Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2103/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, AK.M.Tobçubaşov küçəsi, ev 23, mənzil 11ə olan istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, AK.M.Tobçubaşov küçəsi, ev-23, mənzil-11-də yerləşən mənzil onun mülkiyyətindədir. Onun oğlu Cavabdeh həmin aldığı mənzildə paport qeydiyyatındadır. Lakin oğlu 20 ildir ki, bu mənzildə yaşamır. Oğlu mərhum həyat yoldaşına məxsus ünvan 1 ünvanda yaşayır. Oğlunun hazırda onun mənzilində istifadə hüququ yaşamadığı üçün yaranmamış və tam itmişdir. Ona görə də istifadə hüququnun olmaması barədə məhkəmədə iddia qaldırmışdır. Ona görə ki, oğlu onun evindən qeydiyyatdan çıxmaq istəmir. Qeydiyyatda olduğuna görə də o, bu gün də həmin yaşayış sahəsində qeydiyyatda olması səbəbindən kommunal xidmətlər üçün əlavə haqq ödəyir. Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 2 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandrılmışdır ki, hazırda sözügedən mənzildən istifadə hüququnun olmasına baxmayaraq, iddiaçı onu mənzilə buraxmır. Bununla bağlı Bakı şəhəri Nəsimi rayonu RPİ 20-ci PB-nə ərizə ilə müraciət etmiş, ona bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 2-ə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ilk iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı onun doğma anasıdır. Onun ünvan 2 ünvanındakı mənzildən istifadə hüququ vardır. O, 1985-ci ildən orada qeydiyyatdadır. İndi də gedib orada qaldığı vaxtlar olur, yəni formal qeydiyyatda deyildir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə köçürülməsini tələb etmək hüququnu qaçılmaz edir. Bu zaman mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi üzrə qəbul edilmiş qətnamələr yaşayış sahəsindən çıxarılma üçün əsas ola bilməz. Ona görə də onun həmin evdəki istifadə hüququna kompensasiya ödənilməklə xitam verilə bilər. Hazırda mərhum atasına məxsus ünvan 3 ünvanda yaşayır. Qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh etirazında bildirdiyi kompensasiyaya münasibətdə İddiaçı cavabdehə 16.000 (on altı min) manat təklif etdiyini bildirmiş, cavabdeh tərəfindən təklif qəbul edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2009-cu il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, AK.M.Topçubaşov küçəsində istifadədə olan 0.30019 ha torpaq sahəsində yerləşən 23 nömrəli 3.4 mərtəbəli binada 2-ci mərtəbəsində 163.27 kv.m ümumi 130.9 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 887 nömrəli reyestr kitabının 82475 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən ünvan 2-nin İddiaçı adına keçməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 13 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2-dir. İş materiallarında olan ASAN 1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanda xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır. İş materiallarında olan 14 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 48 saylı arayışın surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanda qeydiyyatda olsa da, qonşuların təsdiq olunmuş bildirişlərinə əsasən həmin ünvanda 2006-cı il tarixdən halhazıradək yaşamır. İş materiallarında olan ünvan 4 notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh miras əmlakdan 1/8 hissədə pay almalıdır. ½ hissə paya mülkiyyət hüququ haqqında şəhadətnamə və 3/8 hissə paya qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, 13 M4, mənzil 3-dür. İş materiallarında olan ünvan 4 notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh miras əmlakdan 1/8 hissədə pay almalıdır. ½ hissə paya mülkiyyət hüququ haqqında şəhadətnamə və 3/8 hissə paya qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 100, M10, mənzil 3-dür. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-də sonuncu müayinəyə dair məlumatda göstərilmişdir ki, Cavabdeh İİ dərəcəli əlil olmaqla əmək qabiliyyətsizdir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin əmlak ona mərhum atasından miras qalmaqla əmlaka dair xx.xx.2008-ci il tarixdə qanun üzrə vərəsəliyi tanınmış və xx.xx.2009-cu il tarixdə adına rəsmiləşdirilmişdir. Cavabdeh mübahisəli mənzildə xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır. Cavabdeh mərhum atasından miras qalmış iki daşınmaz əmlaka-Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 100, M10, mənzil 3 və Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 13 M4, mənzil 3-ə dair 1/8 hissədə paya sahibdir. Cavabdeh tərəfindən işin mübahisə edilən halı isə icazə verilmədiyindən onun mübahisəli mənzildə yaşaya bilməməsi və kompensasiya verilməklə istifadə hüququna xitam verilməli olmasından, eyni zamanda həmin mənzilə köçürülməsindən ibarətdir. İşin tərəflər arasında mübahisələndirilməyən halları ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh hazırda ünvan 3 ünvanda yaşayır. Məhkəmə Cavabdeh mübahisəli mənzildə yaşamaması səbəblərini araşdıraraq hesab edir ki, onun uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, cavabdeh ailə qurduqdan sonra mübahisəli mənzildən köçmüş, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. Odur ki, Cavabdeh uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il və 29 mart 2016-cı il qərarlarına əsasən “istifadə hüququnun tələb olunması” və ya xitam verilərkən bu hüququn səbəb olduğu nəticələr nəzərə alınmalıdır. Əgər faktiki yaşama yoxdursa hər hansı bir istifadə hüququndan bəhs oluna bilməz. Konstitusiya Məhkəməsinin qeyd olunan bu qərarlarında Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, şəxsi servitut növündə məhdud əşya hüququ olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh istifadə hüququna kompensasiya ödənilmədən xitamı üçün əsaslar vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən əvvəllər istifadə etmək hüququ olan şəxsin həmin hüququnun qalması hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Sadalanlara əsasən məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyac aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh mübahisə predmetinə daxil olan evi tərk etməklə uzun müddətdir ki, həmin evdə yaşamır, onun hazırda yaşayış yeri və 2 daşınmaz əmlaka pay hüququ mövcüddur. Mübahisə predmeti olan evdə Cavabdeh yaşamasına imkan verilməməsi, həmin evdən istifadə hüququnun məhdudlaşdırılması və həmin evə dair istifadə hüququnun qalmasının zəruriliyin olması, yəni həmin evdən istifadə etmək ehtiyacının olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş və Cavabdeh tərəfindən də sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə, Cavabdeh mübahisə predmeti olan evdən uzun müddət fasiləsiz olaraq istifadə etməməklə həmin hüququn əldə edilməsini zəruri edən əsasın (həmin yaşayış sahəsinə ehtiyacının) mövcudluğunu göstərən hər hansı hərəkətinin olmamasını, o cümlədən istifadə hüququnun həyata keçirilməsinə iddiaçı tərəfindən maneələrin törədilməsinin müəyyən edilməməsini, həmçinin onun sahibliyində yaşayış evinin olmasını nəzərə alaraq hesab edir ki, bu hallar məhz onun həmin hüquqdan istifadə etməsini zəruri edən əsasın aradan qalxması kimi qəbul edilməli və Cavabdeh mənzilə olan istifadə hüququna kompensasiya ödənilmədən xitam verilmədir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda sadalanmış qanunvericilik müddəalarının mənasından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının mənzilə köçürülməsini tələb etmək hüququ mövcud deyildir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, ümumiyyətlə, mənzilə köçürülməyə dair iddia yalnız belə köçürülməni tələb edən şəxsin mənzilə dair hər hansı qanunla qorunan hüququnun (mülkiyyət, istifadə və s.) mövcudluğundan asılıdır. Belə hüququn mövcudluğu müəyyən edilmədən köçürülməyə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi o mənaya gələcəkdir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbinin qanuni əsası olmadığı halda həmin tələb təmin edilir. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Odur ki, məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlaka Cavabdeh qanuni əsaslarla hər hansı bir hüququnun olması müəyyən edilmədiyindən, əksinə ilk iddia tələbi əsasında onun istifadə hüququna xitam verilməli olması nəticəsinə gəlindiyindən, həmin mənzilə köçürülməsi ilə bağlı sübyektiv hüququ olmamaqla qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməklə, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 23 saylı evin, 11 saylı mənzilindən istifadə hüququna xitam verilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 23 saylı evin, 11 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə barədə qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2103/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2103/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver