Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2243/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona məxsus bir baş iri buynuzlu camış cinsli heyvanın tələf olması nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 1000 manat pulun, mülki dövriyyə zamanı camışın südündən əldə edəcəyi gəlir (əldən çıxmış fayda) əvəzi olaraq 500 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Xaçmaz rayonunun Xaspoladoba kəndində yaşayır. Fərdi təsərrüfatında xırda və irir buynuzlu heyvanlar saxlayır. xx.xx.2021-ci il tarixdə səhər saat 09:30 radələrində evdə olan zaman iri buynuzlu heyvanın böyürmə səslərinə bayıra çıxdıqda görmüşdür ki, iri buynuzlu camış qırılaraq yerə düşmüş yüksək gərginlikli naqilə ilişərək elektrik vurma nəticəsində tələf olmuşdur. Həmin iri buynuzlu camışın bazar qiyməti 1000 (bir min) manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2021-ci il tarixdə qeyd olunan elektrik naqilləri qırılaraq yerə düşmüşdü, kənd sakinləri və qardaşı dəfələrlə "xxxx" ın X2 daxili nömrəsinə zəng vuraraq qəza baş verməsini və təcili olaraq yerə düşmüş yüksək gərginlikli elektrik naqillərinin yerdən qaldırılmasını xahiş etmişlər ki, bədbəxt hadisə baş verməsinin qarşısı alınsın. Lakin X2 işçilərinin səhlənkarlığı nəticəsində ona məxsus bir baş camış tələf olmuşdur. O, bu barədə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və ibtidai araşdırma aparılaraq 27 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunaraq, mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri X3 iddia ərizəsini qəbul etməyərək İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İƏD-də nümayəndəsinin xx.xx.2023-cü il tarixli 658 saylı arayışından görünür ki, İddiaçı Xaçmaz rayon Xaspoladoba kəndində yaşayır və xx.xx.2021-ci ildə elektrik vurması nəticəsində bir baş iribuynuzlu camış malı tələf olmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı Xaçmaz RPŞ-yə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Xaçmaz rayon Xaspoladoba kənd sakinidir. Hadisə baş verən zaman, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus bir baş iribuynuzlu (camış) yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vurmasından tələf olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən ərazidə olan elektrik xətləri və dirəkləri saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və həmin xəttlər və dirəklərlə bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın həcminə gəldikdə, məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyan 1000 manat həddində təmin olunmalıdır. Belə ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Xaçmaz RPŞ-nin TB-yə ünvanladığı məktubundan görünür ki, 05 yaşlı iribuynuzlu heyvanın (camış) xx.xx.2021-ci il tarix üçün bazar qiyməti ***-**** manat təşkil edir. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh aidiyyatı xəttlərin və dirəklərin istismar qaydalarına riayət olunmasını təmin və buna nəzarət etməmiş, elektrik xəttinin qırılması və cərəyan vurması nəticəsində iri buynuzlu heyvan (camış) tələf olmuş və iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi 1000 manat maddi ziyanın vurulmasına dair hissədə əsaslıdır və iddiaçıya vurulmuş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın mülki dövriyyə zamanı camışın südündən əldə edəcəyi gəlir (əldən çıxmış fayda) əvəzi olaraq 500 manat pulun tutulması tələbinə dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsi ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1000 manat və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1000 manat və ödənilmiş 35 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-2243/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2243/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver