Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2224/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, Cavabdeh BBB oğlunun iştirakı ilə İddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA qızı cavabdeh BBB oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı AAA qızı və cavabdeh BBB oğlu arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü CCC oğlunun saxlanılması üçün əlavə heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-7787/2015 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş CCC oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 108 (yüz səkkiz) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda CCC oğlunun 8 yaşı var. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2015-cü ildə uşaq üçün 108 manat müəyyən edilmişdir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh vaxtlı-vaxtında ödəməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan, xx.xx.2013-cü il təvəllüdlü CCC oğlunun saxlanması üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq 200 (iki yüz) manat sabit pul məbləğinin cavabdeh BBB oğlundan tutularaq iddiaçı AAA qızına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, övladı CCC oğlunun doğum tarixinin xx.xx.2013-cü il olaraq qeyd olunmasını xahiş etmişdir. İddiaçı AAA qızı məhkəməyə ərizə göndərərək, himayəsində azyaşlı uşağın olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və bununla əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh BBB oğlu iddia tələbinə etirazını bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 611581 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, CCC oğlu xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası isə AAA qızıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-7787/2015 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2013-cü il təvəllüdlü CCC oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq cavabdeh BBB oğlundan 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı AAA qızına verilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-5951/2016 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-7787/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılaraq cavabdeh BBB oğlundan xx.xx.2013-cü il təvəllüdlü CCC oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 117 manat alimentin alınıb iddiaçı AAA qızına ödənilməsi qət edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ № 235227 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, BBB oğlu ilə AAA qızı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 69 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra, kişiyə Kazımov, qadına Mustafayeva soyadı verilmişdir. 5 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ № 297061 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X1 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3651 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra, ərə Abasov, arvada Abasova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onların nikahları pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-7787/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü CCC oğlunun yetkinlik yaşına qədər saxlanması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq cavabdeh BBB oğlundan 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı AAA qızına verilməsi qət edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-5951/2016 saylı qətnaməsi ilə isə alimentin məbələğinin artırılaraq hər ay sabit pul məbləğində 117 manat edilməsi qət olunmuşdur. Hazırda iddiaçı övladı barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 200 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən 117 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə iddia tələbinin “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən başlayaraq alimentin hesablanması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Əlavə olaraq məhkəmə hesab edir ki, cavabdeh BBB oğlunun övladı CCC oğlu üçün ödədiyi 117 manat alimentin ½ hissəsinin uşağın adına açılacaq bank hesabına köçürülməsi barədə tələbi təmin edilməməlidir. Belə ki, Ailə Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Ailə Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.9-cu bəndində göstərilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Odur ki, hazırda yetkinlik yaşına çatmayan BBB oğlunun saxlanılması üçün anaya ödənilən 117 manat alimentin ½ hissəsi yaşayış minimumundan çox aşağı olduğuna, uşağın saxlanmasına, maddi vəziyyətinə, tərbiyəsinə və təhsilinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə, mövcud alimentin ½ hissəsinin uşağın adına açılacaq bank hesabına köçürülməsini məqsədəmüvafiq hesab etmir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü CCC oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh BBB oğlundan hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq AAA qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, BBB oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü CCC oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh BBB oğlundan hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq AAA qızına verilsin. BBB oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2224/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2224/2021
03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver