Məhkəmə qərarları › İş №2(006)-2199/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2199/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2199/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdeh Ləğv Prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Ləğv Prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğv Prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış 11.06.2013-cü il tarixli, 008 saylı kredit müqaviləsi əsasında iddiaçı 300 ay müddətinə, 44000 (qırx dörd min) manat məbləğində illik 8 faiz olmaqla dövlət ipoteka krediti götürmüşdür. “xxxx” ASC ləğv edilənədək həmin kredit iddiaçı tərəfindən hər ay gecikmə olmadan mütəmadi şəkildə ödənilmişdir. “xxxx” ASC ləğv edildikdən sonra həmin kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi Cavabdeh1 ASC-yə həvalə edilmişdir. Bundan sonra, Cavabdeh1 ASC ləğv edilənədək həmin kredit iddiaçı tərəfindən hər ay gecikmə olmadan mütəmadi şəkildə ödənilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.09.2016-cı il tarixli, 2-1(81)-3620/l6 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilərək bank barəsində iflas proseduruna başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bundan sonra həmin kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi Bank “xxxx” ASC-yə həvalə edilmişdir. 23.11.2020-ci il tarixli Azərbaycan Kredit Bürosunun çıxarışından görünür ki, iddiaçının 11.06.2013-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə hazırda 31039,43 manat məbləğində kredit borcu vardır. Lakin həmin müqavilə üzrə ödənişlər ləğv prosesində olan Cavabdeh1 ASC-dən “xxxx” ASC-yə keçdikdən sonra Cavabdeh1 ASC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reyestrinə borcun olmaması barədə məlumat ötürülməmiş və həmin kredit üzrə hazırda Cavabdeh1 ASC-yə borc öhdəliyinin olması görünür. İddiaçının 11.06.2013-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ASC-yə hər hansı borcu yoxdur və eyni kredit üzrə əsassız olaraq 36989 manat kredit borcu görünür. 11.06.2013-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə kreditin Cavabdeh1 ASC-yə ödənildiyi dövrə dair banka borcun olmaması barəsində arayışın verilməsi, həmçinin həmin müqavilə üzrə Cavabdeh1 ASC-yə kredit borcunun olmaması barədə məlumatın “Mərkəzləşdirilmiş Kredit Reyestri”nə daxil edilməsi barədə Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna edilmiş müraciətə cavab olaraq verilən 21.12.2020-ci il, 28.12.2020-ci il, 30.12.2020-ci il və 08.01.2021-ci il tarixli məktublarda qeyd edilmişdir ki, Cavabdeh1 ASC-yə ötürülmüş həmin kredit müqaviləsi üzrə 318,66 manat məbləğində faiz borcu vardır. İddiaçı kredit müqaviləsi üzrə ödənişlərini Cavabdeh1 ASC-yə həyata keçirmişdir. Həmin ödənişlərlə bağlı məlumatlar məhkəməyə təqdim edilən ödəniş qəbzlərində, həmçinin Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondundan əldə edilmiş çıxarışda öz əksini tapmışdır. Göstərilənlərə əsasən 11.06.2013-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ASC tərəfindən əsassız olaraq hesablanmış 318,66 manat məbləğində faiz borcunun silinməsi və həmin müqavilə üzrə Cavabdeh1 ASC-yə 36989 manat kredit borcunun olmaması barədə məlumatın Cavabdeh1 ASC tərəfindən “Mərkəzləşdirilmiş Kredit Reyestri”nə daxil edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ləğv Prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan qəbzlərdən və hesabdan çıxarışdan görünür ki, İddiaçı 01.01.2021-ci il tarixdə dövrün sonuna gözlənən 30836,11 manat (faiz borcu da daxil olmaqla) borcunu ödəmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, İddiaçı 11.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 36989 manat kredit borcu vardır. İş materiallarında olan ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin 21.12.2020-ci il tarixli məktubundan görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 11 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 270 ay müddətinə qaytarılmaq şərti ilə 44000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin lisenziyasının ləğvi ilə əlaqədar olaraq “xxxx” ASC-yə ötürülmüşdür. Cavabdeh1 ASC-yə ötürülmüş sözügedən kredit müqaviləsi üzrə 17.12.2020-ci il tarixinə 318,66 manat faiz borc öhdəliyi mövcuddur. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti qarşısında heç bir öhdəliyi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 11.06.2013-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən əsassız olaraq hesablanmış 318,66 manat məbləğində faiz borcu silinməli və həmin müqavilə üzrə ləğv prosesində olan Cavabdeh1 ASC-yə 36989 (otuz altı min doqquz yüz səksən doqquz) manat kredit borcunun olmaması barədə məlumat ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən “Mərkəzləşdirilmiş Kredit Reyestri”nə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 11.06.2013-cü il tarixli, 008 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən əsassız olaraq hesablanmış 318,66 manat məbləğində faiz borcu silinsin və həmin müqavilə üzrə ləğv prosesində olan Cavabdeh1 ASC-yə 36989 (otuz altı min doqquz yüz səksən doqquz) manat kredit borcunun olmaması barədə məlumat ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən “Mərkəzləşdirilmiş Kredit Reyestri”nə daxil edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar