Məhkəmə qərarları › İş №2(006)-2300/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2300/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2300/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının oğlunun cavabdehlər ləğv prosesində olan "xxxx" ASC-yə və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli, 840 saylı kredit müqaviləsi üzrə 4.550,94 ABŞ dolları məbləğində borc məbləğinin adından silinməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2015-ci il tarixində iddiaçı ‘‘RoyalBank” ASCnin ləğvedicisi “X2 Company” MMC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 840 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə İddiaçı Cavabdeh ASC-nin xeyrinə 4009,74 ABŞ dolları əsas borc, 4153,26 ABŞ dolları faiz borcu, 3608 ABŞ dolları dəbbə pulu, cəmi 11771 ABŞ dolları borcu Azərbaycan manatına ekvivalenti nisbətində, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-215/2015 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC-nin ləğvedicisi “X2 Company” MMC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamə artıq qanuni qüvvəsini almışdır. Bundan sonra, Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2024-cü il tarixli, 12-5/2-Q-21-3395/2024 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, “RoyalBank" ASC ilə aranızda bağlanmış xx.xx.2010-cu il tarixli (00) **********00840 saylı kredit müqaviləsinə əsasən Sizə 18 (on səkkiz) ay müddətinə qaytarılmaq şərti ilə, illik 30 (otuz) faiz dərəcəsi ilə 5.250,00 (beş min iki yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri tərəfinizdən pozulmuş, kredit ödənişləri qrafıkə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəzərinizə çatdırırıq ki, 11 Oktyabr 2024-cü il tarixinə LPO Banka 2.004,87 ABŞ dolları məbləğində əsas borc, 183,74 ABŞ dolları məbləğində faiz borcu, 2.362,33 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə isə 4.550,94 ABŞ dolları məbləğində borcunuz qalmışdır. O, da öz növbəsində ərizə ilə Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməli olmuşdur. Ərizəsində qeyd etmişdir ki, X1raq bir çox məsələlərdən xəbərdar deyildir. Belə ki, iddiaçı "Royal Bank ” ASC-nin ləğv edicisi "Azerbaijan international Consulting Company” MMC sözügedən tələblə Nəsimi Rayon Məhkəməsinə artıq müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-215/2015 saylı qətnaməsinə əsasən iddiaçı "Royal Bank” ASC-nin ləğv edicisi "Azerbaijan international Consulting Company” MMC-nin cavabdeh İddiaçı qarşı "kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamədən "Royal Bank” ASC-nin ləğv edicisi "Azerbaijan international Consulting Company” MMC tərəfindən apellyasiya şikayəti verilmədiyindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-215/2015 saylı qətnaməsi artıq qüvvəsini almışdır. Bu o deməkdir ki, artıq sözügedən məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Bu səbəbdən, tərəfinizdən xəbərdarlıq məktubunda qeyd etdiyiniz pul tələbinin məndən istənilməsi əsassızdır. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, xahiş edirəm 4.550,94 ABŞ dolları məbləğində borc məbləğini adımdan siləsiniz. Əksi təqdirdə 4.550,94 ABŞ dolları məbləğində borc məbləği adından silinmədiyi halda məhkəməyə müraciət edəckdir. Sonradan ləğv prosesində olan "xxxx" ASC cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi iddiaçının banka 1470 manat borcunun mövcud olduğunu qeyd etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-215/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ASCnin ləğvedicisi “X2 Company” MMC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə həmçinin göstərilmişdir ki, ekspert rəyi ilə müəyyən edilmişdir mübahisələndirilən kredit müqaviləsindəki imza cavabdeh İddiaçı tərəfindən deyil başqa şəxs tərəfindən icra edilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlıqda sonuncunun banka 4550.94 ABŞ dolları məbləğində borcunun olması barədə məlumat verilmişdir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, qəbul olunmuş məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hazırki halda məhkəmənin qənaətinə görə, iddiaçının ləğv prosesində olan "xxxx" ASC-nin qarşısında heç bir öhdəliyinin olmaması barədə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğundan, kredit reyestrində onun adında qalmış borc silinməlidir. Prosessual qanunvericiliyin tələblərinə görə də yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Belə olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçının adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. İddiaçının ləğv prosesində olan "xxxx" ASC qarşısında hər hansı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçının ləğv prosesində olan "xxxx" ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçının ləğv prosesində olan "xxxx" ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin üzərinə qoyulsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar