Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2117/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 Zahid oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 Cavabdehnə qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 Cavabdehnə qarşı "dəymiş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində 17 yaşlı oğlu Yusif "xxxx" MMC-dən 200 manat ilkin ödəniş edərək 7 ay müddətinə hər gün 9 manat ödəmək şərti ilə kuryer işləmək üçün skuter almışdır. 3 gün sonra skuter işləmədiyi üçün şirkətə gedib oranın müdiri Timura bu barədə məlumat vermiş və Timur da skuteri dəyişərək əvəzinə başqasını vermişdir. Bir neçə gündən sonra yeni skuter də xarab olmuşdur. Yusif şirkətin yönəltdiyi ustaya getmiş və 70 manat xərc çəkərək skuteri təmir etdirmişdir. "xxxx" MMC təzə skuter adı ilə Yusifi aldatmış və ona işlənmiş skuter vermişdir. 39 gün müddətinə Yusif hər gün 9 manatı ödəmişdir. Yusif təzə adı ilə işlənmiş skuter verildiyini, yəni aldadıldığını başa düşmüş və "xxxx" MMC-nin işçisi Sinana skuteri qaytarmaq istədiyini bildirmişdir. Sinan skuteri Yusifdən alıb, girov götürdüyü tələbə bileti və doğum haqqında şəhadətnaməsini qaytarmış, lakin ilkin ödəniş olan 200 manat pulu qaytarmamışdır. Yusif 200 manat pulu qaytarmadığı halda Sinana skuteri geri verməyini demiş, Sinan isə 2-3 gün sonra ona başqa skuter verəcəyini bildirmişdir. Sonradan Sinan və "xxxx" MMC-nin başqa işçisi Bəxtiyar dəfələrlə Yusifə söz versələr də skuteri verməmişlər. Atası və Yusif nəhayət şirkətə gedib müdir Timurla danışmışlar. Timur 2 gün sonra Yusifə təzə skuter verəcəyini söz versə də, yekunda onları aldatmışdır. İddiaçı2 və qanuni nümayəndəsi İddiaçı1 nəhayət xx.xx.2023-cü ildə 17-ci Polis Şöbəsinə müraciət etmişlər. Bir ay sonra 17-ci Polis Şöbəsi onlara məktub verərək məhkəməyə müraciət etmələrini tövsiyə etmişdir. Yusif universitetdə 1-ci kurs tələbəsidir. Dərsdən sonra kuryer işləyib zəhmətlə pul qazanmışdır. AFM-in müdiri Timur və işçiləri Məhərrəmzadə Bəxtiyar və X2 azyaşlı olmasından istifadə edib, dəfələrlə onu aldatmışlar və ona 270 manat zərər vurmuşlar. Göstərilənlərə əsasən cavabdeh “AFM Group" MMC tərəfindən oğlu Yusifə 270 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 300 manat məbləğində pulun “AFM Group" MMC-dən İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini nəzərə alaraq işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli F-14359 saylı məktubun surətindən görünür ki, polis şöbəsinə ünvanlanmış ərizəyə baxılmış, ərizədə göstərilən xüsusiyatlarla əlaqədar olaraq məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı2 Cavabdehndən 200 manat ilkin ödəniş edərək skuter almışdır. Həmin skuter xarab olduğundan yenisi ilə dəyişdirilmiş, lakin yeni verilən skuter də lazımi keyfiyyətdə olmamışdır. Buna görə iddiaçı tərəfindən skuterin təmirinə 70 manat xərc çəkilmişdir. Nəticədə skuter keyfiyətsiz olduğundan Cavabdehnə geri qaytarılsa da, verilmiş ilkin ödəniş və təmir xərci cavabdeh tərəfindən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 581.1ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 587-ci maddəsinin tələblərinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi - törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü - mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə - hüquqpozan şəxsin təqsiri olmalıdır. İş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, cavabdeh iddiaçıya lazımi keyfiyyətdə olmayan mal satmış və bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Bu səbəbdən iddiaçının alınan məhsula görə ödədiyi və təmiri üçün çəkdiyi xərcləri cavabdehdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Bu baxımdan, məhkəmə, formal həqiqət prinsipini əsas götürüb, cavabdehin rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlmədiyini və iş üzrə hər hansı halı mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tələbdə göstərilən məbləğdə pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehndən 270 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, və 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən 270 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verı bilər. X4
Məhkəmə qərarları › İş №2(006)-2117/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-2117/2024
05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver