Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2236/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «cavabdehin üzərinə qaytarılmaması razılaşdırılmış borcun silinməsi və "xxxx" MMC-yə müvafiq məlumatın verilməsi vəzifəsinin qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı «cavabdehin üzərinə qaytarılmaması razılaşdırılmış borcun silinməsi və "xxxx" MMC-yə müvafiq məlumatın verilməsi vəzifəsinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" BOKT MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin onun adında qalan borc, yəni ümumilikdə 9.094 ABŞ dolları 81 sent kredit borcunun silinməsi və "xxxx" MMC-yə müvafiq məlumatın verilməsi vəzifəsinin cavabdeh "xxxx" BOKT MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" BOKT MMC-dən 22.10.2014-cü il tarixli BAKU2-22711-11192 saylı kredit müqaviləsinə və onun tərkib hissəsi olan 22.10.2014-cü il tarixli BAKU2-22711-11192/1, BAKU2-22711-11192/2 və 05.12.2014-cü il tarixli BAKU2-22711-11192/3 saylı razılaşmalara əsasən ümumilikdə illik 18 %-lə 60 ay müddətinə 39.000 ABŞ dolları məbləğində kredit götürmüşdür və götürülmüş kreditin təminatı olaraq özünə məxsus olan Sumqayıt şəhəri 48-ci məhəllədə istifadədə olan 0,1254 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 65,33 m2 ümumi, 45,33 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı, 17 nömrəli mənzilini girov qoymuşdur. Kreditini ölkədə devalvasiya baş verənədək normal və gecikməsiz ödəmişdir. Devalvasiya baş verdikdən sonra maddi vəziyyəti pisləşdiyi üçün kreditinin ödənişlərində gecikmələr yaranmışdır. "xxxx" BOKT MMC ilə aparılan danışıqların nəticəsi olaraq onun tərəfindən 21 aprel 2017-ci il tarixdə 25.300 ABŞ dolları ödəniləcəyi halda, razılaşmanın şərtləri yerinə yetirilmiş hesab olunacaq və qalıq borcla bağlı cavabdeh tərəfindən ona qarşı heç bir iddia və tələb olmayacaqdı. Bu barədə ona "xxxx" BOKT MMC tərəfindən 21 aprel 2017-ci il tarixli 961 saylı məktub da təqdim olunmuşdur. Razılaşmanın şərtlərinə uyğun olaraq o, həmin məbləği qeyd olunan müddət ərzində "xxxx" BOKT MMC-yə ödəmişdir. Beləliklə, razılığın şərtləri onun tərəfindən tam icra olunsa da, "xxxx" BOKT MMC öz üzərinə düşən öhdəliyi bu günədək icra etməmişdir. Razılıqlarına əsasən o, üzərinə düşən vəzifəni tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu onun adından silməmişdir. Belə ki, 9.094 ABŞ dolları 81 sent kredit borcunun tələb edilməsindən imtina olunsa da, "xxxx" MMC-dən aldığı 03 mart 2022-ci il tarixli SF-5545 saylı çıxarışdan göründüyü kimi, onun adına olan borc ödənilməmiş qalır. Lakin onların razılıqlarına əsasən həmin borc razılaşdıqları kimi silinməli idi. O, cavabdehin barışıq razılaşmasını qismən yerinə yetirdiyinə görə məhkəməyə müraciət etmişdir. Qeyd etdiyi kimi, cavabdeh barışıq razılaşmasında üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu onun hesabından silməmişdir. Hesab edir ki, cavabdehlə aralarında bağlanmış barışıq razılaşması üzrə cavabdeh təşkilatda onun hesabında qalan borcun silinməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı etiraf edərək, bu barədə məhkəməyə ərizə təqdim etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsaslı olduğundan, həmçinin cavabdeh iddianı etiraf etdiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış kredit müqaviləsi və ipoteka müqaviləsindən, kredit müqaviləsinə dair bağlanmış əlavə razılaşmalardan və "xxxx" BOKT MMC-nin 21 aprel 2017-ci il tarixli 961/HO-OUT saylı məktubundan görünür ki, iddia tələbi əsaslıdır. Həmçinin, cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddianı etirafı qəbul edilməli, iddia təmin edilməli, 9.094 ABŞ dolları 81 sent kredit borcunun silinməsi və "xxxx" MMC-yə müvafiq məlumatın verilməsi vəzifəsi "xxxx" BOKT MMC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus 9.094 ABŞ dolları 81 sent kredit borcunun silinməsi və "xxxx" MMCyə müvafiq məlumatın verilməsi vəzifəsi "xxxx" BOKT MMC-nin üzərinə qoyulsun. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2236/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2236/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver