Məhkəmə qərarları › İş №2(006)-2185/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2185/2024

03.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2185/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(006)-3973/2023 saylı qətnaməsi ilə 21 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 235 manat məbləğində olmaqla təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X7 doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-5923/2016 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilməklə, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhər 1 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2014-cü il tarixli 2464 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, Cavabdeh xx.xx.2016-ci il tarixdən başlayaraq xx.xx.2015ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-2460/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(006)-3973/2023 saylı qətnaməsi ilə 21 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin hazırda tutulan həmin aliment məbləği uşağın maddi təlabatının ödənilməsi üçün kifayət etmir. O, uşağın saxlanması üçün həddən çox maddi çətinliklər çəkir. Halbuki, cavabdehin aylıq gəliri kifayət qədər yüksəkdir. Həmçinin məlumdur ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun məbləği də dəyişdirilmişdir. Uşağın maddi tələbatının təmin edilməsi bir valideyn kimi cavabdehin də borcudur. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(006)-3973/2023 saylı qətnaməsi ilə 21 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılması və Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 21 sentyabr 2015-ci il təvəllüdlü X7 adında yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş nikahın pozulması barədə şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah pozulmuş və bu barədə nikahın ləğvi haqqında akt qeydləri kitabında 05 yanvar 2017-ci il tarixdə, 03 saylı nömrə ilə qeydiyyat aparılmışdır. Nikah ləğv olunduqdan sonra qadına Axundova soyadı verilmişidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(006)-3973/2023 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2346/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00080 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 21 sentyabr 2015-ci tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-5923/2016 saylı qətnaməsinə əsasən pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3973/2023 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2346/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(006)-3973/2023 saylı qətnaməsi ilə 21 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay 235 manat məbləğində olmaqla təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddələrin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir». «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(006)-3973/2023 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh 21 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, miqdarı dəyişdirilmiş həmin alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası • Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment. alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cəmi 15 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 180 manat (15x12=180) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(006)- 3973/2023 qətnaməsi ilə 21 sentyabr 2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 21 sentyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin alimentin tutulması hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar