Məhkəmə qərarları › İş №2(006)-2263/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2263/2022

06.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2263/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı el-adət ənənəsi ilə Cavabdeh ilə ailə qurmuşlar və 26.03.2019-cu il tarixində X4 adlı övladları dünyaya gəlmişdi. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4498/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsi ilə hər ay cəmi 170 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda ölkədə gedən inflasiya prosesləri bütün ərzaq mallarının və ümumən bütün istehlak olunan malların bahalaşması ilə nəticələnib və övladı X1 üçün ödənilən 170 manat sabit pul məbləğində alimentin artırılmasına ehtiyacı var və bu məbləğin 250 manata artırılmasını istəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4498/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsinin qəbulundan xeyli müddət keçib və bu müddət ərzində bütün dünyada gedən bahalaşma prosesi bütün istehlak mallarının qiymətinin artması ilə müşahidə edilir. Bu isə onu çox ağır maddi problemlərlə üz-üzə qoyur. 06.11.2021-ci il tarixində AR MPM-nin tələblərinə uyğun olaraq alimentin miqdarının artırılması xahişi ilə rəsmi qaydada poçt vasitəsi ilə Cavabdeh təklif göndərilmiş, lakin cavabdeh tərəfdən heç bir cavab verilmədiyindən 17.02.2022-ci il tarixində mediasiya üçün mediasiya şurasına ərizə ilə müraciət etmiş və 11.03.2022-ci il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış almışdır. Göstərilənlərə əsasən, Cavabdeh 26.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası İddiaçı ödənilən Nəsimi Rayon Məhkəməsinin 2(006)-4498/2020 saylı, 05.10.2020ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının 170 manatdan 250 manata artırılması, ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir.

5. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçı özü də işləyir, lakin onlar yenə də iddia ilə razılaşırlar və etirazları yoxdur. 6.Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4498/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 26 mart 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat, habelə X5 3 yaşına çatanadək Cavabdeh hər ay 50 (əlli) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment 25 avqust 2020-ci il tarixdən hesablanmaqla tutularaq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. 8.İş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 20.04.2019-cu il tarixində verilmiş AZ-İV № 269628 seriya nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 26 mart 2019-cu il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

9. İş materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 noyabr 2021-ci il tarixində verilmiş AZ-İ № 398854 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Cavabdeh və İddiaçı nikahı Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 01 mart 2021-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 06-cı ayının 08-ci günündə 155 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Balabəyov, qadına Parlanzadə soyadı verilmişdir. 10.Həmçinin, işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11.03.2022-ci il tarixli, MHB/6-896 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin nikahları pozulduqdan sonra onların birgə nikahdan olan övladı X1 üçün məhkəmə tərəfindən Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmuş, hazırda həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və aylıq 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 13.Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 14.Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. 15.Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

16. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 19.Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 20.Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 21.Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 22.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. 23.Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, cavabdehin razı olduğunu, uşağın mənafeini və onun saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və alimentin məbləği dəyişdirilərək, 250 manat məbləğində müəyyən edilməlidir. 24.«Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

25. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş 26.03.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

26. Bundan əlavə, məhkəmə iddia tələbinin cavabdehdən mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, cavabdeh xərclərin ondan tutulmasına razı olduğundan həmin hissədə də tələb təmin edilməlidir.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir.

28. Eyni Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

29. Həmin Məcəllənin 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

30. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 31.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 34.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. 26 mart 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 05 oktaybr 2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, 250 (iki yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay sabit pul məbləğində tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya dair xərc alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar