Məhkəmə qərarları › İş №2(006)-2261/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2261/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2261/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun,faizlərin tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun,faizlərin tutulması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli, 921/SM-21 saylı kredit və eyni tarixli girov müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 24 ay müddətinə ödəmək şərtilə 35910 AZN məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozmuş, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də öhdəliyi yerinə yetirməmişdir.Nəticədə borclunun "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 7339,28 AZN məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh əsas borc 7313,69 AZN, faiz borcu 25,59 AZN, ümumilikdə 7339,28 AZN məbləğində borcun və ödənilmiş 94 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək, bildirmişdir ki, bu günədək yalnız hesablanan faizləri ödəmişdir. Hərracın keçirilməsi ilə bağlı ona məlumat verilməmiş, girov qoyulmuş qızıl-zinyət əşyaları dəyərindən aşağı qiymətə satılmışdır. Hazırda bank hərracdan əldə edilmiş pulun borcun ödənilməsinə kifayət etmədiyi və onun "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə 7339,28 AZN məbləğində borcu olduğunu iddia edir. Lakin o, iddia tələbini qəbul etmədiyini və rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-cu il tarixli, 921/SM-21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 42%-lə 35910 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

7. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-cu il tarixli, 35274 saylı girov müqaviləsinə əsasən Cavabdeh məxsus olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Girov predmetinin ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti tərəflər arasında 19474.00 AZN (on doqquz min dörd yüz yetmiş dörd manat, sıfır qəpik) məbləğində qiymətləndirilməsi razılaşdırılmışdır. Bu müqavilə əsasında girov qoyulan qızıl-zinət əşyaları 07 oktyabr 2021-cu il tarixli, 921/SM-21 saylı kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh verdiyi 35910.00 AZN məbləğində kreditin xx.xx.2023-cü il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır.

8. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 07 oktyabr 2021-cu il tarixli, 921/SM-21 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 7313,69 AZN əsas borc, 25,59 AZN faiz borcu olmaqla, ümumilikdə 7339,28 AZN məbləğində borcu vardır.

9. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə debet üzrə 79624,20 AZN borcu vardır.

10. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində 648357 saylı qaimə ilə ünvan 1 ünvanında yaşayan X2 məktubun göndərilməsi sifariş edilmişdir. Cavabdeh qeyd edilən ünvanda aşkar edilməmiş və göstərilən telefon nömrəsi ilə əlaqə saxlanılmış, lakin Cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir.

11. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin 11 fevral 2022ci il tarixli hərrac Şurasının Protokolundan görünür ki, Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə girov qoyduğu qızıl-zinət əşyalarının X3 31277,50 AZN satılması Hərrac Şurası tərəfindən qərara alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-cu il tarixli, 921/SM-21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 35910 AZN məbləğində kredit limiti ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi Bank və girov qoyan Cavabdeh arasında 07 oktyabr 2021-cu il tarixli girov müqaviləsi bağlanılmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Tərəflər arasında bağlanmış girov müqaviləsinin 2.4-cü bəndinə əsasən girov predmeti satılmış, satışdan əldə edilmiş 31277,50 AZN məbləğində pul vəsaiti "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə olan borcun ödənilməsinə yönəldilmişdir, lakin borcun tam olaraq ödənilməsinə kifayət etməmişdir. Hazırda iddiaçının 03 mart 2022-ci il tarixinə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 7313,69 AZN əsas borc, 25,59 AZN faiz borcu, ümumilikdə 7339,28 AZN məbləğində borcu qalmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, kredit borcunun,faizlərin tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) kredit borcunun,faizlərin tutulmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit borcunun,faizlərin tutulması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı kredit borcunun,faizlərin tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində kredit borcunun,faizlərin tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. İş materiallarından göründüyü kimi tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün hüquqi əsas olan kredit müqaviləsi bağlanmışdır. Kreditor tərəf öhdəliyini yerinə yetirmiş, borclu tərəf isə öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 422-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Bundan əlavə, məhkəmə cavabdehin etirazına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən hərracın onun iştirakı olmadan keçirilməsi və girov qoyulmuş qızıl-zinyət əşyaların satılmasında qanuna zidd hərəkətlər aşkar edilməmişdir.

22. Belə ki, hərracın keçirilməsi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş, lakin bildirişlər qəbul etməkdən imtina olunması səbəbi ilə geri qaytarılmışdır. Bu halın özü isə qanunvericiliyə uyğun olaraq rəsmi qaydada xəbərdarlıq edilmiş hesab edilir.

23. Məhkəmə həmçinin etirazın ikinci hissəsi olan girov predmetinin aşağı qiymətə satılması ilə bağlı qeyd edir ki, girov predmetlərinin bazar qiyməti tərəflər arasında müqavilə azadlığı prinsipi nəzərə alınmaqla əvvələcədən razılaşdırılmış , hətta hərracda isə razılaşdırılmış qiymətdən daha yuxarı qiymətə satılmışdır ki, buda cavabdehin hüquqlarının pozulması demək deyildir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

25. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

26. Həmçinin tərəflər arasında bağlanmış 07 oktyabr 2021-cu il tarixli, 35274 saylı girov müqaviləsinin 2.4-cü bəndinə əsasən “borc alan” kredit müqaviləsi üzrə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qarşısında öz öhdəliklərini yerinə yetirməkdə girov qoyulmuş əmlak bütövlükdə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin balansına keçir, müştərinin iştirakı və razılığı olmadan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMCnin razılığı əsasında topdan və pərakəndə şəkildə satıla bilər, satışdan əldə edilmiş vəsait "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin hesabına mədaxil olunur və həmin vəsait kreditin, ona hesablanan faizlərin və gecikdirilmiş günlərin sayına görə hesablanmış dəbbə borclarından artıq olduqda həmin məbləğ borc alana qaytarılır. “Girov mqoyan”ın iştirakı və razılığı olmadan girov predmetinin satılması və yaxud balansa keçirilməsi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən təmin olunur.

27. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7313,69 AZN (yeddi min üç yüz on üç manat, altmış doqquz qəpik) əsas borc, 25,59 AZN (iyirmi beş manat, əlli doqquz qəpik) faiz borcu, ümumilikdə 7339,28 AZN (yeddi min üç yüz otuz doqquz manat, iyirmi səkkiz qəpik) məbləğində borc və ödənilmiş 94 AZN (doxsan dörd manat) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir.

28. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cəmi 94 (doxsan dörd) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 7313,69 AZN (yeddi min üç yüz on üç manat, altmış doqquz qəpik) əsas borc, 25,59 AZN (iyirmi beş manat, əlli doqquz qəpik) faiz borcu, ümumilikdə 7339,28 AZN (yeddi min üç yüz otuz doqquz manat, iyirmi səkkiz qəpik) məbləğində borc və ödənilmiş 94 AZN (doxsan dörd manat) dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar