Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-223/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilkin alğı-satqı zamanı ödədiyi 6.052 manat, sonradan həmin torpaq sahəsi üçün xərclədiyi 7.100 manat, mənəvi ziyan üçün 10.000 manat və əldən çıxmış faydaya görə 5.000 manat, 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq – 27.050 manat, cəmi 55.202 manat ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu Hökməli bələdiyyəsinin xx xxxxxx 2016-cı il tarixli 10 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün Bakı şəhər sakini Cavabdeh adına ayrılan 0,10 ha torpaq sahəsinin 0,066 ha hissəsini Bakı şəhəri 11 saylı Notariat Kontoru vasitəsi ilə 6.400 manat qiymətləndirərək torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilə ilə Cavabdeh almışdır. Həmin satış məbləğindən 5.950 manat pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə birinci tərəf, yəni Cavabdeh ödəmişdir. Əlavə olaraq 92 manat ilkin alğı-satqı müqaviləsinin bağlanması haqqı üçün və 11 manat 50 qəpik etibarnamənin verilməsi haqqı kimi notariusa ödəmişdir. Satış məbləğinin qalan 450 manatını isə torpağın alğı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür. Bildirir ki, Cavabdeh ilə onun arasında xx xxx 2017-ci il tarixdə ilkin alğı-satqı müqaviləsi bağlandıqdan sonra cavabdeh ona xx.xx.2097-ci il tarixə qədər olan 80 il müddətinə AR-İ seriyalı 533626 saylı etibarnamə vermişdir. Alğı-satqı zamanı notarius Cavabdeh bildirmişdir ki, satılan 0,066 ha torpaq sahəsini alıcıya, yəni ona təhvil versin, o cümlədən torpağın alğı-satqı üçün vacib olan sənədləri, şəxsiyyət vəsiqəsinin surətini, əri ilə arasında olan nikah şəhadətnaməsinin surətini və əri vəfat edibsə ölüm haqqında şəhadətnamənin surətini alıcıya təqdim etməlidir. Cavabdeh aldığı 0,066 ha torpaq sahəsini ona təhvil versə də, reyestr xidmətinə mülkiyyət hüququnun tanınması üçün təqdim etməsi lazım olan sənədləri təqdim etməmişdir. Lakin həmin sənədləri ona təqdim etməsi üçün dəfələrlə Cavabdeh zəng etsə də, onun qızı Oksana xanım gah ona bildirmişdir ki, anası Gürcüstandadır, gətirib sənədləri ona təqdim edəcəklər, gah da telefonunu açmamışlar. Cavabdehin ailəsinin bu hərəkəti artıq onda şübhələr doğurmağa başlamışdır. Alğı-satqıdan bir müddət keçdikdən sonra Cavabdeh alğı-satqı zamanı onlarla birlikdə olan X3 ilə əlaqə saxlayaraq aralarında gizlin sövdələşmə apararaq, həmin torpaq sahəsinin 0,038 ha hissəsini ona satmış və ev tikintisi inşa etmək üçün sonuncuya razılıq vermişdir. İ.Fərzəliyev Cavabdeh razılığı əsasında onun xəbəri olmadan özbaşına olaraq qeyri-qanuni surətdə həmin torpaq sahəsində özü üçün yaşayış evi tikdirməyə başlamışdır. O, torpaq sahəsinə baş çəkməyə gedərkən orada ev tikintisinin başlanmasının şahidi olmuş və M.Fərzəliyevə tikintinin dərhal dayandırmasını ona bildirmişdir. Lakin M.Fərzəliyev sözünə məhəl qoymayaraq işi davam etdirmişdir. Bu zaman o, Cavabdeh zəng etmişdir. Telefonu Cavabdeh qızı Oksana xanım açmışdır. O, sonuncuya bildirmişdir ki, sonuncular lazım olan sənədləri ona niyə gətirib vermirlər. Oksana xanım ona bildirmişdir ki, anası həmin torpaq sahəsini alğı-satqı zamanı onlarla birlikdə olan Məmmədhüseyn Fərzəliyevə satmışdır. M.Fərzəliyev də həmin torpaq sahəsində özünə ev tikmək istəyir, lakin o, sonuncuya imkan vermir. O isə Oksana xanıma bildirmişdir ki, həmin torpaq sahəsini alğı-satqı müqaviləsi ilə o almışdır, pulunu da banka o ödəmişdir. Həmin torpaq sahəsi çökək olduğu üçün torpaq tökdürmüşdür, hamarlama işləri aparmışdır, onun bütün tərəflərini daş hasarla bağlamışdır və dəmir darvaza qoymuşdur və həmin torpaq sahəsini anası, Cavabdeh təhvil götürdükdən sonra həmin torpaq sahəsinə torpağın daşınması, traktorla hamarlanması, bünövrənin qazılması, dəmir darvaza, daş, sement və qumun alınması və usta üçün 7.100 manat pul xərcləmişdir. Sonuncu isə ona bildirmişdir ki, anası həmin alğı-satqı müqaviləsini onunla formal olaraq bağlamışdır. Həmin torpaq sahəsini anası ona yox, X1. O, sonuncuya bu barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Oksana xanım ona bildirmişdir ki, onları məhkəmədən uzaq etsin. Əgər məhkəməyə versə, onlar məhkəməyə gəlib M.Fərzəliyevin xeyrinə ifadə verəcəklər. Bu zaman o, bu barədə Hökməli Bələdiyyəsinə məlumat verərək bildirmişdir ki, ona məxsus olan torpaq sahəsinə qanunsuz tikilən tikinti dayandırılsın. Bələdiyyədən ona bildirmişlər ki, həmin onun aldığı torpağın cizgisi başqa əraziyə düşür. Onun torpaq sahəsinin harada yerləşməsini bələdiyyə üzvündən soruşanda sonuncu ona heç bir izahat verməmişdir. Hansı ki, o, həmin torpağı alan zaman bələdiyyə üzvləri həmin ərazidə idilər və həmin torpağın ona satılmasının şahidi olmuşdular. İşin dayandırılmasına görə dəfələrlə etdiyi müraciətə məhəl qoyulmamışdır. O, bu barədə Abşeron rayon Polis İdarəsinin rəisinə ərizə ilə müraciət edərək bildirmişdir ki, qeyri-qanuni tikilən tikintinin dayandırılmasını təmin etsinlər. Abşeron rayon Polis İdarəsi nəinki işi dayandırmamış, heç onun ərizəsinə də cavab verilməmişdir. Cavabdehin bu qanunsuz hərəkətlərinə görə o, stres və həyacan keçirərək, xəstəliyə düçar olmuş və əmək qabiliyyətini itirərək 2 aydan artıq ambulator müalicə almışdır. Bununla da, cavabdehin bu qanunsuz əməlləri nəticəsində ona maddi ziyan olaraq 13.152 manat, mənəvi ziyan olaraq 10.000 manat və əldən çıxmış faydaya görə 5.000 manat, yəni əgər 2 il müddətinə həmin torpaq sahəsində hər hansı bir sahibkarlıq fəaliyyəti qursa idi, həmin yuxarıda göstərdiyi məbləğ qədər fayda əldə edə bilərdi. 2017-ci ildə həmin torpaq sahəsinin bazar qiyməti 900 manat olduğu halda, hal-hazırda 5.000 manat civarındadır. Cavabdeh 2017-ci ildə ona satdığı həmin 0,066 ha torpaq sahəsinin bazar qiyməti 6.400 manat qiymətləndirilsə də, hal-hazırda həmin 0,066 ha torpaq sahəsinin bazar qiyməti 33.000 manat təşkil edir. 2017-ci ildə bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq 27.050 manat təşkil edir. Ona dəyən ziyan ümumilikdə 55.202 manat məbləği təşkil edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxx 2017-ci il tarixli torpaq sahəsinin alğı-satqısına dair ilkin müqavilənin surətindən görünür ki, Cavabdeh müvafiq sənədlərə əsasən özünə ayrılmış, Abşeron rayonu Hökməli bələdiyyəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra 0,066 ha hissəsini 6.400 manata İddiaçı satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. İddiaçı razılaşdırılmış məbləğin 5.950 manat hissəsini Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusunun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh ödəmişdir. Müqavilə şərtlərinə görə satış qiymətinin 450 manatı torpağın alğı-satqısına dair əsas müqavilə bağlanarkən ödənilməli idi. Hazırda İddiaçı Cavabdeh ilkin alğı-satqı zamanı ödədiyi 6.052 manat, sonradan həmin torpaq sahəsi üçün xərclədiyi 7.100 manat, mənəvi ziyan üçün 10.000 manat və əldən çıxmış faydaya görə 5.000 manat, 2017-ci ilin bazar qiyməti ilə hal-hazırkı bazar qiyməti arasında olan fərq – 27.050 manat, cəmi 55.202 manat ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Lakin, iddiaçı cavabdehlə aralarında bağlanmış ilkin alğı-satqı müqaviləsini mübahisələndirmir. Məhkəmənin hüquqi mövqeyinə görə, nə qədər ki, Bakı şəhəri 11 saylı notariat kontorunda tərəflər arasında bağlanmış xx xxx 2017-ci il tarixli torpaq sahəsinin alğısatqısına dair ilkin müqavilə ləğv edilməyib və qüvvədədir, iddianın hazırkı şərtlər daxilində təmin/qismən təmin edilməsi mümkün deyil. Tərəflər arasında qarşılıqlı öhdəliklərin (bir tərəfin torpağa dair müvafiq sənədlər hazırlandıqdan sonra alğı-satqı müqaviləsi bağlaması öhdəliyi, digər tərəfin yekun müqavilə bağlanarkən qalıq məbləğin ödənilməsi öhdəliyi) yaranmasına əsas olan müqavilə qüvvədə olduğu dövr ərzində iddiaçının cavabdehdən torpağın ilkin alğı-satqı müqaviləsinə əsasən ödədiyi pulu tələb etməsi mümkün deyil. Eləcə də, əsas tələbdən doğan digər tələblərə (7.000 manat xərc, 10.000 manat mənəvi ziyan, 5.000 manat əldən çıxmış fayda, qiymət fərqi 27.050 manatın ödənilməsi tələbinə) hüquqi qiymət verilməsi mümkün deyil. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, yuxarıda qeyd olunan ilkin müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması (həmçinin əsas tələbdən doğan digər tələblərlə bağlı) tələbinə dair iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı «ilkin alğı-satqı zamanı ödənilən pulun geri qaytarılması və dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-223/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-223/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver