Məhkəmə qərarları › İş №2(006)-2245/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2245/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2245/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh “xxxx” ASC-dən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 3900 ABŞ dolları məbləğində borc götürmüşdür. Bundan sonra iddiaçı borcu ödəyə bilmədiyindən cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə müraciət edilmiş və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçıdan 3655,87 ABŞ dolları pulun tutulması qət olunmuşdur. Bundan sonra Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsi icra edilməsi üçün cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən iddiaçının pensiyasına yönəldilmiş tutqu əsasında onun pensiyasından 1823,81 manat pulu tutulmuş, Azərbaycan Respublikası Prezidentinin problemli kreditlərin kompensasiya edilməsindən sonra təqaüdündən tutulan məbləğ dayandırılmış, lakin 2019-cu ilin iyul ayından başlayaraq təqaüdündən tutqunun aparılması qanunsuz olaraq davam etdirilməyə başlamışdır. İddiaçı tərəfindən “xxxx” ASCdən ona Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı ilə hesablanmış 1100,14 manat kompensasiya ödənilməsi üçün müraciər edilsə də, cavabdeh həmin pulu ona ödəməkdən imtina etmiş və bununla da əsasız olaraq özgə vəsaitini saxlamaqla varlanmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsi isə iddiaçının təqaüdündən tutulmanı yenidən başlamaqla Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının ziddinə gedərək qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu baxımdan iddiaçı pozulmuş hüquqularının təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq cavabdeh “xxxx” ASC-dən 1100,14 manat pulun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X4 iddiaya mahiyyəti üzrə baxılmasını tələb edərək iddia tələbini qəbul etməmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-3552/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclu İddiaçı xx.xx.2014-cü il tarixli, 12577nkGNDJ/14 saylı Kredit və Bank hesabı müqaviləsinə əsasən 2682,54 ABŞ dolları əsas, 441,12 ABŞ dolları faiz, 532,21 ABŞ dolları cərimə olmaqla, cəmi 3655,87 ABŞ dollarının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq kreditor “xxxx” KB ASC-yə ödənilməsi əmr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər DSMF-nun Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Kəpəz rayon DSMF-dan 2 qrup əlilliyə görə 177,56 manat pensiya alır. xx.xx.2016-cı ildən pensiyanın aylıq məbləğindən xx.xx.2016-cı il tarixli 2(043)-3552/2016 saylı icra məktubuna əsasən “xxxx”a cəmi 1823,81 manat məbləğində tutulmalar aparılmış və “xxxx”a köçürülmüşdür. İş materiallarında olan kompensasiya hesablanması barədə xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, iddiaçıya cəmi 2684,12 manat məbləğində kompensasiya məbləği müəyyən edilmişdir, ondan 1583,98 manat məbləğində borcların ödənilməsinə yönəldilmişdir. Həmin kompensasiya məbləğinin verilməsinə üç əsas kredit münasibəti çıxış etmişdir. xx xxxxxx 2015-ci il tarixə hesablanan borc 856,46 ABŞ dolları, digər kredit müqavilələri üzrə isə xx xxxxxx 2015-ci il tarixə hesablanan borc 218,14 və 1609,52 ABŞ dolları olmuşdur. Bank tərəfindən hesablanmış 1100,14 manat məbləğində kompensasiya məbləği iddiaçının sərəncamına verilmişdir. xx.xx.2019-cu il tarixə hesablanan 184,04 manat və 129,77 manat ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilmişdir. İş materiallarında olan “xxxx” KB ASC tərəfindən verilmiş İddiaçı bank hesabından çıxarışlarından görünür ki, xx.xx.2013-cü il tarixli 398sGNDJ/13 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli Fərmana əsasən 129,77 manat kompensasiya hesabına xx.xx.2019-cu il tarixdə köçürülmüş və həmin tarixdə kredit müqaviləsinə əsasən vaxtı keçmiş kreditin ödənilməsi üçün balansdan silinmişdir, xx.xx.2014-cü il tarixli 2627tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli Fərmana əsasən 184,04 manat kompensasiya hesabına xx.xx.2019-cu il tarixdə köçürülmüş və həmin tarixdə kredit müqaviləsinə əsasən vaxtı keçmiş kreditin ödənilməsi üçün balansdan silinmişdir, xx.xx.2014-cü il tarixli 12577nkGNDJ/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli Fərmana əsasən 594,55 manat kompensasiyası İddiaçı hesabına xx.xx.2019-cu il tarixdə köçürülmüş və həmin tarixdə kredit müqaviləsinə əsasən vaxtı keçmiş kreditin ödənilməsi üçün balansdan silinmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, kompensasiyanın hesablanması və ödəniş müddəti keçmiş kreditlərə yönləndirilməsi kredit təşkilatları tərəfindən təqdim olunmuş məlumatlar əsasında həyata keçirilmişdir. İddiaçı kredit təşkilatı qarşısında əlavə olaraq hər hansı gecikməsi olan kredit borcları və ya zaminlik öhdəliyi mövcud olduğu hallarda, habelə həmin borcların akseptsiz silinməsinə dair yazılı razılığı olduğu hallarda, hesablanmış kompensasiyanın qanunvericilik çərçivəsində həmin borclara tutulması mümkündür. İş materiallarında olan “xxxx” KB ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankınin Baş Direktoruna, surəti İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı “xxxx” KB ASC-də xx.xx.2014-cü tarixdə illik faiz dərəcəsi 27% olmaqla, 24 ay müddətinə, 3900 ABŞ dolları məbləğində 12577nkGNDJ/14 saylı kredit rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsinin və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri müştəri tərəfindən razılaşdırılaraq imzası ilə təsdiqlənmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəsxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə təbdirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman imzalanmışdır. İmzalanmış kredit və bank hesabı müqaviləsinə əsasən Bank, müştərinin öhdəlikləri üzrə onun bütün hesablarından akseptsiz qaydada pul vəsaitinin silinməsi hüququna malik olduğundan, hesablanmış kompensasiya məbləği cari hesaba köçürülərək vətəndaşın sərəncamına verilmiş, daha sonra isə xx.xx.2019-cu il tarixdə vəsaiti cari gecikmədə olan 12577nkGNDJ/14 saylı kredit müqaviləsinə yönəldilmişdir. Vətəndaşın xx.xx.2019-cu il tarixə ümumi borcu 2573,06 USD təşkil edib. Eyni zamanda xx.xx.2019-cu il tarixdə 12577nkGNDJ/14 saylı kreditin gecikmə günləri 360+ olmasına baxmayaraq banka təqdim olunan restrukturizasiya olunacaq kreditlər siyahısında mövcud deyil. Mövcu kredit borcunun restrukturizasiya edilməsi üçün vətəndaşın məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan “xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli 398sGNDJ/13 saylı və xx.xx.2014-cü il tarixli 2627tkGNDJ/14 saylı kredit müqavilələri üzrə Banka borcu olmadığını, xx.xx.2014-cü il tarixli 12577nkGNDJ/14 saylı kredit müqaviləsinə əsasən Banka əsas borc üzrə 1744,45 ABŞ dolları məbləğində borcu olduğunu göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 3900 ABŞ dolları məbləğində illik 27% olmaqla 24 ay müddətinə kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, nəticədə Banka borc yaranmışdır. Bank tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən iddiaçıya kompensasiyanı iddiaçının hesabına köçürülmüşdür. Kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının öhdəlikləri üzrə onun bütün hesablarından akseptsiz qaydada pul vəsaitinin silinməsi hüququna malik olduğundan, bank iddiaçının hesabına köçürülmüş pul vəsaiti cari gecikmədə olan xx.xx.2019-cu il tarixdə xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqavilələrinə,xx.xx.2019-cu il tarixdə isə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə yönəldilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə ona hesablanmış 1100 manat məbləğində kompensasiyanın ona ödənilməsi barədə iddia tələbini irəli sürmüşdür. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə Bank qarşısında öhdəliklər götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərn xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən probelmli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi ilə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiyası ilə bağlı manatla artmış hissəsi qiymətləndirməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən cavabdeh iddiaçının öhdəlikləri üzrə onun bütün hesablarından akseptsiz qaydada pul vəsaitinin silinməsi hüququna malik olduğundan, bank iddiaçıya hesablanmış kompensasiya məbləği ödəniş müddəti keçmiş 3 kredit müqaviləsi üzrə borcların ödənilməsinə yönəldilmişdir. Hal-hazırda iddiaçının 125577nkGNDJ/174 saylı kredit müqaviləsi üzrə 1744,45 ABŞ dolları ödənilməmiş borcu qalmış digər iki kredit müqaviləsi üzər bərcu qalmamışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar.ı qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «pul» tələbinə tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar