Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2194/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA oğlunun, onun nümayəndəsi və vəkili CCC oğlunun və cavabdeh BBB oğlunun iştirakları ilə İddiaçı AAA oğlunun cavabdeh BBB oğluna qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində cəlb edilməklə) "yaşayış sahəsinə istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı AAA oğlu cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində cəlb edilməklə) "yaşayış sahəsinə istifadə hüququnun tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ilin 30 avqust tarixdə XXXdən mübahisə predmeti olan yaşayış sahəsini alqı-satqıya dair qəbzə imza etdirməklə almışdır. Aralarında sadə yazılı formada bağlanmış müqaviləyə əsasən XXX mənzili iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bunun müqabilində iddiaçı ona 15500 rubl ödəniş etməli idi. İddiaçı tələb edilən məbləğin 10000 rubl hissəsini müqavilə bağlanılan gün yəni, 30 avqust 1989-cu il tarixdə, qalan 5500 rubl hissəni isə 1989-cu il sentyabr ayının 1-də ödəyib bitirmişdir. Bundan sonra iddiaçı qeyd edilən yaşayış sahəsində yaşamağa başlamışdır. 30 ildən artıq müddətdir ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları 146 saylı yaşayış sahəsinə sahiblik edir və həmin yaşayış sahəsindən istifadə edir. İddiaçı yaşayış sahəsindən istifadə etsə də heç bir rəsmiləşdirmə aparılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili CCC oğlunun vəsatətinə əsasən əsl olmayan cavabdeh Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti əsl cavabdeh BBB oğlu ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırda yaşadığı evi xx.xx.1989-cu il tarixdə XXXdən qəbzə imza etməklə almış və həmin vaxtdan sözügedən evdə yaşayır. O, istifadə hüququnun tanınması üçün məhkəməyə müraciət edir ki, evin mülkiyyətinə keçməsi ilə bağlı sənədləşmə işlərini apara bilsin. Həmçinin, iddiaçı evi 16500 rubla aldığını, 1000 rublunu əvvəlcədən beh verdiyini, Bakı şəhəri Novruzov qardaşları küçəsində yerləşən 147 saylı evdə qeydiyyatda olduğunu, lakin 146 saylı evdə yaşadığını, 147 saylı evin atasına məxsus olduğunu, atasına məxsus evdə anadan olduğunu və əvvəllər orada yaşadığını, 146 saylı evin atasının evinə bitişik olduğu üçün XXXdan həmin evi aldığını və bundan sonra orada yaşamağa başladığını bildirmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlunun nümayəndəsi və vəkili CCC oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh BBB oğlu izahat verərək iddiaçının istifadə hüququnun tanınmasına etiraz etmədiyini, 1989-cu ilin avqust ayında XXX evini satanda iddiaçının həmin evi aldığını, iddiaçının həmin vaxtdan orada yaşadığını bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçünçü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1976-cı ilin iyun ayında verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 4-cü Perevalnaya küçəsində yerləşən 146 saylı fərdi yaşayış evinin mülkiyyətçisi XXX Aşim Arşakoviç olmuşdur. 30 avqust 1989-cu il tarixdə tərəflər arasında imzalanmış yazılı qeyddən görünür ki, AAA oğlu ilə XXX Aşim Arşakoviç Bakı şəhəri Nəsimi rayonu 4-cü Perevalnaya küçəsində yerləşən 146 saylı evin alqı-satqısı ilə bağlı razılaşmış və 01 sentyabr 1989-cu il tarixədək alqı-satqı ilə bağlı mülkiyyətçiyə 15500 rubl məbləğində pul ödənilmişdir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 96 nömrəli arayışdan görünür ki, AAA oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin küçədə yerləşən 146 saylı ev isə onun istifadəsindədir. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 41 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi 146 saylı ev özbaşına tikilidir. Evdə qeydiyyatda heç kəs yoxdur. Evdə AAA oğlu yaşayır, lakin o, Novruzov qardaşları küçəsi 147 saylı ünvanda ailəsi ilə birgə qeydiyyatdadır. Novruzov qardaşları küçəsi 146 və 147 saylı saylı evlərin 2 ayrı-ayrı qapıları olmasına baxmayaraq bir həyətdə yerləşirlər. Küçənin köhnə adı Novruzov qardaşları olub, hal-hazırda küçənin təzə adı Rəsim Səfərov adlanır. Nəsim rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 58 nömrəli arayışdan görünür ki, köhnə adı “Perevalnaya” olan küçənin adı sonralar Aşırım, ondan sonra Novruzov qardaşları, daha sonra küçənin bir hissəsinin adı yəni, Novruzov qardaşları küçəsi 138dən 139-202-yə qədər hissəsi Rəsim Səfərov adlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ 1022, Bakı şəhəri Nəsimi rayonu Rasim Səfərov küçəsi 19) BBB oğlunun xüsusi mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsində yerləşən, 142, 143 və 151B saylı fərdi yaşayış evlərinə mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş EEE oğlu ifadəsində göstərmişdir ki, Yaşar və Qalib onun qonşusu olmuşdur. 1989-cu ildə Yaşar evi XXXdan almışdır. O vaxtı rəsmi sənədləşmə olmadığı üçün onların işitirakı ilə tərəflər alqı-satqı etmişlər. Ondan sonra Yaşar həmin evdə yaşamağa başlamışdır. İddiaçının yaşadığı vaxtdan həmin evlə bağlı heç vaxt heç kimin mübahisəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş RRR oğlu ifadəsində göstərmişdir ki, Yaşar və Qalibin hər ikisi onun qonşusudur. Yaşarın yaşadığı evin yanındakı evdə XXX yaşayırdı. Yaşar 1989-cu ildə həmin evi XXXdan almışdır. O vaxtdan Yaşar həmin evdə yaşayır. İddiaçının yaşadığı evlə bağlı heç vaxt mübahisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş TTT oğlu ifadəsində göstərmişdir ki, Yaşar və Qalib həm onun xalasıoğulları, həm də qonşularıdır. O vaxtı qapı qonşuları XXX evini satırdı. XXXla razılaşmaya əsasən o, evi Yaşara satmışdır. Alqı-satqı onların həyətində olmuş və XXX Yaşardan pulu həmin həyətdə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş UUU oğlu ifadəsində göstərmişdir ki, Yaşar və Qalib onun qonşularıdır. 1989-cu ildə XXX evini satırdı və həmin evi Yaşar aldı. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, AAA oğlu 30 avqust 1989-cu il tarixdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini mülkiyyətçisi olan XXX Aşim Arşakoviçdən şifahi razılaşma əsasında 15500 rubl məbləğinda pul ödəməklə almışdır. İddiaçı həmin vaxtdan hal-hazıradək mübahisəsiz şəkildə evdə yaşamışdır. Fərdi yaşayış evinin ilkin mülkiyyət sənədləri iddiaçının adına olmadığı üçün o, mülkiyyət hüquqlarını qeydiyyata alınmasını təmin edə bilməmişdir. Ona görə də iddiaçı yaşadığı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçı AAA oğlu 1989-cu ildən Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları (keçmiş 4-cü Perevalnaya) küçəsi ünvanında yerləşən 146 saylı evdə yaşamağa başladığından, hazırkı işə xx.xx.2009-cu il tarixinə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Yaşayış evlərində sənaye xarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır. Mənzil Məcəlləsinin 10-cu maddəsinin 4-cü bəndinə əsasən qanunla nəzərdə tutulmuş əsaslar və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 118-ci maddəsinin 1-ci bəndinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 27.1ci maddəsinə əsasən fiziki şəxsin yaşayış yeri onun adətən yaşadığı yer sayılır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddiaçı AAA oğlu 1989-cu ildən ünvan 4 ünyanında yerləşən fərdi yaşayış evini alaraq oraya köçdüyündən və hal-hazıradək heç bir etiraz olmadan orada yaşadığından həmin yaşayış sahəsinə istifadə hüququnu əldə etmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki ki, Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları (keçmiş 4-cü Perevalnaya) küçəsinin adında yenidən dəyişiklik olduğundan yaşayış sahəsinə istifadə hüququ tanınarkən Novruzov qardaşları küçəsinin ünvan 138-dən 139- 202-yə qədər Rəsim Səfərov küçəsi adlandırılması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi mülki iş üzrə cavabdeh BBB oğlu iddia tələbini qəbul edərək iddiaçı AAA oğlunun ünvan 4 ünyanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasına etiraz etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçı AAA oğlunun ünvan 5 ünvanında yerləşən (küçənin yeni adının Rəsim Səfərov olması nəzərə alınmaqla) yaşayış sahəsinə istifadə hüququ tanınmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı AAA oğlunun ünvan 5 ünvanında yerləşən (küçənin yeni adının Rəsim Səfərov olması nəzərə alınmaqla) yaşayış sahəsinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov
Məhkəmə qərarları › İş №2(006)-2194/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2194/2023
05.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver