Məhkəmə qərarları › İş №2(006)-2244/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2244/2023

22.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2244/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 250 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-5635/2017 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün 136 manat 60 qəpik məbləğində hal-hazırda uşağın tələbatlarının ödənilməsinə yetmir. Uşaq böyüyür və təbii olaraq da məsrəfləri artır yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minumumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Daha sonra İddiaçı Azərbaycan Respubliksaı Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(004)-5635/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(004)-5635/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının artırılaraq ondan hər ay 250 manat tutularaq İddiaçı ödənilməsinə etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli 2(004)-5635/2017 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 136.6 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmin qətnamə ilə həmçinin tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmiş, qətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin, uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5635/2017 saylı iş üzrə xx.xx.2017-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu, eləcə də dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla 220 manatadək artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini etiraf etmiş və 250 manat miqdarında alimentin tutulmasına etiraz etməmişdir. Azərbaycan Respubliksaı Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5635/2017 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 113.4 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1360.8 manat (113.4x12=1360.8) müəyyən edildiyindən cavabdehdən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin mədaxilinə 33.61 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5635/2017 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddiaçının ödəməkdən azad edildiyi 33.61 (otuz üç manat altmış bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar