Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-217/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyan ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyan ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ildə hal-hazırda yaşadığı mənzili almışdır. 2023-cü ilin yay aylarında mənzili təmir etmək qərarına gəlmiş və təmirlə bağlı tanışları vasitəsilə X5 şirkətinə müraciət etmişdir. Şirkətin rəhbəri olan Cavabdeh gəlib mənzilə baxmış və təmirə görə 50.000 manat pul istəmişdir. İddiaçı onunla razılaşaraq təmirə başlamasını xahiş etmişdir. 01 iyul 2024-cü il tarixində şirkət təmirə başlamış və 3 ay ərzində İddiaçı Cavabdeh hissə-hissə 49.000 manat pul ödəmişdir. Danışığa görə təmir 3 ay ərzində bitməli idi. Lakin təmir 5 ay uzanmış və çox keyfiyyətsiz materiallardan istifadə olunmuşdur. Təmirin sonunda İddiaçı şahidi olmuşdur ki, təmir danışığa əsasən edilmir, yəni verdiyi pulun müqabilində şirkət çox keyfiyyətsiz inşaat materiallarından istifadə edir. Bununla bağlı Cavabdeh dəfələrlə iradını bildirməsinə baxmayaraq Cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Məhz bu səbəbə görə 2023-cü ilin noyabr ayının əvvəlində Cavabdeh təmiri saxlamasını və ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir. Lakin Cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı məcbur qalaraq başqa usta taparaq mənzili demək olar ki, yenidən təmir etdirmişdir. İkinci təmirə görə isə 26.500 manat məbləğində pul xərcləmişdir. Bu barədə Cavabdeh məlumat vermiş və heç olmasa həmin məbləğin qaytarılmasını tələb etsə də, Cavabdeh pulu qaytarmayacağını bildirmişdir. Təmirin keyfiyyətsizliyi keçirilmiş ekspertiza nəticəsində də məlum olmuşdur. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə də müraciət edilmiş, göstərilən xüsusatlar öz təsdiqini tapmışdır. 26 fevral 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərara əsasən vətəndaş İddiaçı müraciətində qeyd edilən xüsusatlar öz təsdiqini tapmışdır. Lakin İddiaçı evini təmir etdirmək məqsədilə Cavabdeh ödəmiş olduğu 49.000 manat məbləğində vəsait hesabına sonuncu evi qüsurlu təmir etmiş və İddiaçı evin təmirinin keyfiyyətsiz olmasından narazı qalmışdır. Belə olan halda şəxslər arasında olan mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Göründüyü kimi 26 fevral 2024cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarla da iddiaçıya cavabdehin öz öhdəliklərini lazımi qaydada icra etmədiyindən və onun təqsiri səbəbindən zərər dəyməsi faktı, o cümlədən cavabdeh tərəfindən pulun geri qaytarılmaması faktı təsdiq edilir. Mülki qanunvericiliyin tələbinə də müvafiq olaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan Yasamal RPİ-nin cinayət işinin rədd edilməsi haqqında Qərarı vurulan zərərin ödənilməsinə dair iş üzrə preyudisial xarakter daşımalıdır. Yuxarıda qeyd olunanlara əsasən qüsurlu icraya görə İddiaçı dəymiş 40.000 manat məbləğində zərərin, dövlət rüsumunun ödənilməsinə xərclənmiş 210 manat pulun, ümumilikdə 40.210 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mənzilin təmiri ilə bağlı cavabdehlə aralarında yazılı müqavilə bağlanmamışdır, tərəflər arasında bütün şərtlər şifahi razılaşdırılmışdır. İddiaçı tərəfindən cavabdehə pul birbaşa təqdim edilmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq isə bildirdi ki, espertin rəyində qeyd edilən xərclərlə bağlı sübutları yoxdur. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, onlar ekspert rəyi ilə razı deyillər. Orada məbləğlər kifayət qədər şişirdilmişdir və real ziyanı əks etdirmir. O, şəxsən ekspert baxışında iştirak etmiş və mənzilin təmirinin vəziyyəti ilə tanış olmuşdur. Orada sadəcə cuzi qüsurlardan söhbət gedə bilər. Bundan başqa, ekspert baxışı zamanı o, şəxsən iddiaçıya təmirlə bağlı sübutların təqdim edilməsini tələb etsə də, iddiaçı hazırki günə kimi həmin sübutları təqdim etməmişdir. Ona görə də hesab edir ki, idda tələbi əsassızdır. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 5.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh məxsus şirkət tərəfindən təmir işləri həyata keçirilmiş, lakin təmir işləri qüsurlu olduğundan iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, C.Cavid ilə R.Xəyalə arasında olan razılaşma əsasında C.Cavidin yaşadığı mənzil tərəfindən təmir olunmalı, bunun qarşılığında 50.000 manat məbləğində haqq ona ödənilməli idi. 3 ay ərzində C.Cavid Cavabdeh hissə-hissə 49.000 manat pul ödəmişdir. Təmir tərəflərindən qüsurlu icra edildiyindən C.Cavid mənzili yenidən təmir etdirmək məcburiyyətində qalmışdır. Bu baxımdan öhdəlikləri tam və vaxtında icra etməməsi nəticəsində, həmçinin keyfiyyətsiz və qüsurlu icra səbəbindən C.Cavidə dəymiş 49.000 manat məbləğində zərərin tərəflərindən ödənilməsi zərurəti vardır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdehdən iddiaçıya ödənilməli olan 49.000 manat məbləğində pulun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks halda həmin pulun ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qabaqcadan xəbərdar edilmişdir. 8.Mülki işin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 fevral 2024-cü il tarixli Qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 9.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 57242276 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia tələbinin qaldırılması üçün 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 10.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən 07 dekabr 2023-cü il tarixli, 07- 200/23 nömrəli mütəxəssis rəyindən görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə aparılmış təmir işləri zamanı təmir işlərinin texnoloji proseslərinin tələblərinə riayət edilməməsi nəticəsində görülmüş işlərdə qüsurlar yaranmışdır. X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə yenidən aparılacaq təmir işlərinin material və işçilik qiymətlərinin təqribi dəyərinin mövcud bazar qiymətləri nəzərə alınmaqla 42191 manat məbləğində müəyyən olunur. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5551 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən, 126 saylı evin 3 saylı mənzilində aparılmış təmir işlərinin qüsurlu olduğu və aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 36166 manat məbləğində olduğu müəyyən olunmuşdur (mövcud qüsurlar rəyin tədqiqat hissəsində və smetada ətraflı göstərilmişdir). Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən, 126 saylı evin 3 saylı mənzilində aparılmış təmir işləri qüsurlu olduğundan, həmin işlərin dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə işin faktiki hallarını araşıdırıb hesab edir ki, tərəflər arasında yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 39-cü fəslində nəzərdə tutulan «Podratı» müqaviləsinin müddəaları çərçivəsində araşdırılmaldır. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 14.Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 15.Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 16.Bundan başqa, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 17.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 19.Məhkəmə iddia tələbinə münasibətdə ilkin olaraq onu qeyd edir ki, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehin üzərinə götürdüyü öhdəlik üzrə işini qüsurlu yerinə yetirməsi və bunun nəticəsində də iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Bu, işin faktiki halları əsasında öz təsdiqini tapır. Həmçinin iddiaçı ilə cavabdeh arasında podrat münasibətləri şifahi şəkildə həyata keçirilmiş (qanunvericilikdə qadağa nəzərdə tutulmamışdır) və bu tərəflərin izahatları zamanı işin mübahisəsiz halına çevrilmişdir. Bu halda isə ödənilən ümumi məbləğ 49.000 manat təşkil etmişdir. İddiaçı isə hazırda verilmiş bütün məbləğ istəməsədə qüsurların aradan qaldırılmasını xahiş etmişdir. İddiaçıya cavabdeh tərəfindən hansı məbləğdə maddi ziyanın dəyməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 oktyabr 2024cü il tarixdə verilmiş 10/5551 saylı ekspert rəyi ilə mübahisəli mənzildə, yəni Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən, 126 saylı evin 3 saylı mənzilində aparılmış təmir işlərinin qüsurlu olduğu və aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 36.166 manat məbləğində olduğu müəyyən olunmuşdur. 20.Məhkəmə iddia tələbinin “iddiaçıya dəymiş maddi ziyana görə 40.000 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 36.166 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 07-200/23 nömrəli mütəxəssis rəyi məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi birgə yoxlanılmış və həmin mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. 21.Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 22.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 25.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 26.Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia dəymiş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh 36.166 (otuz altı min yüz altmış altı) manat məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. 27.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının iddia tələbinə münasibətdə təmin edilən hissəsi yalnız 36.166 (otuz altı min yüz altımış altı) manat olmuşdur ki, bu halda ödənilməli rüsum 198.50 (bir yüz doxsan səkkiz manat, əlli qəpik) manat təşkil edəcəkdir. 28.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 29.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 210 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, dövlət rüsumu kimi ödənilmiş 210 manatın 198.50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. 31.Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 36.166 (otuz altı min yüz altmış altı) manat və dövlət rüsumu olaraq ödənilmiş 198.50 (bir yüz doxsan səkkiz manat, əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. 32.Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 33.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 34.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 36.166 (otuz altı min yüz altmış altı) manat və dövlət rüsumu olaraq ödənilmiş 198.50 (bir yüz doxsan səkkiz manat, əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-217/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-217/2025
27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver