (əlli) manat, mediasiya xərcinin isə 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı verilsin, xərclərin qalan hissələri İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-2102/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2102/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver