Məhkəmə qərarları › İş №2(006)-2121/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2121/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2121/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı QSC Cavabdeh qarşı pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1613 (bir min altı yüz on üç) manat məbləğində pulun və ödənilmiş 36.13 (otuz altı manat, 13 qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 10İs saylı Sərəncamının icrası ilə əlaqədar olaraq. "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra İddiaçı QSC) keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da təhvil- təslim sənədləri əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Təhvil verilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(006)-8889/16 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək, Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 17162 ABŞ dolları və faiz borcu üzrə 2925 ABŞ dolları, cəmi 20087 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun və 30 manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-yə verilməsi, Cavabdeh tutulmalı olan məbləğ ona məxsus **-CH-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN TOUAREG” markalı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda qalan pul vəsaitinin Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti olmuş, borclu Cavabdeh məxsus **-CH-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN TOUAREG” markalı minik avtomobili Nəsimi rayon icra şöbəsinin sifarişi əsasənda "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və tələbkar İddiaçı QSC-yə təklif olunmuşdur. Daha sonra AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə sözügedən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi üçün müraciət edilmiş, lakin bildirilmişdir ki, Cavabdeh sözü gedən nəqliyyat vasitəsini idarə edərkən, İnzibati xətalar Məcəlləsinin tələblərini dəfələrlə pozmuş və barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq cərimə olunmuşdur. Bu səbəbdən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi yalnız üzərindəki cərimələr ödənildikdən sonra mümkündür. Həmin cərimələr müxtəlif vaxtlarda Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə edilmişdir. Cərimələrin ümumi məbləği 1613 (bir min altı yüz on üç) manat təşkil edir. Cərimələr ödənilmədiyi təqdirdə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərar qəbul edilir. Bununla da hüquqları pozulur. Odur ki, qeyd edilən 1613 (bir min altı yüz on üç) manat məbləğində cərimələr 06 sentyabr 2023-cü il tarixində İddiaçı QSC tərəfindən ödənilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, "xxxx" ASC-nin Xaçmaz filialı 7 ay bağlı olduğu üçün pulu köçürə bilməmişdir. Həmin dövr imkanı da var idi. Sonra yol polisi onu saxladı, maşını cərimə meydançasına apardılar. 6 ay maşın cərimə meydançasında qaldı. Sonra banka gedib pulu ödəmək istədiyini bildirmiş, müraciəti əsasında qrafik tərtib edilmiş, pulu ödəməyə davam etmişdir, lakin maşını ona verməmişdilər. 6 ay 200 dollardan pul ödəmişdir. Keçirilmiş hərrac ilə razı deyil. Maşın 2012-ci ildən onun mülkiyyətində olmuşdur. Maşını 2014-2015-ci illərdə etibarnamə ilə qızına vermişdir. Adına cərimələr olduğunu bilmirdi, ona məlumat verilməmişdir. Ölkə xaricində olduğu üçün maşını texniki baxışdan keçirməmişdir. Cərimələri hissə-hissə ödəməyə razıdır. Cavabdeh yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli, 2(006)-8889/16 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddiası təmin edilərək, Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 17162 ABŞ dolları və faiz borcu i'ızrə 2925 ABŞ dolları, cəmi 20087 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun və 30 manat dövlət rüsumunun əvəzi alınaraq "xxxx" ASC-yə verilməsi, Cavabdeh tutulmalı olan məbləğ ona məxsus **-CH-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN TOUAREG” markalı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda qalan pul vəsaitinin Cavabdeh qaytarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.10.016-cı il tarixli 2(006)-8889/2016 saylı qətnaməsi üzrə xx.xx.2016-cı il tarixli icra vərəqəsi verilmişdir. «X4» MMC-nin 103/23 saylı xx.xx.2023-cü il tarixli bildirişinə əsasən, hərrac keçirilmiş və **- CH-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN TOUAREG” markalı minik avtomobil "xxxx" ASCyə 10837,50 manata satılmışdır. Daxili İşlər Nazirliyinin elektron xidmətlər portalından əldə edilmiş məlumatlara əsasən, **-CH-*** dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN TOUAREG” markalı minik avtomobilə dair ümumilikdə 1613 manat cərimələr müəyyən edilmişdir. İddiaçı QSC tərəfindən təqdim edilmiş mədaxil qəbzlərinə əsasən Cavabdeh görə ümumilikdə 1613 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 36 manat 13 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “VOLKSWAGEN TOUAREG” minik markalı avtomobil İddiaçı QSC-nin mülkiyyətindədir. Həmin avtomobil Cavabdeh mülkiyyətində, habelə sahiblik və istifadəsində (məhkəmə iclasında cavabdehin verdiyi izahata əsasən) olan zaman avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müxtəlif vaxtlarda ümumilikdə 1613 manat məbləğində cərimə olunmuş və nəqliyyat vasitəsinin cərimələrin ödənilməməsinə görə saxlanılaraq cərimə meydançasına yerləşdirilməsinin qarşısının alınması məqsədilə həmin cərimələr mülkiyyətçi olan İddiaçı QSC tərəfindən ödənilmişdir. Bununla da İddiaçı QSC-nin cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət etməklə, ödənilmiş cərimələrin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir. Cavabdeh tərəfindən inzibati xətaların törədilməsi ilə əlaqədar müvafiq protokollar əsasında ona cərimələrin müəyyən edilməsi və iddiaçının yol verilmiş inzibati xətalara görə cavabdehə görə 1613 manat cəriməni ödəməsi mübahisəsiz olmaqla yanaşı, həm də bu ödənişlər yol verilmiş hüquq pozuntuları nəticəsində mülkiyyətçi kimi İddiaçı QSC-yə dəymiş zərərin aradan qaldırılması ilə bağlı olmuşdur ki, qanunvericilik bu halda zərərvuran tərəfindən zərərin əvəzinin tam ödənilməsini tələb edir. İnzibati xətaların törədilməsi Cavabdeh təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdir. Demək ki, həmin cərimələri ödəmək vəzifəsi də onun üzərindədir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar pulun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də iddia təmin edilməli, 1613 (bir min altı yüz on üç) manat Cavabdeh tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatınin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödənilmiş 36 manat 13 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatınin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1613 (bir min altı yüz on üç) manat və ödənilmiş 36,13 manat dövlət rüsumunun əvəzi Cavabdeh müştərək qaydada tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar