Məhkəmə qərarları › İş №2(006)-2295/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2295/2022

10.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2295/2022 10.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Yusı̇ f oğlunun iştirakı ilə İddiaçı Yusı̇ f oğlunun cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızına qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Yusı̇ f oğlu cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızına qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 62 saylı evin 38,27 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 24 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir və həmin ünvanda qeydiyyatdadır. Uzun müddətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti 62 saylı evin 7-ci mərtəbədə yerləşən 28 saylı mənzilin hazırkı iş üzrə cavabdeh olan sahibi Cavabdeh tərəfindən onun evinə mütəmadi olaraq su axıdılmaqdadır. Cavabdeh bu barədə dəfələrlə məlumat verərək su axıdılmasına son qoymasını tələb etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Beləliklə, cavabdeh tərəfindən su axıdılması nəticəsində ona məxsus mənzilə xeyli maddi zərər dəymişdir. Suyun axıdılması nəticəsində mənzilin dəhlizinin, mətbəxinin, otağının divarının və tavanının suvağında və rəngində çatlar əmələ gələrək müəyyən yerlərdən tökülmüş, mətbəxin və dəhlizin döşəməsi, eyni zamanda elektrik naqilləri sıradan çıxmışdır. Cavabdeh tərəfindən mənzilindən bir neçə dəfə su axıdılması hallarının qarşısı alınsa da, mütəmadi olaraq sızan suyun qarşısı alınmır. Hətta cavabdehin mənzilindən suyun daimi olaraq haradan sızmasını müəyyən etmək üçün cavabdehin razılığı ilə onun tərəfindən onun mənzilinə usta dəvət edilmiş və suyun kanalizasiya trap sistemindən sızdığı müəyyən edilmişdir. Lakin Cavabdeh qızna ona məxsus mənzilə suyun mütəmadi olaraq onun mənzilindəki trapdan sızmasının məlum almasına baxmayaraq o, trapda təmiş işləri aparmayacağını və bundan ötrü döşəmənin etajlarını sökməyəcəyini bildirmişdir. Su axıdılması səbəbindən elektrik naqillərinin sıradan çıxması nəticəsində dəfələrlə qısa qapanmalar baş verdiyindən mənzilin elektrik enerjisi ilə təminində problemlər yaranmışdır. Bir neçə dəfə şəxsi vəsaiti hesabına evə dəvət etdiyi elektrik ustası naqilləri bərpa etsə də, sonuncu dəfə təmir işləri görən elektrik ustası elektrik naqillərinin tamamilə sıradan çıxdığını və su axıdılması ilə əlaqədar bir daha qısa qapanma olacağı təqdirdə bütün binanın elektrik xətlərinə zərər dəyəcəyini, hətta yanğın təhlükəsinin mövcud olduğunu bildirmişdir. Suyun axıdılmasının qarşısının alınması barədə cavabdehə etdiyi sonuncu müraciətinə cavab olaraq isə cavabdeh “hara istəyirsən şikayət elə” deyə cavab vermişdir. Müraciətləri nəticə vermədiyindən məcburiyyət qarşısında şikayət ərizəsi ilə Nəsimi RPİ-nin 19-cu PB-nə müraciət edərək ona məxsus mənzildən üst mərtəbədə yaşayan Cavabdeh tərəfindən mütəmadi olaraq su axıdılmasının qarşısının alınmasını və bunun nəticəsində vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmiş, mənzilə baxış keçirilmi, akt tərtib olunması xahiş edilmiş, eyni zamanda ona müvafiq qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bununla yanaşı 23 saylı MKİS-nə müraciəti əsasında həmin MKİS-nin rəisi Y.Əliquliyev, mühəndisi Ə.Qasımov və texniki Ə.Quliyev tərəfindən mənzilə baxış keçirilmiş və bununla bağlı 10 fevral 2022-ci il tarixli akt tərtib edilərək imzalanmışdır. Baxış zamanı aşkar olunmuşdur ki, həmin binada Cavabdeh məxsus 28 saylı mənzildən ona məxsus mənzilə mütəmadi olaraq su axıdılmışdır. Cavabdeh etiraf etmişdir ki, 2-3 ay bundan əvvəl mənzildə borunun sıradan çıxması nəticəsində mənzildən su axıdılması halı olmuşdur. Hal-hazırda şikayətçinin mənzilinə su axması davam edir. Mənzilin dəhlizinin, mətbəxinin və otağının divar, döşəmə və tavanında suyun izləri qalmışdır. Mətbəxdə elektrik naqilləri sıradan çıxmışdır. Evin təmiri üçün dəvət etdiyi usta ilə birlikdə apardığı hesablamalar zamanı məlum olmuşdur ki, Cavabdeh məxsus 28 saylı mənzildən ona məxsus 24 saylı mənzilə su axıdılması nəticəsində mənzilə dəymiş zərərin məbləği 2700 manat təşkil edir. Göstərilənlərə əsasən, cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızından İddiaçı Yusı̇ f oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon, Moskva prospekti, 62 saylı evin, 24 saylı mənzilinə vurulmuş maddi ziyana görə 2700 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 47 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi və həmin mənzilə suyun axıdılmasının qarşısının alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı Yusı̇ f oğlu iddianı müdafiə etmiş və iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun mənzilindən iddiaçının mənzilinə sadəcə bir dəfə su axıdılmışdır. Bununla bağlı olaraq ona məlumat verildikdə, o, usta ilə iddiaçının evinə baxış keçirmişlər. Usta ümumilikdə 50 manat məbləğində ziyan vurulduğunu bildirmişdir. İddiaçının əri ilə telefonla danışıb usta vasitəsi ilə evi təmir etdirəyəcəini bildirdikdə, həmin ustanı bəyənmədiklərini və özləri secdikləri usta vasitəsi ilə təmir etdirməsini tələb etmişlər. O isə buna onun imkanı olmadığını bildirmişdir. Bundan sonra həmin şəxslərlə hər hansı münasibəti olmamışdır. İddiaçının tavanda sarı ləkələr və elektrik naqillərinin işləməməsi ilə bağlı dedikləri isə həmin su sızma nəticəsində deyil iddiaçının özününün müdaxiləsi ilə yaranmışdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə İddiaçı Yusı̇ f oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, ÖM seriyalı, 161699 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 62, mənzil 24 İddiaçı Yusı̇ f oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında qeydiyyat aparılmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 62, mənzil 28 tam mülkiyyət hüququ üzrə Rzayeva Zenfı̇ ra Saleh qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır.

10. İş materiallarında olan 23 saylı MKİS-nin rəisi Y.Əliquliyev, mühəndis Ə.Qasımov, n/texnik Ə.Quliyeva tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 62 saylı evin, 24 saylı mənzilində yaşayan İddiaçı Yusı̇ f oğlunun müraciəti əsasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 28 saylı mənzilindən 24 saylı mənzilə mütamadi olaraq su axıdılmışdır. Rzayeva Zenfı̇ ra Saleh qızı etiraf etmiş ki, 2-3 ay bundan əvvəl mənzildə borunun sıradan çıxması nəticəsində mənzildən su axıdılması halı olmuşdur. Su axıntısı nəticəsində 24 saylı mənzilin dəhlizinin, mətbəxinin və otağın divar, döşəmə və tavanında suyun izləri qalmışdır. Mətbəxdə elektrik naqilləri sıradan çıxmışdır. Hal-hazırda şikayətçinin mənzilinə su axması davam edir.

11. İş materiallarındakı Bakı şəhər İH Nəsimi rayon MKTB-nin 23 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 111 №-li, xx.xx.2022-ci il tarixli arayışa əsasən cavabdeh İddiaçı Yusı̇ f oğlu Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 62, mənzil 24-də qeydiyyatdadır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3284 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 24 saylı mənzilin dəhliz və yaşayış otağı tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq sözügedən mənzilə su axıldığı müəyyən olunmuşdur. Lakin 24 saylı mənzilin üst mərtəbəsində yerləşən 28 saylı mənzilin sanitar qovşağının təmirli və su kanalizasiya xəttlərinin gizli şəkildə olduğundan su sızmanın səbəbini və əlaqəli olmasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 62 saylı evin, 24 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərin uyğun dəyəri təqribən 766 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri: 100 manat.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Yusı̇ f oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üst mərtəbədə yaşayan qonşusu Rzayeva Zenfı̇ ra Saleh qızına məxsus mənzildən mütəmadi olaraq onun yaşadığı mənzilə su sızdığını, bunun nəticəsində ona xeyli miqdarda maddi ziyanın dəydiyini, mənzilinin yararsız hala düşdüyünü bildirmişdir. Qeyd edilən halların və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-2295/2022 saylı qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, ekspert rəyinə əsasən 24 saylı mənzilə 28 saylı mənzildən su sızmasının baş verdiyi, vurulmuş zərərin aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 766 manat məbləğində olması müəyyən edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

19. Bundan əlavə, «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.

20. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

21. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

22. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

24. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

25. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə ekspert rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 766 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin məhz 2700 manat miqdarında olmasını təsdiq edən heç bir əlavə mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.

26. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

27. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

28. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

29. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

30. Bundan əlavə, məhkəmə iddianın “Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 62 saylı evin, 28 saylı mənzilinə axıdılan suyun axıdılmasının qarşısının alınması vəzifəsinin cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızının üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3284 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 62 saylı evin, 28 saylı mənzilindən su sızmasının baş verməsi müəyyən edildiyindən, həmçinin iddiaçının məhkəmə iclası zamanı vermiş olduğu izahatına əsasən hələdə az-azda olsa suyun sızılması mövcud olduğundan məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin olunmalıdır.

32. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, mənzilə su sızması nəticəsində dəymiş maddi ziyan olaraq 766 manat cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızından tutularaq İddiaçı Yusı̇ f oğluna ödənilməli, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 62 saylı evin, 28 saylı mənzilindən iddiaçıya məxsus olan əlaqəli mənzilə suyun axıdılmasının qarşısının alınması vəzifəsi cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızının üzərinə qoyulmalıdır.

33. Həmçinin Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (30 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

35. Bundan əlavə, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızından vurulmuş maddi zərərə görə 766 (yeddi yüz altmış altı) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Yusı̇ f oğluna ödənilsin. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 62 saylı evin, 28 saylı mənzilindən iddiaçıya məxsus olan əlaqəli mənzilə suyun axıdılmasının qarşısının alınması vəzifəsi cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Rzayeva Zenfı̇ ra Saleh qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar