Məhkəmə qərarları › İş №2(006)-2195/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2195/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2195/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC (“xxxx” İKB ASC) ilə onun arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxx 2014-cü il tarixində “xxxx” İKB ASC ilə onun arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən ASC ona 18000 ABŞ dolları məbləğində kredit vermişdir. Halbuki, əslində o, qabaqcadan ASC-yə krediti manatla götürmək istədiyini bildirmişdir. Hər bir halda ASC ona münasibətdə kreditin manatda lazım olduğunu bilirdi, çünki Azərbaycan Respublikasının ərazisində manatdan başqa digər valyuta ilə maliyyə əməliyyatlarını aparılması mümkün deyil. Beləliklə, qanunvericiliyə əsasən maliyyə əməliyyatları yalnız manatla alına bilər və ASC bunu bilməli idi. Nəinki bilməli idi, dəqiq bilirdi. Lakin ASC onu aldadaraq onunla müqaviləni manatla deyil, dollarla bağlamışdır. O, da aldadıldığın yalnız 2015-ci ilin 21 fevral tarixində manatın kəskin devalvasiyasından sonra bilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək izahatında göstərdi ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi kredit müqaviləsi 2014-cü ildə bağlanmışdır. İddiaçı iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(012)-1168/2020 saylı qətnaməsində qeyd edilir ki, “xxxx” İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 22-M-1-0-1020-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1.2.3, 1.2.5-1.2.8, 1.2.11 bəndlərinə əsasən Bank, borcalana istehlak məqsədilə illik 26 faiz olmaqla 24 ay müddətinə, xx xxxxxx 2014-cü il tarixdən xx xxxx 2016-cı il tarixinədək, 18000 ABŞ dolları məbləğində kredit vermiş və borcalan kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müqavilədə göstərilən müddətdə və qaydada krediti, hesablanacaq faizlərlə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. İddia qismən təmin edilərək “xxxx” İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 22-M-1-0-1020-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsi ləğv edilmiş, “xxxx” İKB ASC-nin xeyrinə cavabdehlər İddiaçı və X2 müştərək qaydada cəmi 19031,95 ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, tərəflərin arasında xx xxxx 2014-cü il tarixli 22-M-1-0-1020-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən onun mühüm şərtlərinə əməl edilmiş, onların imzası təsdiq edilmişdir. Müqavilənin “imzalar” yerində borcverən “xxxx” İKB ASC, borcalan İddiaçı imzaları icra edilmişdir. Hazırda iddiaçı Cavabdeh ASC (“xxxx” İKB ASC) ilə onun arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə aşağıda qeyd olunan maddi normalara əsaslanaraq hesab edir ki, iddiaçı sözügedən müqavilənin etibarsızlığına səbəb ola biləcək halları məhkəmədə sübuta yetirmədi. Belə ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-nin 14-cü maddəsi). Həmçinin Azərbaycan Respublikası MM-nin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan başqa Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsindən göründüyü kimi, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası MM-nın 331.1-ci maddəsi tələb edir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nın 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Nəhayət, MM-nın 407.2-ci maddəsinə görə, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər mübahisə predmeti olan müqaviləni bağlayarkən Qanunun tələblərinə riayət etmişlər. Mülki Məcəllənin 337-ci maddəsinin 1 və 2-ci bəndlərinə uyğun olaraq, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Bundan başqa “xxxx” İKB ASC ilə İddiaçı arasında xx xxxx 2014-cü il tarixli 22-M-1- 0-1020-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, xx xxxxxx 2014-cü il tarixdən xx xxxx 2016-cı il tarixinədək illik 26 faiz ödənilməsi şərtilə 18000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, «Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz». İşin faktiki hallarından göründüyü kimi, xx xxxx 2014-cü il tarixli 22-M-1-0-1020-14 saylı Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 24 ay müddətinə, yəni xx xxxxxx 2014-cü il tarixdən xx xxxx 2016-cı il tarixinədək müəyyən edilmişdir. İddia ərizəsi isə məhkəməyə xx xxxxxx 2021-ci ildə daxil olmuşdur. Məhkəmə iş materiallarına və tərəflərin bildirdiklərinə qiymət verib, xx xxxx 2014-cü il tarixli Bank hesab, kredit və zaminlik müqaviləsi üzrə öhdəliyin icra müddəti xx xxxx 2016-cı ildə bitdiyindən iddiaçı müvafiq məzmunlu iddia ilə məhkəməyə ən geci xx xxxx 2017-ci ildə müraciət etməli idi. Buna zidd olaraq iddia ərizəsi məhkəməyə iddia müddəti keçdikdən xeyli sonra daxil olmuşdur. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». Odur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar