Məhkəmə qərarları › İş №2(006)-214/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-214/2021

17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-214/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxx” MTK-nin nümayəndəsi və vəkili X3 və Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MTK və Cavabdeh2nə qarşı "mənzillərin təmir xərclərinin və maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativindən və Cavabdeh2ndən müştərək qaydada mənzillərin təmirinə görə ödənilməli olan 30.126,00 manat xərclərin, müqavilə üzrə az olan 1,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq 1.710,00 manat, mənzillər müqavilə ilə nəzərdə tutulan vaxtda ona təhvil verilmədiyinə görə 5.000,00 manat vurulmuş mənəvi ziyanın və dövlət büdcəsinə ödənilmiş 31,00 manat dövlət rüsumunun, cəmi 36.867,00 manat məbləğində pulun onun xeyrinə tutulması və xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq yaşayış binası "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən binanın istismara qəbul edilməsinə kimi kirayə haqqı məbləğinin ödənilməsini davam etdirmək vəzifəsininin cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və Bakı Şəhəri 6 saylı Notariat Kontorunun Xüsusi X1 tərəfindən 3M-1082 nömrəli reyestrlə təsdiq edilmiş 02 saylı, xx xxxx 2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə əsasən "Gözəl ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyədə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda iddiaçıya məxsus söküntüsü nəzərdə tutulmuş 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın "A" girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan təmirsiz mənzilləri iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verməyi öhdələrinə götürmüşlər. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, xx xxxxxx 2016-cı il Qərarına əsasən mənzilin sökülməsi və onun yerinə həmin ərazidə inşa ediləcək yeni hündürmərtəbəli binada qanunvericiliyin tələblərinə uyğun olaraq mənzilin verilməsinin təminatçısı sifarişçi Bakı Şəhəri Cavabdeh2dir. Bu səbəbdən sifarişçi Bakı Şəhəri Cavabdeh2 vətəndaşlar ilə şirkət arasında yarana biləcək mübahisələrə görə bu müqaviləyə nəzarət edən bir qurum kimi məsuliyyət daşıyır. Müqavilə bağlanmamışdan əvvəl Kooperativin rəhbərliyi ilə aparılan danışıqlar zamanı razılığa gəlinmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin sökülməsi əvəzinə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçı təmirli mənzillər ilə təmin ediləcəkdir. Bu səbəbdən aralarında bağlanmış Müqavilə üzrə hər iki tərəfin iradə ifadəsinə görə iddiaçıya veriləcək mənzillərin təmirli olması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 1.2 və 2.2.4-cü bəndlərində nəzərdə tutulmuşdur ki, cavabdeh xxxx" Mənzil- Tikinti Kooperativi iddiaçını təmirli mənzillər ilə təmin etməlidir. Lakin həmin Müqavilənin 1.1-ci bəndində iddiaçıya təhvil veriləcək mənzillərin "təmirsiz" kimi qeyd olunması isə texniki yazı səhvi olmuşdur. Həmin texniki yazı səhvini əsas götürən kooperativ iddiaçıya verilən mənzillərin təmir edilməsindən və ya təmirinin dəyərinin ödənilməsindən imtina etmişdir. Dəfələrlə, şifahi və yazılı müraciətlərinə baxmayaraq, Müqavilənin bir neçə bəndində mənzillərin məhz iddiaçıya təmirli şəkildə verilməsi nəzərdə tutulduğunu bildirsələr də, kooperativ müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etməkdən müxtəlif səbəblər gətirməklə boyun qaçırmışdır. Kooperativ mənzillərin açarlarını təmirsiz şəkildə iddiaçıya vermiş və bundan sonra aralarında olan mübahisənin məhkəmə müstəvisinə keçdiyini, məhkəmə mübahisəsinin uzun çəkəcəyini nəzərə alaraq iddiaçı mənzillərin təmir işlərinə başlamaq məcburiyyətində qalmışdır. Bundan əlavə, mənzillər iddiaçıya hazırkı vaxta kimi təhvil təslim aktına əsasən təhvil verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/148 nömrəli, xx xxxx 2020-ci il tarixli Ekspert rəyinə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın "A" blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin ümumi faktiki sahəsi 119,4 kv.m və həmin mənzillərin hər kv.m sahəsinə görə 252,30 manat təmir xərcləri müəyyən olunmuşdur. Bu səbəbdən, kooperativ iddiaçıya mənzillərin təmirinə görə hər kv.m üçün 252,30 manat olmaqla mənzillərin ümumi sahəsinə uyğun olaraq 119,4 kv.m üçün ümumilikdə 30.126,00 manat ödəməlidir. Həmçinin, iddiaçı ilə cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativi arasında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh 2 otaqlı sahəsi 67.50 və 1 otaqlı sahəsi 53.04 kv.m, ümumi sahəsi 120,54 kv.m-dən ibarət 2 təmirli mənzili iddiaçıya təhvil verməlidi idi. Lakin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin açarlarını vermiş olduğu mənzillərin ümumi sahəsi 119,40 kv.m təşkil edir. Bu isə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin öhdəliyi üzrə verməli olduğu sahədən 1,14 kv.m azdır. Bu səbəbdən cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə verilməyən 1,14 kv.m-dən ibarət sahənin əvəzini hər bir kv.m üçün 1500,00 manat, kvadrata uyğun olaraq 1.710,00 manat məbləğində vəsaiti iddiaçıya verməlidir. Bundan başqa, aralarında bağlanmış müqavilənin 1.4-ci bəndinə əsasən mülkiyyətçinin qalmaq üçün kirayələdiyi otaq, sahəsi (kv.m-lə) mülkiyyətində olan söküləcək mənzilin otaq sayı və sahəsinə uyğun olmalıdır. "xxxx" Mənzil-Tikinti Kooperativinin binanın inşası dövründə verəcəyi kirayə haqqının məbləği söküləcək otaq sayı və sahəsindən aslı olaraq 500 manat müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış müqaviləyə əsasən hər ay üçün müəyyən edilən kirayə haqqı məbləği 400,00 manat təşkil etmişdir. Həmin Müqavilənin 2.2.5-ci bəndinə əsasən mənzilin təmiri başa çatdırılaraq "xxxx" Mənzil-Tikinti Kooperativi "Mülkiyyətçi"-yə təhvil verilənə qədər "Mülkiyyətçi"nin kirayə qalacağı mənzilin və ya evin kirayə haqqını vaxtında ödəmək vəzifəsi götürümüşdür. Lakin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi xx xxxxxxxx 2019-cu il tarixdən iddiaçıya ödəniləcək kirayə haqqı məbləğinin ödənilməsindən imtina etmişdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi Müqavilənin 2.2.5-ci bəndində götürmüş olduğu öhdəliyinin məzmunu mənzilləri təmir etdirib başa çatdırılması, bundan əlavə "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən yaşayış binası istismara qəbul edilməsindən sonra təhvil verilməsi kimi başa düşülür. Bununla yanaşı, iddiaçı çıxarış əsasında olan mənzilini cavabdehin istifadəsinə və sahibliyinə vermişdir, bu o deməkdir ki, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi həmin qaydada, yəni istismara yararlı mənzili idiaçıya təhvil verməlidir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin hazırkı vaxta kimi nə təmir edilmiş, nə də istismar üçün yararlı vəziyyətə gətirilməmiş mənzilləri iddiaçıya təhvil vermədən kirayə haqqı məbləğinin ödənilməsindən imtina etməsi əsassızdır. Yaşayış binası yaşayış üçün yararlı vəziyyətə gətirilənədək, yəni yaşayış binası istismara qəbul edilənədək iddiaçıya kirayə haqqı məbləğinin ödənilməsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən davam etməlidir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativi yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya təmirli mənzillər təhvil verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq kooperativ üzərinə düşən öhdəliyini, yəni mənzilləri müqavilə ilə nəzərdə tutulan vaxtda təhvil vermədiyinə görə 5.000,00 manat məbləğində iddiaçıya mənəvi ziyan dəymişdir. Mənzillərin açarı iddiaçıya 2019-cu ilin aprel ayında təhvil verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 vəkilin dediklərini təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MTK-nin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış olan xx.xx.2017-ci il tarixli 2 saylı müqavilənin 1.2 və 2.2.4-cü bəndlərinə əsasən MTK ona təmirli mənzilləri təhvil verməli idi. Lakin, məhz həmin müqavilənin «müqavilənin predmeti» bölməsində konkret olaraq iddiaçının binanın tikildiyi yerdə sakin olaraq malik olduğu 2 otaqlı sənəd üzrə 54,9 kv.m (faktiki 69,5 kv.m) mənzilinin əvəzinə ona MTK tərəfindən inşa edilən 2 girişli binanın A girişində 9-cu mərtəbədə yerləşən 2 mənzil, 2 otaqlı 67,50 kv.m və 1 otaqlı 53,04 kv.m olan təmirsiz mənzillər verilmişdir. «xxxx» layihənin həyata keçirilməsi ilə əlaqədar MTK ilə Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən (müqavilədə 15%-dən az olmamaqla göstərilmişdir) MTK sakinlərin köçürülməsini onların malik olduğu sahələrdən 30 % əlavə etməklə təmin etmişdir. İddiaçıya münasibətdə isə onun təklifi ilə ona verilmiş artıq sahənin müqabilində yəni, 2 girişli binanın A girişində 9-cu mərtəbədə yerləşən 2 mənzil, 2 otaqlı 67,50 kv.m və 1 otaqlı 53,04 kv.m olan və ümumilikdə 30 kv.m artıq sahə verilməklə mənzillər onun istifadəsinə təmirsiz şəkildə verilmişdir. Belə ki, MTK ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən MTK iddiaçıya malik olduğu sahədən 30% faiz artıq sahə ilə təmin edildikdən sonra yəni, sənəd üzrə malik olduğu 54,9 kv.m (69,5 kv.m) mənzilinin əvəzində ona 90 kv.m verməli olduğu halda, əlavə olaraq 30 kv.m də verməklə ümumi sahəsi 119.4 kv.m olan mənzil sahəsi vermişdir. Məhz bu səbəbdən də iddiaçının sənəd üzrə 54,9 kv.m-dən ibarət olan bir mənzili üçün ona 119,4 kv.m olan 2 mənzil - 2 otaqlı 67,50 kv.m və 1 otaqlı 53,04 kv.m olan mənzillər verilmişdir. «Müqavilənin predmeti» bölməsində də məhz bu səbəbdən 2 mənzilin təmirsiz verilməsi qeyd edilmiş və bu müqavilə də tərəflərin razılığına əsasən imzalanmışdır. İddiaçı sonradan ona verilmiş sahədə təxminən 1,14 kv.m əskikliyin olmasını əsas gətirərək davadalaş salmış və müqavilənin digər bəndlərində yəni, «şablon» bənd kimi getmiş «təmirli» ifadəsinə istinad etməklə məhkəmədə bu cür iddia qaldırmışdır. Maraqlısı budur ki, iddia ərizəsində iddiaçı xx xxxxxxxx 2019-cu il tarixinədək ona kirayə haqqının ödənildiyini bildirmişdir. Etiraza əlavə etmiş olduğumuz MTK-nın «xxxx» sənədindən də göründüyü kimi, MTK tərəfindən digər sakinlər kimi iddiaçıya da kirayə haqqı məbləği 3 aylıq əvvəlcədən ödənilmişdir. Bu sənəddən də göründüyü kimi, iddiaçıya axırıncı ödəniş xx xxxxx 2019-cu il tarixinə təsadüf edir. Belə ki, MTK tərəfindən mənzillərin açarı iddiaçıya xx xxxxx 2019-cu il tarixində təqdim edilərkən növbəti 3 ayın kirayə haqqı da ona ödənilmişdir ki, bu müddətdə təmiri həyata keçirmiş olsun. Əgər mənzillər təmirli verilməli idisə, nəyə görə iddiaçı həmin mənzillərin açarlarını təhvil alırdı və nəyə görə təmir işlərini həyata keçirirdi? Əgər belə bir hal mövcud idisə, müqaviləyə əsasən iddiaçı MTK tərəfindən təmir işlərinin görülməsini pretenziya qaydasında tələb etməli idi. Bu Müqavilənin 5-ci bölməsində də öz əksini tapır. 2019-cu ilin aprel ayında mənzillər ona təmirli verilməli idisə, nəyə görə iddiaçı əvvəla mənzilləri qəbul edirdi və nəyə görə həmin vaxt bununla bağlı MTK-ya mübahisənin həlli üçün müraciət etməmişdir. Bu isə bir daha təsdiq edir ki, iddiaçı səmimiyyətdən tamamilə kənardır və bu yolla əsassız varlanmaq yolunu götürmüşdür. İş materiallarına əlavə etmiş olduğumuz çoxsaylı müqavilələrdən də göründüyü kimi, sakinlərlə bağlanmış müqavilələrin çoxunda «şablon» olaraq 1.2 və 2.2.4cü bəndlər göstərilmişdir. Hansı ki, həmin sakinlərə də malik olduqları sahədən 30 % artıq sahə verildikdən sonra, məhz əlavə sahənin verilməsi müqabilində onlara da təmirsiz mənzil verilmişdir. İddiaçının özünün də bildirdiyi kimi, onun malik olduğu mənzil MTK-ya xxxx layihənin icrası üçün təhvil verildiyi vaxtdan hər 3 aylıq olmaqla xx xxxxxxxx 2019-cu il tarixinədək kirayə haqqı ödənilmişdir. Mənzilin açarları Müqavilənin şərtinə əsasən iddiaçıya təhvil verildiyi xx xxxxx 2019-cu il tarixindən təmir müddəti də nəzərə alınmaqla əlavə kirayə haqqı ödənilməklə xx xxxxxxxx 2019-cu il tarixindən digər təmirsiz mənzil əldə edən sakinlər kimi, ona da kirayə haqqının ödənilməsi dayanmışdır. Həmin tarixdən cavabdeh bir dəfə olsun kirayə haqqını tələb etməmişdir. Çünki, bu tərəflərin razılıq predmeti olmuşdur. Kimlər ki təmirsiz mənzillər əldə etmişlər, mənzillərin açarları onlara təhvil verildikdən sonra onlara kirayə haqqı verilmir. MTK tərəfindən tikinti işlərinin 18-24 aya bitirilməsi və təmirli mənzilin verilməməsi əsası ilə iddiayçıya vurulmuş 5.000 manat mənəvi ziyana münasibətdə isə, yuxarıda da qeyd etdiyimiz kimi, iddiaçıya onun malik olduğu sənəd üzrə 54,9 kv.m-dən (faktiki 69.5 kv.m) ibarət olan bir mənzili üçün ümumi sahəsi 119,4 kv.m olan 2 mənzil - 2 otaqlı 67,50 kv.m və 1 otaqlı 53,04 kv.m olan mənzillər müqavilə üzrə razılığa əsasən təmirsiz alaraq iddiaçıya təhvil verilmiş, 18-24 ay müddəti isə mənzillərin ona təhvil verilməsini ehtiva etmişdir. Əslində isə əgər cavabdeh olan MTK iddiaçıya onun malik olduğu sənəd üzrə 54,9 kv.m-dən (faktiki 69,5 kv.m) ibarət olan bir mənzili üçün 30% artıq sahə verməli idisə onda iddiaçı 90 kv.m sahə ilə təmin edilməli idi. Bu halda iddiaçıya artıq verilmiş olan 29.4 kv.m sahə üçün onun MTK-ya ödəməli olduğu məbləğ (iddia ərizəsində 2,14 kv.m üçün MTK-dan tələb etdiyi məbləği nəzərə alsaq) hər kv.m üçün 1500 manat təşkil edəcəkdir ki, bu da ümumilikdə 44.100 manat təşkil edir. Ekspert rəyini əsas götürsək 90 kv.m üçün təmir xərci 22.707 manat pul təşkil edir. Göründüyü kimi, iddiaçıya onun təmir xərcini təşkil edən 22.707 manatın əvəzinə 44.100 manat təşkil edən artıq sahə verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onlar hazırkı iddia tələbi üzrə hər hansı öhdəlik daşımırlar. 02 saylı, xx xxxx 2017-ci il tarixli müqavilə iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan X8 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2017-ci il tarixli, 02 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər “Gözəl ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın A girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv və 1 otaq 53.04 kv.m olan təmirsiz mənzilləri "Mülkiyyətçi"nin mülkiyyətinə verməsini, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx” MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar. İş materiallarında olan X12 ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2017-ci il tarixli, 21 №-li müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər “Gözəl ünvan 3 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi"yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayiş binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaq 38.4 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15% olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın D girişində 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 58.3 kv.m olan təmirli mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməsini, “Mülkiyyətçi”nin isə söküləcək mənzilin "xxxx” MMC-nin istifadə və sahibliyinə verməsini razılaşdırmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/148 saylı rəyindən görünür ki, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın «A» blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənzillərin faktiki sahəsinin 119,4 kv.m təşkil etdiyi, «xxxx» MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsində inşa edilmiş 15 mərtəbəli, 2 girişli binanın «A» blokunun (girişinin) 9-cu mərtəbəsində yerləşən 2 və 1 otaqlı mənillərində aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 30126,0 manat məbləğində olduğu və həmin mənzillərin ümümlikdə 119,4 kv.m oluğunu nəzərə alaraq, 252,3 (30126,0:119,4) hər 1,0 kv.m sahəyə təqribən 252,3 manat dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir). İş materiallarında olan ödəniş qəbzindən görünür ki, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 30,40 qəpik dövlət rüsumu və bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir; 6.2-ci əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərindən hər biri vicdanlılığını tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış 02 saylı, xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən “Gözəl ünvan 4 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyədə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda iddiaçıya məxsus söküntüsü nəzərdə tutulmuş 2 otaqlı 54.9 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsindən ən azı 15 % olmaqla 15 mərtəbəsi və mansardı olan 2 girişli binanın "A" girişində 9-cu mərtəbəsində yerləşən 2 mənzil, 2 otaqlı 67.50 kv.m və 1 otaq 53.04 kv.m olan təmirsiz mənzilləri iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mülkiyyətində olan söküləcək mənzili "xxxx" MMC-nin istifadəsinə və sahibliyinə verməyi öhdələrinə götürmüşlər. Hazırda iddiaçı müqavilənin 1.1-ci bəndində iddiaçıya təhvil veriləcək mənzillərin "təmirsiz" kimi qeyd olunmasını texniki yazı səhvi hesab edərək və müqavilənin 2.2.4-cü bəndində mənzillərin “təmirli” verilməsinin nəzərdə tutulduğuna istinad edərək mənzilin təmirinə görə ödənilməli olan 30.126,00 manat xərcin, mənzillərin sahəsinin müqavilə üzrə nəzərdə tutulan sahədən 1,14 kv.m az olduğuna istinad edərək, həmin sahənin əvəzi olaraq 1.710,00 manat pulun və mənzillərin müqavilə ilə nəzərdə tutulan vaxtda ona təhvil verilməməsini əsas gətirərək 5.000,00 manat vurulmuş mənəvi ziyanın cavabdehlərdən onun xeyrinə tutulmasını, həmçinin xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq yaşayış binası "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən binanın istismara qəbul edilməsinə kimi kirayə haqqı məbləğinin ödənilməsini davam etdirmək vəzifəsinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə ilkin olaraq qeyd edir ki, göründüyü kimi, iddiaçının mübahisələndirdiyi məsələlərin hər biri cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi ilə onun arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilədən əmələ gələn münasibətlər üzrə yaranmışdır və aparılmış məhkəmə araşdırması zamanı Cavabdeh2 iddiaçının irəli sürdüyü tələblərin hər hansı biri üzrə öhdəlik daşıması müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələblərin əsaslı olub-olmaması cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə münasibətdə aydınlaşdırılmalıdır. Məhkəmə iddia tələbinin müqavilə üzrə az olan 1,14 kv.m-dən ibarət sahənin əvəzi olaraq 1.710,00 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissəsinə münasibətdə bildirir ki, iddiaçının tələbi qeyd olunan hissədə əsaslıdır. Belə ki, tərəflər arasındakı razılaşmaya əsasən iddiaçıya ümumilikdə sahəsi 120,54 kv.m təşkil edən mənzillər verilməli olmasına baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/148 saylı rəyinə əsasən iddiaçıya ümumilikdə sahəsi 119,4 kv.m təşkil edən mənzillərin verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etməmişdir. Beləliklə, məhkəmə cavabdehin iddiaçını aralarında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilədə nəzərdə tutulan sahədən 1,14 kv.m az yaşayış sahəsi ilə təmin etdiyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, az verilən sahənin əvəzi olaraq 1710 manat məbləğində pul cavabdeh “xxxx” MTK-dan alınaraq İddiaçı ödənilməlidir. İddiaçının mübahisələndirdiyi digər bir məsələ mənzillərin cavabdeh tərəfindən ona təmirli verilməli olduğu halda, təmirsiz verilməsi ilə bağlıdır. İddiaçının qeyd olunan tələbinə qarşı cavabdeh tərəf mənzillərin təmirsiz verilməli olduğunu iddia edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilənin 1.1-ci bəndində iddiaçıya verilməli mənzillərin “təmirsiz”, 2.4-cü bəndində isə “təmirli” verilməsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mövcud praktika və işgüzar adətlər nəzərə alınmaqla ağlabatan mühakimə əsasında həll edilməlidir. Nəzərə almaq lazımdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində dövlətin müvafiq qərarları ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus 2 otaqlı 54.9 kv.m mənzilin əvəzinə ona ümumilikdə 120,54 kv.m sahəsi olan iki mənzilin verilməsi (2 otaqlı 67.50 kv və 1 otaqlı 53.04 kv.m olan mənzillər) razılaşdırılmışdır. Göründüyü kimi, belə nəticə iddiaçının təhvil verdiyi mənzilin sahəsindən iki dəfədən də artıqdır. Hansı ki, analoji işlər üzrə vətəndaşlara təklif olunan mənzil sahələri ilə bağlı artıq təcrübə formalaşmışdır. Belə təcrübə sökülmüş mənzillərin sahələrindən 15-30 faiz artıq sahəli mənzillər təklif olunması ilə bağlıdır. Hazırki işdə isə iddiaçıya onun sökülmüş mənzilinin sahəsindən ümumilikdə 100% artıq sahəli 2 mənzil verilmişdir. Belə olan halda həmin mənzillərin təmirli şəkildə verilməsi iddiaçının əsassız varlanmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilin təmirinə görə ödənilməli olan 30.126,00 manat xərcin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı tələbi əsaslı deyil. Məhkəmə iddia tələbinin 5.000,00 manat vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı mənəvi ziyanı mənzillərin ona müqavilə ilə nəzərdə tutulan vaxtda təhvil verilməməsi ilə əlaqələndirir. Tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilədən görünür ki, mənzillərin 18-24 ay müddətində iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatda mənzillərin açarının iddiaçıya 2019-cu ilin aprel ayında təhvil verildiyini bildirmişdir. Göründüyü kimi, mənzillərin təhvili üçün müqavilədə nəzərdə tutulan müddət cavabdeh tərəfindən ötürülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq yaşayış binası "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə əsasən binanın istismara qəbul edilməsinə kimi kirayə haqqı məbləğinin ödənilməsini davam etdirmək vəzifəsininin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması hissəsini də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında iddiaçının mənzilləri təhvil aldıqdan sonra təmir etdirərək hazırda orada yaşadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu və bank xidmət haqqı kimi ödədiyi 30,40 manat məbləğində pul vəsaitinin 1,40 manat məbləğində hissəsi cavabdeh “xxxx” MTK-dan alınaraq İddiaçı ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 04 manatı cavabdeh “xxxx” MTK-dan, 96 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən müqavilə üzrə az olan 1.14 kv.m sahənin əvəzi olaraq 1710 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 1,40 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia digər hissələrdə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 04 manatı cavabdeh “xxxx” MTK-dan, 96 manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" Mənzil-Tikinti Kooperativindən müqavilə üzrə az olan 1.14 kv.m sahənin əvəzi olaraq 1710 (min yeddi yüz on) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 1,40 (bir manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 04 (dörd) manatı cavabdeh “xxxx” MTK-dan, 96 (doxsan altı) manatı isə İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar