Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2223/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «bank tərəfindən tutulmuş məbləğin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «bank tərəfindən tutulmuş məbləğin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tutulmuş 212 manat və 150 manat maddi ziyanın, eləcə də ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin 15 fevral tarixində növbəti təqaüdünü alarkən 212 manat pulun əskik ödənilməsini görüb Tbilisi prospekti 3004-cü məhəllədə yerləşən “Bravo” marketin içərisində olan Cavabdeh ASC-nin filialına yaxınlaşıb aydınlaşdırarkən bankın əməkdaşı ona xx.xx.2022-ci il tarixdə, saat 18:25-də həmin “Bravo" marketin içərisində quraşdırılmış bankomatdan 200 manat avans götürməsi barədə çıxarış təqdim etdi. Həmin əməliyyatı həyata keçirmədiyi üçün marketin təhlükəsizlik xidməti əməkdaşlarından qeyd olunan vaxtda kamera görüntülərinə baxmağı xahiş etmişdir. Onlar şifahi olaraq bildirdilər ki, görüntün qeydə alınmamışdır. 5 dəfə banka yazılı və şifahi müraciət etmiş, ona aid olan Debet kartından xx.xx.2022-ci il tarixdə həqiqətən 200 manat məbləğində pul çıxarmışdır. Eyni zamanda, xx.xx.2022-ci il tarixdən adına olan 3 ədəd Debet kartlarında müəyyən məbləğlər olmuşdur. Belə olan halda avans götürməsinə məntiqlə də ehtiyac qalmır. Bank əməkdaşları polisə müraciət edib görüntünü əldə etməyi məsləhət gördülər. Məqsədi görüntünü əldə edib məhkəməyə müraciət etmək idi. Polisə müraciət etmiş, Nəsimi RPİ-nin 20-ci PB-də tədqiqat araşdırması başlandı və müəyyən edildi ki, qeyd olunan vaxtda bankomatın qarşısında olmamış və avans əməliyyatı həyata keçirməmişdir. Görüntülər həm təhqiqatda, həm də onda var, məhkəməyə təqdim edə bilər. Hüquqları kobud surətdə pozulduğu üçün hesab edir ki, Cavabdeh tərəfindən tutulmuş 212 manat məbləğ və 150 manat maddi ziyan ona ödənilməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində Banka məxsus ATM vasitəsilə plastik kart hesabından məxaric və 200 AZN avans kreditinin məxarici əməliyyatları aparmışdır. Məxaric etdiyi 200 manat məbləğində avans vəsaiti almadığını və buna görə ona maddi zərərin vurulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Avans kreditinin sifariş edilməsi əməliyyatı barədə araşdırma aparılmış, iddiaçıya məlumat təqdim edilmişdir. Həmçinin, iddiaçının hüquq-mühafizə orqanlarına müraciəti ilə əlaqədar müvafiq təsdiqedici foto görüntülər Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə təqdim edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 21:20 - 22:00 radələrində Banka məxsus A0100262 nömrəli ATM vasitəsilə plastik kart hesabından məxaric və 200 AZN avans kreditinin məxarici əməliyyatları aparmışdır. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin tarixdə (saat 21:25) **********315814 PAN nömrəli kart üzrə 500 AZN məbləğində nağdlaşdırma edilmişdir (Ödəniş kartı üzrə çıxarış - əlavə edilir). Mübahisə edilən əməliyyatla bağlı qeyd edir ki, həmin tarixdə (saat 21:24) 200 AZN məbləğində avans krediti məxaric edilmişdir. İddiaçının hüqııq-mühafizə orqanlarına müraciəti ilə əlaqədar 29 aprel 2022-ci il tarixli 5(006)-245/2022 nömrəli Nəsimi Rayon Məhkəməsinin qərarı icra edilmiş, mövcüd görüntülər Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə təqdim edilmişdir. Həmin foto görüntülərlə əməliyyatların iddiaçı tərəfindən icra edilməsi sübuta yetirilir. Göründüyü kimi baş vermiş hadisədə bankın hər hansı təqsiri yoxdur, avans krediti iddiaçının sifarişinə əsasən təqdim edilmiş, daha sonra tariflərə uyğun (hər 50 AZN avans üçün 3 AZN komissiya hesablanmaqla) 212 AZN vəsait iddiaçının hesabından silinmişdir. Məhkəmə iclasında iddiaçı - İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Hesabdan çıxarışdan görünür ki, 14 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində fəaliyyət göstərən “Bravo” hiper marketdə yerləşən A0100262 nömrəli bankomatdan iddiaçının hesabından 200 manat məbləğində pul vəsaiti çıxarılmışdır. Ödəniş kartı üzrə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabından 212 manat avans borcu üzrə silinmə həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı faktla bağlı kifayət qədər dəlil-sübut bazası yaratmaq mümkün olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 125000/1-02-0490 saylı məktubdan görünür ki, “istifadənizdə olan 676867******5814 nömrəli plastik kart vasitəsi ilə 14 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində fəaliyyət göstərən “Bravo” hiper marketdə yerləşən A0100262 nömrəli bankomatdan Bankın təklif etdiyi “AVANS” məhsulu üzrə 200 manat məxaric edilmişdir. Məhsulun şərtlərinə görə istifadə edilən hər 50 manat vəsaitə 3 manat komissiya hesablanır və kart hesabına növbəti mədaxil zamanı borc məbləği hesabdan silinir. İstifadə tarixindən sonrakı 40 gün ərzində borc məbləği tam olaraq ödənilməzsə 40-cı gün əməliyyat gününün sonunda qalıq borc məbləğinə aylıq intervala uyğun olaraq yenidən komissiya hesablanır. “AVANS” məhsulundan istifadəyə görə kart hesabınızdan 15 fevral 2022-ci il tarixdə 212 manat silinmişdir. Əməliyyatı icra edən şəxsin müəyyən edilməsi üçün “AVANS” məhsulu üzrə məxaric əməliyyatına dair görüntülərin əldə edilməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz”. Məhkəmə tədiqatı zamanı müəyyən olundu ki, iddiaçının istifadəsində olan 676867******5814 nömrəli plastik kart vasitəsi ilə 14 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində fəaliyyət göstərən “Bravo” hiper marketdə yerləşən A0100262 nömrəli bankomatdan Bankın təklif etdiyi “AVANS” məhsulu üzrə 200 manat məxaric edilmişdir. Daha sonra tariflərə uyğun cavabdeh tərəfindən hər 50 AZN avans üçün 3 AZN komissiya hesablanmaqla 212 AZN vəsait iddiaçının hesabından silinmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırki iş üzrə iddiaçının kart hesabından 212 manat məbləğində pul vəsaitinin silinməyə görə məhkəmə tədqiqatı zamanı cavabdehin hər hansı təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı, Bankın təklif etdiyi “AVANS” məhsulu üzrə 200 manat məxaric etmədiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, iddiaçı iddia tələbinin əsasını (pulun silinməsində cavabdehin təqsiri) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmənin qənaətinə görə iddia tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2223/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2223/2023
18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver