Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-223/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 67.000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(006)-3983/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, qiyabi qətnamənin ləğv edilməsini və mülki işə tərəflərin iştirakı ilə iddia icraatı qaydasında baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(006)- 3983/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, məhkəmənin qiyabi qətnaməsi ləğv edilmiş və sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin həcminin artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, 67.000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdiyini qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən cavabdehdən əlavə olaraq 3.350 manat pulun da tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 67.000 manat borc pul vermişdir. Kredit iki ay müddətinə verilmişdir və cavabdeh krediti 07 fevral 2021-ci il tarixə qədər qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə qədər həmin vəsaiti ona qaytarmamışdır. O, dəfələrlə cavabdehə müraciət edərək, borcu qaytarmağı tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirərək borcu qaytarmamış, öhdəliyin icrasından yayınmışdır. Odur ki, cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Aşağıda göstərilən əsaslara görə Cavabdeh 67.000 manat pul tutularaq ona ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanılan 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən o, cavabdehə 67.000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən borc alan kredit məbləğini 07 fevral 2021-ci il tarixə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə onunla İddiaçı arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3983/2021 saylı, 07 iyul 2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən ondan 67.000 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qiyabi qətnamə onun qeydiyyatda olduğu ünvana gəlməmiş, lakin cavabdeh ona zəng edərək, ona 67.000 manat pul ödənilməsi barədə məhkəmə qərarının olmasını və pulu bütövlükdə ondan alacağını təkidlə bildirmişdir. Bundan sonra Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, barəsində mülki işin olub-olmamasını soruşduqda onun barəsində qiyabi qətnamənin çıxarıldığını öyrənmişdir. O, ərizə ilə müraciət edərək, qiyabi qətnamənin alınmasını xahiş etmişdir. Qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, çünki ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatlar tam reallığı özündə əks etdirmir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində 07.12.2021-ci il tarixdə guya ona kredit vermiş, həmin krediti o, iddiaçıya 2 ay ərzində 07.02.2021-ci il tarixə qaytarılmasını öz öhdəsinə götürmüşdür. İddiaçı ona dəfələrlə borcun qaytarılmasını bildirsə də, o, iddiaçıya guya borcu qaytarmaqdan və öhdəliyin icrasından yayınmışdır. İlkin iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi 67.000 manatın verilməsi barədə kredit müqaviləsi ilə bağlı qeyd etməlidir ki, həmin kredit müqaviləsi formal xarakter daşımış, aralarında heç bir zaman 67.000 manat məbləğində borc mövcud olmamış, İddiaçı ona Bakı şəhəri 14 saylı Notariat Kontorunda notarusun yanında borca 67.000 manat pul verməmişdir. Hətta borc pulunun verilməsini təsdiq edən məxaric order və ya qəbz onun tərəfindən imzalanmamışdır. Həmin kredit müqaviləsinin bağlanması İddiaçı tərəfindən əvvəlcə düşünülmüş formada həyata keçirilmiş, aldadılaraq onun notariat kontoruna aparılaraq daha əvvəllər aldığı borc pulun faizini yüksək həddə hesablayaraq, ona imzalatdırmışdır. Bundan başqa o, kredit müqaviləsini iddiaçının təkidi ilə aldadılaraq ona borcun ödənilməsinə möhlət verilməsi adı ilə müqaviləni 17.000 manat olmasını şifahi formada deməklə imzalanmış olan formal bağlanmış əqddir. Nəticədə o, müqaviləni oxumadan imzalamalı olmuşdur. Hətta müqavilənin təsdiqi üçün ondan kreditor 1.000 manat əlavə pul almışdır. Halbuki, müqavilənin rəsmi təsdiqi üçün 92 manat haqq tutulmuşdur. 1.000 manat pulun kredit müqaviləsinin təsdiqi üçün onun tərəfindən iddiaçıya verilməsini təsdiq edən şahidləri də var. O, kreditor tərəfindən aldadılaraq ona borcun verilməsi barədə möhlət verilməsi adı ilə aldadılaraq aldığı pulların əlavə böyük məbləğdə faiz hesablayaraq ona imzalatmışdır. O, kredit müqaviləsi imzalayarkən notarus tərəfindən hüquq və vəzifələri izah edilməmiş, pulun verilməsinə dair məbləğin olub-olmaması araşdırılmadan 17.000 manat adı ilə ona guya 67.000 manat borc pulun verilməsi barədə əqd imzalanmışdır. Beləliklə, ilkin iddia üzrə iddiaçı ona əvvəllər aldığı borcu ödənilməsinə möhlət verilməsi adı ilə onu kredit müqaviləsini bağlamağa inandırmış, notarusa apararaq kredit müqaviləsinin bağlanmasına nail olmuşdur. İlkin iddia üzrə iddiaçı faizə pul verən şəxsdir, pulu böyük məbləğdə faizə verməklə qazanc əldə edir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində iki ay ərzində pul qaytarmaq şərtilə ona borca 67.000 manat pul verilməsini, sonradan ondan pulun tələb edilməsini bildirsə də, borcu qaytarmasından yayınmasını göstərmişdir. Halbuki, aralarında 67.000 manat pulun qaytarılması barədə ona heç bir xəbərdarlıq, bildirşlər gəlməmişdir. O, da bu zamana kimi ilkin iddia üzrə iddiaçıya borcunun 17.000 manat olmasını zənn etmişdir. Onun daha əvvəllər ilkin iddia üzrə iddiaçıdan aldığı 10.000 manat borc pulun faizini bir neçə ay ödəsə də, sonradan ödəyə bilmədiyindən, əlavə faiz üzərinə gəlməklə 17.000 manat olması adı onu müqaviləni imzalamağa inandırmışdır. Onlar arasında daha əvvəllər olan borc münasibətlərinə o, kredit müqaviləsi ilə deyil, borcun etirafı haqqında müqavilə imzalamalı idi. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsinin şərtlərinə görə o, ilkin iddia üzrə iddiaçıya olan borcunu 07.02.2021-ci il tarixə qədər qaytarılmasını öhdəsinə götürmüşdür. Belə olan halda tərəflər arasında borc müqaviləsində müddət nəzərdə tutulduğundan, İddiaçı onu 3 ay əvvəl xəbərdarlıq etməklə, borc müqaviləsinin xitam verilməsi və borcun qaytarılmasını tələb edə bilərdi. İlkin iddia üzrə İddiaçı tərəfindən ona borc müqaviləsinin ləğvinə dair heç bir bildiriş daxil olmamış və məhkəmə bunu araşdırmadan işə baxmışdır. Hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 07.07.2021-ci il tarixli qiyabi qətnaməsi ilə həm prosessual hüquq normaları, həm də maddi hüquq normalarını pozulmaqla qətnamə çıxarılmışdır. Müqavilənin etibarsızlığına dair əsas bağlandığı tarixə nəzərə salınsa bunu aydın görmək olar ki, onun bu pandemiya dövründə ilkin iddia üzrə iddiaçının ona böyük məbləğdə borca pulu iki ay ərzində qaytarmaq şərtilə nə məqsədlə verilməsini məhkəmə müəyyən etməmişdir. Onun işsiz olması, bu böyük məbləğdə pulun nə məqsədlə verilməsi ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsində göstərilməmiş, məhkəmə də bunu araşdırmadan üzərindən keçmişdir. Hesab edir ki, onun ilkin iddia üzrə iddiaçıdan əvvəllər aldığı 10.000 manat pulun faizini bir neçə ay ödəsə də, ona zaman vermək şərti və əlavə bunun müqabilində 7.000 manat pulu faiz kimi hesablamaqla ona şifahi formada deməklə kredit müqaviləsini tərəfindən oxunulmadan imzalanmış müqavilədir. Bakı şəhəri 14 saylı Notariat Kontorunda 07 dekabr 2020-ci il tarixdə aralarında kredit müqaviləsi bağlansa da, notariat orqanında İddiaçı ona borc pul verməmiş, bu barədə hətta məxaric orderi və ya qəbz olmamışdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi, qarşılıqlı iddiaya etiraz etdi və məhkəmədən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış və təsdiq edilmiş 07 dekabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh iki ay ərzində qaytarmaq şərti ilə İddiaçı 67.000 manat məbləğində borc almışdır. İş materiallarında olan 07 dekabr 2020-ci il tarixli, MUĞ № 548544 saylı qəbzdən görünür ki, Cavabdeh 67.000 manat məbləğində pul vəsaitini almasını qeyd edilən qəbzə imza etməklə, təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2022-ci il tarixli 4/08 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 97-ci vərəqində olan 07 dekabr 2020-ci il tarixli, 548544 nömrəli qəbzin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” qrafasında olan imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 124 manat təşkil etmişdir. Məhkəmə ilk iddiaya münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iş materilları ilə müəyyən edilmişdir ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı 67.000 manat məbləğində borc almış, borcu iki ay ərzində qaytarmasına dair ilk iddia üzrə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişi vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyini icra etməmişdir. Belə olan halda ilk iddia üzrə iddiaçının borc məbləğini tələb etmək hüququ yaranmış və o, borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan əlavə ilk iddia üzrə iddiaçı tərəfindən müqavilə üzrə verilmiş borc məbləği ilə yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən cavabdehdən əlavə olaraq 3.350 manat pulun tutulması xahiş edilsə də, məhkəmənin qənaətinə görə ilk iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən iddianın “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən cavabdehdən əlavə olaraq 3.350 manat pulun tutulması” hissəsinə dair əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında müqavilə öhdəliyi mövcuddur və ilk iddia üzrə cavabdehdən həmin müqavilə ilə müəyyən edilmiş borc məbləği tutulmalıdır. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında qanuni əsaslarla bağlanmış müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mübahisələndirilən kredit müqaviləsi üzrə kredit məbləğinin verilməsinə dair qəbz üzərindəki imzalar həqiqətən də, Cavabdeh tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırki ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının verdiyi qarşılıqlı iddia ərizəsində Notariat Ofisində bağlanmış borc müqaviləsinə əsasən götürdüyü borc məbləğinin 67.000 manat deyil, əslində 10.000 manat və həmin məbləğə hesablanmış 7.000 manat faiz borcunun olmasını qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir sənəd təqdim edə bilməmişdir. Əksinə notariat qaydada bağlanmış elektron qaydada real vaxt rejimində fotoşəkillər çəkilməklə, tərtib edilmiş borc müqaviləsindən görünür ki, onun etibarsız hesab edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən onun bank hesabından götürülməsi üçün məxaric qəbzinə edilən imzanın onun tərəfindən deyil, qeyri-şəxs tərəfindən edildiyi bildirilsə də, məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin verilmiş vəsatətinə əsasən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, ekspert rəyindən görünür ki, imza Cavabdeh tərəfindən həyata keçirilmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçının göstərilən məbləğin Notariat Ofisi tərəfindən verilən bank hesabından çıxarılması sübuta yetir. Bununla da, həmin müqavilənin şübhə altına alınaraq, etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən olunmadığından, qarşılıqlı iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası qismən təmin edilməli, 67.000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, Cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 124 manat ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası qismən təmin edilsin. 67.000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-223/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-223/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver