Məhkəmə qərarları › İş №2(006)-2218/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2218/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2218/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, 60 (altmış) manat mediasiya xərcinin və xx.xx.2009-cu il təvəllüdlü X5 gözünün əməliyyat olunması üçün tələb edilən məbləğin, yəni 1000 (bir min) manat pulun birdəfəlik tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Lakin tərəflərin nikahı 30 dekabr 2010-cu il tarixdə pozulmuş, X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün 136,60 (bir yüz otuz altı manat altmış qəpik) manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qəbul edilmişdir. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyi üçün İddiaçı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, aliment məbləğinin artırılmasını xahiş etmiş, həmin məhkəmənin müvafiq qətnaməsinə əsasən aliment məbləği 220 manat deyil, 190 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 1 yanvar tarixli “Yaşayış minimumu haqqında” qərarına əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. X8 hal-hazırda 9-cu sinifdə oxumaqla, 5 (beş) fəndən repetitor yanına hazırlığa gedir. Eyni zamanda, uşağın sağlamlığında ciddi problemlər var. Uşağa qoyulan diaqnoz “bronxitit astma” və hər 2 (iki) gözündə görmə itiliyi -15-20-dir. İddiaçının aylıq maaşı 345 manatdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-İİ seriyalı 299737 nömrəli şəhadətnamədən görünür ki, X8 28 yanvar 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X6r. Nikahın pozulması haqqında AZ-İ seriyalı 484648 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 nikahı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, nikah pozulduqdan sonra qadına “Tağıyeva” soyadı verilmişdir. Nikah haqqında AZ-İİ seriyalı 141532 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikahı xx.xx.2016-cı il tarixdə 09 nömrə ilə qeydə alınmışdır. Doğum haqqında AZ-İV seriyalı 470115 nömrəli şəhadətnamədən görünür ki, X9 23 iyun 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r. xx.xx.2009-cu il təvəllüdlü X7 məxsus ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan (xx.xx.2023-xx.xx.2023) görünür ki, onun əsas xəstəliyi allergik komponentin üstünlüyü ilə gedən bronxial astma (orta ağır gedişli), yanaşı xəstəliyi isə allergik rinitdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 28 yanvar 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli 2(006)-1138/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 190 manat sabit pul məbləğində alimentin tutulması, 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00186 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci və 10 manat poçt xərci İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “X16” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-2/3-476/2024 nömrəli arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixindən “X16” publik hüquqi şəxsin Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsində (KTM) fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 534 (beş yüz otuz dörd) manatdır. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh məxsus əmək haqqı kartına (VSDC Electron Salary) bağlı olan hesaba xx.xx.2023-cü il tarixində 454.13 manat, xx.xx.2023-cü il tarixində 454.13 manat, xx.xx.2023-cü il tarixində 454.13 manat, xx.xx.2023-cü il tarixində 454.13 manat, xx.xx.2024-cü il tarixində 454.13 manat, xx.xx.2024-cü il tarixində 454.13 manat və xx.xx.2024-cü il tarixində 486.35 manat əmək haqqı köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə olan birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 190 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini, uşağın 9-cu sinifdə oxumaqla 5 fənn üzrə repetitor yanına hazırlığa getdiyini bildirərək və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırılmasına istinad edərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay 235 manat sabit pul məbləğində alimentin, uşağın göz əməliyyatı üçün tələb edilən 1000 manat pulun və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona verilməsini tələb edir. Cavabdeh isə 190 manat məbləğində alimenti ödəməyə belə çətinlik çəkməsinin, maaşının az olmasının, başqa şəxslə nikahından bir uşağının olmasının da nəzərə alınaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinin “alimentin miqdarının artırılması” hissəsi ilə bağlı hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə qismən haqlıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən məhkəmə həmin dövrün həyat standartlarını, uşağın ehtiyacının səviyyəsini əsas götürmüşdür. Hazırda uşağın böyüməsi ilə əlaqədar xərcləri artmış, həmçinin, ölkədə gündəlik tələbat mallarının qiymətləri və yaşayış minimumunun məbləği artırılmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh əmək qabiliyyətli olmaqla rəsmi iş yerində işlədiyindən və aylıq müəyyən məbləğdə əmək haqqı aldığından, onun maddi imkanının olmaması və başqa nikahdan bir övladının olması barədə dəlilləri iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz. Belə ki, bu dəlillər cavabdehi qanunla müəyyən edilmiş azyaşlı uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağın lazımi səviyyədə saxlanması, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Mübahisəsiz haldır ki, əvvəlki qətnamə ilə təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 235 manat olduğu dövrdə, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 190 manat aliment məbləğinin artırılmaması uşaqla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olar. Cavabdehin başqa nikahdan da uşağının olması barədə dəlil ondan tutulan alimentin artırılmaması üçün əsas deyil, ona görə ki formalaşmış mövqeyə əsasən bu zaman məhz qanuni qüvvəsini almış məhkəmə aktı ilə cavabdehin başqa nikahdan olan uşaqlarına aliment tutulması faktının olubolmaması nəzərə alınmalıdır. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə, həmçinin, hesab edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, uşaqların həyat səviyyəsinin onlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumuna uyğunluğunu təmin etmək vəzifəsi hər iki valideynin üzərinə düşdüyündən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməyən hissəsini tamamlayaraq uşaqların əvvəlki təminatını saxlamaq cavabdehlə yanaşı, bir valideyn kimi iddiaçının da qanundan irəli gələn vəzifəsidir. Beləliklə, bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması daha ədalətli və məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Həqiqətən də, göründüyü kimi, iddiaçının vəziyyətində dəyşiklik olmuş, yəni artıq 1 il keçdiyi üçün uşağın artan tələbatını qarşılamaq çətinləşmiş, deməli, iddiaçının qayğıları artmış, maddi vəziyyəti isə yaxşılaşmamışdır. Demək ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan dəyişiklik dedikdə iddiaçının maddi vəziyyətinin pisləşməsi nəzərə alınır. Buna baxmayaraq, cavabdeh tərəf rəsmi iş yeri olsa da, əmək haqqının az olduğuna, başqa nikahdan uşağının olduğuna və maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmadığına görə iddiaya etiraz edir. Məhkəmə onun dəlillərini həm də ona görə qəbul etmir ki, uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini bir qədər də ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Məhkəmə iddia tələbinin “göz əməliyyatı üçün 1000 manat məbləğində əlavə xərcin ödənilməsi” hissəsi ilə bağlı hesab edir ki, bu hissədə iddianın təmin edilməsinə əsas yoxdur. Belə ki, iddiaçı məhkəmə araşdırmaları zamanı bildirmişdir ki, uşağın gözündə assiqmatizm var, lakin həkimlərin dediyinə görə, o, 18 yaşına çatdıqdan sonra əməliyyat oluna bilər. Cavabdeh isə bu əməliyyatın icbari sığorta çərçivəsində aparılmasının mümkünlüyünü bildirdikdə iddiaçı mümkün olarsa, həmin vaxt icbari sığorta ilə əməliyyat etdirəcəyini bildirmiş və tələbin bu hissəsinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etmişdir. Məhkəmə hesab edir ki, uşağın göz əməliyyatı üçün tələb edilən məbləğə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmçinin, hazırda uşaqda göz əməliyyatı edilməsi tibbi baxımdan mümkün olmadığından, gələcəkdə icbari tibbi sığorta qarşılamadığı halda xərclər yarandığı təqdirdə müvafiq tələblə məhkəməyə müraciət etmək hüququnun saxlanması iddiaçıya izah olunmaqla, tələbin bu hissəsi hazırda təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mediasiya xərci” hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən, mediasiya xərcinin 15 (on beş) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməli, xərclərin qalan hissəsi iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2401/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 15 (on beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, məhkəmə xəclərinin qalan hissəsi İddiaçı aid edilsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar