Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-212/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 vurulmuş zərərin əvəzi kimi 2.500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Kılıç X4 Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 vurulmuş zərərin əvəzi kimi 1.276 manat, hüquqi yardıma görə ödənilmiş 110 manat və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışından görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə qeydiyyata alınmışdır. O, 2012-ci ildə qeyd olunan ünvandakı mənzilə köçmüşdür. Mənzili beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Bir müddət yaşadıqdan sonra vanna otağından və sanitar qovşağından kanalizasiya suyunun iyi gəlməyə başlamışdır. Bunun aradan qaldırılması üçün dəfələrlə mənzil-istismar sahəsinin rəhbərliyinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayonu 65 saylı MKİS-in səlahiyyətli şəxsləri tərəfindən şikayətilə bağlı mənzilinə, üst mərtəbədəki mənzillərə iki dəfə baxış keçirilmiş və xx xxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli aktlar tərtib olunmuşdur. Həmin aktlarda qeyd olunmuşdur ki, üst mərtəbədə yerləşən 39-cu mənzildən şaxta vasitəsi ilə 33-cü mənzilə çirkab su axır, mətbəx otağının divar kağızını su qabartmış, yararsız hala salmışdır. 39-cu mənzilə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Bakı şəhəri Nəsimi rayonu 65 saylı MKİS-in xx xxxxxx 2019-cu il tarixli 280 saylı arayışından məlum olur ki, Mir Cəlal küçəsi ev 66 mənzil 39 ünvanda X5 yaşayır və həmin mənzilin sahibidir. Qonşusu Cavabdeh çirkab su borusunun öz mənzilinə aid hissəsini təmir etdirmədiyindən mütəmadi olaraq mənzilinin mətbəxini su basmış, mətbəxin tavanı, divarları, mətbəx mebeli yararsız hala düşmüşdür. Hal-hazırda təmir işlərinə 1.500 manat, mətbəx mebelinin yenilənməsinə isə 1.000 manat ödənilməlidir. Beləliklə, ona cəmi 2.500 manat məbləğində zərər vurulmuşdur. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə iddiaçı tərəf əlavə olaraq qeyd etmişdir ki, müvafiq ekspert rəylərinə əsasən çirkab suyunun axması nəticəsində ona cəmi 1.276 manat zərər dəymişdir. Bundan başqa, göstərilmiş hüquqi yardıma görə 19 saylı Vəkil Bürosuna 110 manat haqq ödənilmişdir. Bu səbəbdən, Azəbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini dəqiqləşdirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Cəlal küçəsi 66 saylı evin 33 saylı mənzili İddiaçı mülkiyyətində, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Cəlal küçəsi 66 saylı evin 39 saylı mənzili isə X2 mülkiyyətindədir. 65 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş aktlardan (xx.xx.2019, xx.xx.2019) göründüyü kimi, 66 saylı binanın 33 saylı mənzilinin sahibinin müraciətinə əsasən mənzilə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, binanın 39 saylı mənzilindən müxtəlif vaxtlarda su axıdılmış və nəticədə 33 saylı mənzilin mətbəxinin təmiri yararsız hala düşmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, 39 saylı mənzildəki nasazlığın aradan qaldırılması üçün heç bir tədbir görülmür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2388 saylı rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsi 66 saylı evin 33 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 625 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsi 66 saylı evin 33 saylı mənzilinə baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan 65 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsi 66 saylı evin 33 saylı mənzilinə suyun üst mərtəbədə yerləşən 39 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsi 66 saylı evin 33 saylı mənzilinə baxış keçirilən zaman 39 saylı mənzildən faktiki olaraq suyun sızmadığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3421 saylı rəyindən görünür ki, ekspertiza nəticəsində Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Mir Cəlal küçəsi 66 saylı evin 33 saylı mənzilində yerləşən mətbəx mebelinin üst hissəsində yerləşən 3 ədəd 2,1 p/m ölçüdə dolaba dəymiş ziyanın ümumilikdə məbləğinin 651 manat olması müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş «xxxx» MMC-nin xx xxxxxx 2020-ci il tarixli 07 saylı hesabatından görünür ki, İddiaçı yaşadığı mənzildə yuxarı mərtəbədən axan çirkab suyun nəticəsində mətbəx dolablarına dəymiş ziyan 651 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon M.Cəlal küçəsi 66 saylı evin 33 saylı mənzilinə (mənzilin mətbəxinə və mətbəxdə yerləşən dolablara (mebelə)) cəmi 1.276 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 39 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 1.276 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, iddiaçı 110 manat ödəniş həyata keçirilməsi barədə qəbz təqdim etsə də, hansı hesaba ödəniş edilməsi məlum deyil. Bundan başqa, hüquqi yardım göstərilməsi barədə müvafiq qaydada bağlanmış və təsdiqlənmiş müqavilənin surəti məhkəməyə təqdim olunmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 1.276 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-212/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-212/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver