Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2121/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh X7 nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə və X8 qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" KB ASC-də onun adına olan “**********033041” kart hesabından xx.xx.2023-cü il tarixdə məxaric edilmiş 2500 manat məbləğində vəsaitin bankın "xxxx" xidmətinə məxsus “E.Lamiyə” adlı müştərinin adına açılmış “**********401734” nömrəli kart hesabından onun kart hesabına qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmə iclasında baxılarkən iddiaçının ərizəsi əsasında X10 cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun adına cavabdeh bankda açılmış bank kart hesabından tanışı X5 məxsus “**********40İ714” nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə 2500 manat məbləğində vəsait köçürülərkən texniki problem yaşanmış və həmin vəsait cavabdeh bankın "xxxx" xidməti müştərisi olan tanımadığı “E.Lamiyə” adlı şəxsin adına açılmış “**********401734” nömrəli kart hesabına mədaxil olunmuşdur. Göründüyü kimi, bu kart nömrələri arasında bir rəqəm üzrə (1 əvəzinə 3 rəqəmi yığılmışdır) fərq olmuş və o, vəsaitin tanımadığı şəxsin hesabına mədaxil olunduğunu bilən kimi bu barədə banka məlumat verməklə həmin vəsaitin onun hesabına geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh vəsaitin həmin kart hesabından geri qaytarılmasını həyata keçirməmiş və o da bununla bağlı polisə şikayət etmişdir. Sumqayıt Şəhər Pİ-nin 4-cü PB-də aparılan araşdırma zamanı cavabdeh hüquq mühafizə orqanı tərəfindən edilmiş sorğulara cavab verməmiş və bank sirridir deyərək hesabına vəsaitin daxil olduğu şəxsin kimliyi barədə məlumat verməmişdir. Nəticədə o, 5 aydan da artıq bir müddətin keçməsinə baxmayaraq, həmin vəsaitini geri ala bilməmişdir. Həmin şəxsin kimliyi yalnız cavabdehə məlumdur və dəfələrlə etdiyi cəhdlərə baxmayaraq, ondan bu şəxsin kimliyi gizlədilir və ona yalnız onun adı bəllidir. Halbuki onun təqdim etdiyi sübutlar əsasında bank həmin şəxsi dəvət elməklə yaranmış vəziyyətlə bağlı onu məlumatlandırmalı, bu məsələni araşdıran hüquq mühafizə orqanlarına yardım etməklə bu məsələni yoluna qoymalı idi. Onun vəsaitinə sahiblənən şəxsin kimliyi barədə ona məlumat verməməsi isə bir sıra problemlər yaratmışdır. Belə hesab edir ki, ona məxsus olan vəsait texniki səhv üzündən onun kart hesabından silindiyi üçün vəsaitin kart hesabına bərpa edilməsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi X9 izahat verərək bildirdi ki, iddiaçı tərəfindən X8 məxsus karta 2500 manat pul vəsaiti göndərilmişdir. Tərəflərindən bankla əlaqə saxlanılmış, iddiaçıya məxsus məlumatların onlara verilməsi xahiş edilsə də, bank həmin məlumatları təqdim etməkdən imtina etmişdir. Buna görə də, iddiaçı tərəfindən göndərilmiş 2500 manat pul vəsaiti tərəflərindən istifadə edilmişdir. Hal-hazırda həmin pul vəsaitini geri qaytarmağa imkanları yoxdur. Göstərilənlərə əsasən qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - “4098 0944 1403 3041” nömrəli kart hesabı İddiaçı, “4098 5844 5040 1714” nömrəli kart hesabı isə X5 məxsusdur. - "xxxx" KB ASC-nin əməliyyat qəbzindən görünür ki, İddiaçı tərəfindən özünə məxsus kart hesabı vasitəsilə xx.xx.2023-cü il tarixdə “Lamiə E.” adlı şəxsin hesabına 2500 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. - İddiaçı tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı cənab Yelman Mehdiyevə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdə, saat 14:59 radələrində özünə məxsus “4098 0944 1403 3041” nömrəli kart hesabı vasitəsilə rəqəm səhvi edərək "xxxx" ASC-yə məxsus “4098 5844 5040 1734” nömrəli kart hesabına səhvən 2500 manat pul vəsaiti mədaxil etdiyini bildirmiş və səhvən mədaxil etdiyi vəsaitin geri qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. - «Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC-yə ünvanlanmış məktubuna əsasən, məktubda 2500 manat məbləğində vəsaitin səhvən mədaxil edildiyi kart hesabının kimə məxsus olması barədə məlumat verilməsi, eləcə də həmin karta mədaxil edilmiş 2500 manat pul vəsaitinin dondurulması xahiş edilmişdir. - "xxxx" KB ASC-nin Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə ünvanlanmış olan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar yalnız müştərinin özünə və səlahiyyətli nümayəndəsinə, habelə müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilir. Müştərinin yazılı razılığı olmadan bank sirrini təşkil edən məlumatlar bank tərəfindən həmin Qanunun 41.2.1-41.2.17-ci yarımbəndlərində sadalanan şəxslərə müvafiq yarımbəndlərdə göstərilən həcmlərdə verilir. Belə ki, sorğu ilə tələb edilən məlumatlar bank sirri təşkil etdiyinə görə həmin məlumatların məhkəmə qərarı olmadan təqdim olunması “Banklar haqqında” Azərbaycan respublikası Qanununun 41-ci maddəsinin tələbləri baxımından mümkün deyildir. - Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında daxil olmuş "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, “4098 **** **** 1734” nömrəli kart xx.xx.1988-ci il təvəllüdlü X8 məxsusdur. X2 məxsus olması ilə yanaşı məktubda Cavabdeh2 anket məlumatları da öz əksini tapmışdır. Beləliklə işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı özünə məxsus kart hesabı vasitəsilə tanışı X1 hesabına 2500 manat məbləğində pul vəsaitini mədaxil etmək istəyərkən texniki səhvə yol verərək, həmin vəsaiti başqa şəxsin kartına mədaxil etmişdir. Belə ki, İddiaçı hesabına pul vəsaitini mədaxil etmək istədiyi şəxsin kart hesabı ilə səhvən vəsaiti mədaxil etdiyi şəxsin kart hesabları oxşar olmaqla, yalnız bir rəqəmlə fərqlənir. Sadalanmış olan iş materialları ilə müəyyən edilir ki, İddiaçı texniki səhvə yol verdikdən sonra elə həmin tarixdə aidiyyəti hüquq mühafizə orqanina müraciət etmiş və səhvən mədaxil etdiyi məbləğin qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Lakin müraciət etdiyi qurum vasitəsilə müsbət nəticə əldə etməyib, pozulmuş hüququnun bərpasını və vurulmuş olan zərərin əvəzinin qaytarılmasını məhkəmə qaydasında tələb etmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə isə sözügedən pul vəsaitinin səhvən də olsa mədaxil edildiyi kart hesabının sahibinin şəxsiyyəti müəyyən edilmiş və həmin şəxsin X10 olduğu müəyyən edilmişdir. İddiaçının ərizəsi əsasında həmin şəxs mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş və X7 məhkəmə iclasında iştirak etmiş olan səlahiyyətli nümayəndəsi 2500 manat məbləğində vəsaitin Cavabdeh2 məxsus kart hesabına mədaxil edildiyini inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası qismində çıxış edir. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh X10 buna heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan, iddiaçının hesabına 2500 manat həcmində əsassız varlanmışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, mülki işə məhkəmədə baxılması zamanı cavabdeh X7 nümayəndəsi iddia tələbinə etirazını bildirməmiş, iddia ərizəsində qeyd edilmiş dəlillərlə razılaşmış və qeyd edilənlərin əksini iddia etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən pul vəsaiti həcmində əsassız varlanma faktını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdeh X8 münasibətdə əsaslı olduğundan və toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapdığından təmin edilməlidir. Lakin iddia tələbi digər cavabdeh olan "xxxx" KB ASC-yə münasibətdə əsaslandırılmadığından, bankın təqsirinin nədən ibarət olması və iddiaçıya məhz bank tərəfindən ziyan vurulmasına dair hər hansı bir əsaslı sübut təqdim edilmədiyindən, iddiaçının banka qarşı olan iddiasının təmin edilməsini istisna edir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2500 manat pul vəsaiti və ödənilmiş 45 manat dövlət rüsumu cavabdeh X6 tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2500 manat pul vəsaiti və ödənilmiş 45 manat dövlət rüsumu cavabdeh X6 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2121/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2121/2024
16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver