Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2222/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızının iştirakı ilə, iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(006)- 830/2019 saylı qətnaməsi ilə Cavabdeh 2018-ci il təvəllüdlü Mikayılov Ayxanın yetkinlik yaşınadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində tutulan alimentin məbləğini dəyişərək, artırılan aliment miqdarının "yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, hər ay üçün bir uşağa görə müəyyən olunmuş yaşayış minimumu (2022-ci il üçün - 195 manat) miqdarından az olmayan məbləğdə hər ay Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, X5 ilə Cavabdeh arasında 22.08.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 28.08.2018-ci il tarixdə oğulları X8 anadan olmuşdur. Nəsimi rayon məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(006)-830/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və övladları Mikayılov Ayxanın saxlanılması üçün cavabdehdən hər ay 160 (yüz altmış) manat məbləğində alimentin tutulması qət etmişdir. Qətnamə çıxarılan dövrdən müəyyən müddət keçib. Bu müddət ərzində oğulları bir az da böyüyüb, təbii ki, onun tələbatı da artıb, habelə ölkə iqtisadiyyatında da müxtəlif dəyişikliklər baş verdiyi üçün müxtəlif qiymət yüksəlişi hiss olunur. Cari ildə minimum yaşayış həddi artdığı üçün hazırda ödənilən aliment uşağın sağlamlığına, təhsilinə, dünyagörüşünün artırılmasına xərclənən məsrəfləri ödəmir. Oğullarının geyimi və yeməyi, istirahəti və tərbiyyəsi tamamilə onun üzərinə düşür. Qətnamə ilə tutulmuş aliment məbləğini belə cavabdeh gecikdirərək ödəməyərək burda da uşağın rifahını ağır vəziyyətə salmış olur. Ona görə məhkəmə göstərdiklərini nəzərə alaraq tutulan alimentin məbləğini yüksəltməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulamsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. 2 saylı Bakı “ASAN” Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 07.09.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 176238 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28.08.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında Mikayılova (Piroğlanova) Aygün Ramiddin qızı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 28.08.2018-ci il tarixdə 4715 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 25.05.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 322109 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 25.05.2019-cu il tarixdə 162 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə Mikayılov, Piroğlanova soyadı verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(006)-830/2019 saylı qətnaməsinə əsasən, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə X5 arasında 22.08.2017-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət’’ mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1991 № ilə qeydə alınmış nikahın pozulması, 28.08.2018-ci il təvəllüdlü X6 anası X3 yanında yanında saxlanılması, Cavabdeh 06 noyabr 2018-ci il tarixdən başlayaraq 28 avqust 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızı ilə Cavabdeh birgə nikahlarından X8 28.08.2018-ci il tarixdə anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(006)-830/2019 saylı qətnaməsi ilə iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızı ilə Cavabdeh arasında 22.08.2017-ci il tarixdə bağlanmış və 2 saylı Bakı “Asan xidmət’’ mərkəzi qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4715 nömrə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş X6 anası Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızının yanında qalması, Cavabdeh 6 noyabr 2018-ci il tarixdən başlayaraq 28 avqust 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə, alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Belə ki, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(006)-830/2019 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 28 avqust 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.03.2019-cu il tarixli, 2(006)-830/2019 saylı qətnaməsi ilə 28.08.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh iddiaçı Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 28.08.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq Piroğlanova (Mikayılova) Aygün Ramiddin qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2222/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2222/2022
10.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver