Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-230/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsinin ləğv edilməsi, borcun ödənilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun ödənilmiş hesab edilməsi» hissəsində mülki işin icraatına tələbə iflas proseduru çərçivəsində baxılmalı olduğundan xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən: "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13.06.2017-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. İddiaçının tələbi yalnız «Banklar haqqında» Qanunun 77-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada irəli sürülə və iflas proseduru çərçivəsində ödənilə bilər, bu tələblərin qeydə alınması və qəbul edilməsi ilə bağlı etirazlar olduqda isə həmin müraciətə iflas haqqında qərarı qəbul etmiş məhkəmə tərəfindən baxılması mümkündür. Həmçinin Müflisləşmə və iflas haqqında qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh ASC ləğv edildiyindən, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun ödənilmiş hesab edilməsi» hissəsində icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun ödənilmiş hesab edilməsi» hissəsində icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-230/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-230/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver