Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2218/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» BOKT MMC-yə qarşı «Mərkəzləşmiş Kredit Reyestrindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» BOKT MMC-yə qarşı «Mərkəzləşmiş Kredit Reyestrindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla «xxxx» BOKT MMC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli SUMG1-12184-6751 saylı kredit müqaviləsinə əsasən borc məbləğini tam ödədiyinə görə adının Mərkəzləşmiş Kredit Reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 6.835 ABŞ dolları 22 sent borcun silinməsinə dair «xxxx» MMC-yə məlumat verməsi öhdəliyinin cavabdeh «xxxx» BOKT MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla «xxxx» BOKT MMC arasında xx xxxxx 2015-ci il tarixdə SUMG1-12184-6751 saylı kredit müqaviləsi bağlanmış və 60 ay müddətinə, illik 22 % dərəcəsi ilə 30.000 ABŞ dolları kredit verilmişdir. O, götürdüyü krediti «xxxx» BOKT MMC-yə tam məbləğdə ödəmişdir. Bunu «xxxx» BOKT MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 323/HO-OUT saylı arayış təsdiq edir. Həmin arayışda göstərilir ki, «xxxx» BOKT MMC-nin xx xxxxx 2015-ci il tarixli SUMG1- 12184-6751 saylı kredit müqaviləsi üzrə qalıq borcla bağlı heç bir iddia və tələbi olmayacaq və gələcəkdə də irəli sürməyəcək. Lakin Maliyyə Kredit Reyestrində onun halhazırda «xxxx» BOKT MMC-yə ödənilməmiş 6.835 ABŞ dolları 22 sent borcunun olduğu göstərilmişdir. Halbuki, həmin borcun ödənildiyi cavabdeh tərəfindən təsdiq edilmişdir. Hesab edir ki, onunla «xxxx» BOKT MMC arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli SUMG1-12184-6751 saylı kredit müqaviləsinə əsasən borc məbləğini tam ödədiyinə görə adının Mərkəzləşmiş Kredit Reyestindən çıxarılması barədə qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsaslı olduğundan, həmçinin cavabdeh tərəf iddianı etiraf etdiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı ilə «xxxx» BOKT MMC arasında xx xxxxx 2015-ci il tarixdə SUMG1-12184-6751 saylı kredit müqaviləsi bağlanmış və BOKT tərəfindən İddiaçı 60 ay müddətinə, illik 22 % dərəcəsi ilə 30.000 ABŞ dolları kredit verilmişdir. İddiaçı götürdüyü krediti «xxxx» BOKT MMC-yə tam şəkildə ödəmişdir. Bu barədə «xxxx» BOKT MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 323/HO-OUT saylı arayış verilmişdir. Lakin iddiaçının borcunun olmamasına dair Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməmiş, iddiaçının borcunun olmasına dair məlumat reyestrdən çıxarılmamışdır və indiyədək iddiaçının borcu olması göstərilir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının xx xxxxx 2015-ci il tarixli SUMG1-12184-6751 saylı kredit müqaviləsi üzrə BOKT-yə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx xxxxx 2015-ci il tarixli SUMG1-12184- 6751 saylı kredit müqaviləsi üzrə heç bir borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi «xxxx» BOKT MMC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx xxxxx 2015-ci il tarixli SUMG1-12184-6751 saylı kredit müqaviləsi üzrə heç bir borcunun olmaması barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi «xxxx» BOKT MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2218/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2218/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver