Məhkəmə qərarları › İş №2(006)-2196/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2196/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2196/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə Cavabdeh aliment borcu 1722 (min yeddi yüz iyirmi iki) manatın tutulub iddiaçıya verilməsini, əks təqdirdə Cavabdeh haqqında daha ciddi tədbir görülməsini, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cavabdeh olan Cavabdeh cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulub iddiaçının aliment üçün açdığı karta köçürülməsinin Bakı şəhər Yaşıllaşdırma İdarəsindən tələb edilməsini və mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat rüsumun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsinin mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş forma və məzmununa riayət etməmişdir. İddiaçının Cavabdeh qismində cəlb edərək, alimentin miqdarının artırılmasını məhkəmədən xahiş etməsinə baxmayaraq, iddia ərizəsinin nəticə hissəsində bu tələbini cavabdeh qismində cəlb etdiyi Cavabdeh deyil, Bakı şəhər Yaşıllaşdırma İdarəsinə yönəltmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı tərəfindən istinad edilmiş və iş üçün əhəmiyyət kəsb edən əvvəlki məhkəmə qətnamə və qərarları iddia ərizəsinə sübut kimi əlavə edilməmiş, səbəbləri də qeyd olunmamışdır. Göstərilənlər iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə görə, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Mülki Prosessual Məcəllənin 150.3-cü maddəsinə əsasən, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallarla yanaşı, iddia ərizəsində digər nöqsanlar da aşkar edilmişdir və buna görə də həmin nöqsanlar növbəti dəfə müraciət edərkən aradan qaldırılması üçün iddiaçının diqqətinə çatdırılmalıdır. Belə ki, iddia tələbinin “ümumilikdə Cavabdeh aliment borcu 1722 (min yeddi yüz iyirmi iki) manatın tutulub iddiaçıya verilməsi”, “əks təqdirdə Cavabdeh haqqında daha ciddi tədbir görülməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, göründüyü kimi, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə yığılmış aliment borcunun cavabdehdən tutularaq ona ödənilməsini, əks təqdirdə cavabdeh barəsində daha ciddi tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, bu tələblər ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır (müvafiq yekun məhkəmə aktının icrası qaydasında “8” indeksi ilə). Bundan əlavə, iddiaçının icra məmurunun hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəməyə şikayət etmək hüququ da istisna edilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. İddia tələbinin “alimentin miqdarının artırılması və artırılmış məbləğin Bakı şəhər Yaşıllaşdırma İdarəsindən tələb edilməsi” hissəsində qeyd edilməlidir ki, iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir, lakin həmin artırılmış məbləğin hansısa idarədən (güman olunur ki, cavabdehin iş yerindən) tələb edilməsi alimentin artırılmasına dair qətnamə çıxarıldığı təqdirdə yenə də həmin qətnamənin icrası qaydasında “8” indeksi ilə baxılmalı olan işlər kateqoriyasına aiddir. Buna görə də iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman nəzərə almalıdır ki, alimentin miqdarının artırılması tələbini məhz Cavabdeh yönəltməklə iddia ərizəsini məhkəməyə verməyə hüququ vardır. Əvvəllər qəbul edilmiş məhkəmə qətnamələri ilə yaranmış aliment borcunun ödənilməsinin cavabdehdən tələb edilməsi, borc ödənilmədikdə cavabdeh barəsində ciddi tədbirlər görülməsinin məhkəmədən xahiş edilməsi, eyni zamanda artırılmış aliment məbləğinin cavabdehin iş yerindən tələb edilməsi müstəqil məhkəmə icraatının predmeti deyildir, iddiaçının göstərilən tələblərlə “8” indeksi ilə müvafiq yekun məhkəmə aktının icrası qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 150.3, 151.1, 152.1.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar